“35 ildir Anardan bərk yapışmışıq” — Baba Vəziroğlu

“35 ildir Anardan bərk yapışmışıq” — Baba Vəziroğlu
Tarix : Oxunma : Yorum Yaz

“Söhbət Anarın böyük yazıçı olmasından getmir, Yazıçılar Birliyinin sədri olmaq üçün təkcə böyük yazıçı olmaq kifayət deyil…”

Bu sözləri Yenisabah.az-a Əməkdar mədəniyyət xadimi, şair Baba Vəziroğlu deyib.

Anarın Yazıçılar Birliyinin sədri seçilməsi ilə bağlı etirazlara münasibət bildirən şair seçkinin tam demokratik keçirildiyini bildirib:

“Sözsüz ki, Anar böyük yazıçıdır, bu aksiomdur, isbata ehtiyacı yoxdur. Yazıçılar Birliyinin sədri böyük yazıçı olmaqla bərabər yaxşı təşkilatçı, aqil və müdrik insan olmalıdır, böyük bir yazar ordusuna rəhbərlik etməyi, qanı qanla yox, su ilə yumağı bacarmalıdır. Bu sədr ən çətin, sülhə yatımlı olmayan bir ordunun sərkərdəsidir. Ona görə mən də daxil olmaqla biz yazıçılar Anardan belə bərk yapışmışıq. Çünki biz bu 35 ildə onda sadaladığım bütün xüsusiyyətləri gördük, təqdir etdik. Mən uzun müddət Yazıçılar İttifaqında işləmişəm, orada olan regionçuluğu, intriqaları, bir-birinin ayağından çəkmə prinsiplərini görmüşəm. Bunlar hamısı mənim gözümün qabağında olub. 35 ildə biz Anarı hər prizmadan görmüşük, tanımışıq, axırda da belə qərara gəldik ki, ondan yaxşı namizəd yoxdur. Bəziləri yazır ki, o təyin olunub. Bura seçkili orqandır, necə təyin oluna bilər?! Əgər mən orada əlimi qaldırıb Anara səs vermirəmsə, istəyir onu BMT-nin baş katibi tapşırsın, xeyri yoxdur”.

O, Anara etiraz edən, lakin namizədliyini irəli sürməyən gənclərə də səslənib:

“Orada etiraz etməyə gücünüz çatmırsa, heç olmasa, səsinizi çıxarmayın. Axı hamınız yekdilliklə Anar müəllimə səs verirsiniz, seçirsiniz. Orada cəmi iki nəfər bitərəf qaldı, 430 nümayəndədən 428-i Anarı seçdi, bundan demokratik, azad seçki necə ola bilər? Anarın heç müdafiəyə ehtiyacı da yoxdur, mən həqiqəti deyirəm. Bu kor kor, gör gördür. Hamının gözü qabağında qurultay keçirildi. Orada oturanlar da elə belə adamlar deyildi, yazıçılar, xalq şairləri, millət vəkilləri idi. Hamısı da Anarın 35 illik fəaliyyətinə nəzər saldılar və gördülər ki, onun alternativi yoxdur. Çıxıb bir nəfər deyərdi ki, mən də namizədliyimi verirəm, niyə demədilər?! Bəlkə də biabır olmamaq üçün heç kəs namizədliyini vermədi, çünki Anarın namizədliyi fonunda kiminsə namizədliyinin müzakirə olunması çox gülünc olardı, səs toplamazdı”.

B.Vəziroğlu Anarın 35 illik fəaliyyəti dövründə ittifaqda demokratik mühit yaratdığını qeyd edib:

“Mən Yazıçılar Birliyində bir çox sədrlə birgə işləmişəm. Məsələn, İmran Qasımov o qədər də böyük yazıçı deyildi, amma elə böyük təşkilatçı idi, xalq və iqtidar yanında o qədər böyük nüfuza malik idi ki, mənim gözümdə ittifaqın ən gözəl sədri o idi. Cavanlara dəstək, onların çap olunması hamısı İmran Qasımovun adı ilə bağlı idi. Ramiz Rövşən başda olmaqla biz cavanların ədəbiyyata gəlməyi məhz onunla bağlı idi. Sonra Anarın gəlməyi də cavanların inqilabı sayəsində mümkün oldu. Çünki biz artıq yorulmuşduq. Bax, rəhbər seçmək elə olar, necə ki, biz 35 il bundan əvvəl Anarı seçmişdik. Və ümidlərimiz doğruldu. Həmçinin demokratik mühit də yaratdı, bunu qurultayda da gördük, kim nə istəyirdi danışırdı. Hətta qurultayda yerdən danışanlar da olurdu, halbuki bu qurultay etikasına sığmır. Yerdən danışırdılar, etiraz edirdilər, Anar müəllim də deyirdi ki, gəlin, sözünüzü burdan deyin, burda demək istəmirsinizsə, birinci gün gəlin mənə deyin, görək istəyiniz nədir. Mənə elə gəlir ki, çox demokratik qurultay oldu. Mən birinci sırada oturmuşdum, bütün zala nəzər sala bilirdim”.

İlk yorumu siz yazın