ABŞ prezidenti Co Baydenin naqolay davranışı, şəxs və ölkə adalarını səhv salması, hətta ölkənin Birinci xanımının adını belə unutmasını əks etdirən videoları sosial şəbəkələrdə onu gülüş hədəfinə çevirib. Eyni zamanda, yaşlı dövlət başçısında qoca kəmağıllığı, Alzheimer xəstəliyi olması barədə rəylər dolaşır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla Baydendə yaşına uyğun müəyyən fizioloji dəyişikliklər və bunun tam təbii qarşılanmalı olduğunu deyib:
“Ümumiyyətlə, yaş artdıqca arterial damarlarda daralmalar baş verir. Damarlarda ateromalar əmələ gəlir ki, bu zaman daxili orqanların, o cümlədən beyinin qan dövranı zəifləyir. Beyində qan dövranı pozulduqca, təbii ki, neyronların fəaliyyət imkanları aşağı düşür. Bundan başqa, bir sıra xəstəliklər var — Alzheimer, demensiya neyronları tədricən sıradan çıxır. Bu da insanların davranışlarında özünü göstərir”.
A. Qeybulla bildirib ki, Co Baydenin bu sayaq davranışı ictimai-siyasi təhlükə törətmir:
«ABŞ prezidenti təkbaşına qərar vermir. Onun müşavirləri, məsləhətçi qrupları var. Odur ki, Amerika prezidentinin səhhətində olan bu problemlər ABŞ-ın milli təhlükəsizliyi üçün problem yaratmır.
Baydenin özü kifayət qədər savadlı, dünyagörüşlü adamdır. O, Amerikanın təhlühəsizliyi baxımından ən düzgün və ən qərarlı addım atan şəxs kimi tarixə düşəcək.
ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan SSR-nin dağılmasında iştirak edən Amerika prezidenti idi. Onda da sonradan Alzheimer, demensiya xəstəliyi oldu. Düşünürəm ki, Bayden də hazırda çox ciddi bir fəaliyyətlə məşğuldur və Rusiya təcavüzünə dair düzgün qərar verən şəxsdir».