“Belçikada ayrıseçkiliyə məruz qaldım. Bu, davamlı olmadı, amma mən “murdar türk” sözünü belə eşitdim”.
Bunu müğənni Hadisə Beynəlxalq Qız Uşaqları Günü ilə bağlı keçirilən “Qızlar dünyanı dəyişir” adlı konfransda deyib.
Tədbirdə Belçikaəsilli məşhur müğənni xaricdə yaşayarkən irqçi ayrıseçkiliyə məruz qaldığını etiraf edib:
“Belçikada məruz qaldığım rasizmi (irqi ayrıseçkilik) xeyrimə istifadə elədim. Bu təsirlərdən özümü daha yaxşı olmağa məcbur hiss elədim. Çünki mənə olan hücumlardan güclənirəm”.
Gənc müğənni təkcə irqi deyil, həmçinin qadınlara göstərilən ayrıseçkiliklərdən də danışıb: “Biz qadınlar kliplərdə sevgi səhnəsi çəkəndə inanılmaz reaksiya gəlir. Lakin kişi sənətçilərdə bu reaksiyaları çox görmürəm. Bu yaxınlarda bir kişi müğənninin klipini izlədim. Klipdə bəzi eşq səhnələri vardı, amma həmin müğənni ilə bağlı əks fikirlər görmədim”.
UNİCEF Türkiyənin uşaq haqlarının müdafiəçisi olan Hadisə gənc yaşlarından işlədiyini bildirib: “15 yaşımda həm oxumuşam, həm də çörək sexində işləmişəm. Ona görə də bu həyatda arzularının arxasınca qaçmağın nə olduğunu çox yaxşı bilirəm.
Ailədə 4 uşaq olmuşuq. 11 yaşım olanda anam atamdan ayrıldı. Anamın da pulu yox idi, amma ayrılmaq qərarında qəti idi. Mən onda anamın nə qədər güclü qadın olduğunu anladım. O həmişə bizə deyirdi ki, öz ayaqlarınızın üzərində qalmağı bacarın”.
Qafqazinfo