Yenilik.Az
ww.Aydinliq.Az » Təhsil » Kəsiri olan tələbələrə təqaüd verilməyəcək? - RƏSMİ AÇIQLAMA

Kəsiri olan tələbələrə təqaüd verilməyəcək? - RƏSMİ AÇIQLAMA

Kəsiri olan tələbələrə təqaüd verilməyəcək? - RƏSMİ AÇIQLAMA
2020-03-13 , 13:52

Təhsil Nazirliyi son günlər kəsiri olan tələbələrə təqaüd verilməyəcəyi ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.


APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Elm Sektorunun müdiri Əfqan Abdullayev bildirib ki, tələbə təqaüdləri ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur:

“Nazirlər Kabinetinin 4 mart 2020-ci il 78 saylı qərarında göstərilir ki, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də, üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir.

Bu, o deməkdir ki, tələbə semestr ərzində dərsə gəlmirsə, cari qiymətləndirməni almır və imtahana buraxılmır, kəsiri yaranır.

Aralıq qiymətləndirmə olmur, deməli, imtahanla cari qiymətləndirmə bir yerdə alınmır və üzrsüz səbəbdən imtahanda iştirak etmir. Əgər bu tələbənin heç bir göstəricisi yoxdursa, deməli, onun akademik borcu yaranır.

Akademik borcu yaranan tələbə isə növbəti semestrdə təqaüd almaq hüququnu itirir və o, təqaüd alan tələbələrin siyahısına daxil edilmir. Ötən ilin mart ayından Prezidentin sərəncamı ilə ödənişli yerlərin sayı artırılıb. Həmçinin, təqaüd alan tələbələrin sayı 20 faiz artırılıb. Ancaq son zamanlar yayılan məlumatlara görə, guya tələbələr təqaüddən məhrum edilir”.

Ə.Abdullayev qeyd edib ki, tələbələr təqaüddən məhrum edilmir, təqaüd alan tələbələrin sayı olduğu kimi qalır:

“Sadəcə olaraq göstərilən səbəblərdən kəsirləri yaranan tələbələr təqaüd alan tələbələr siyahısına daxil edilmirlər. Əgər növbəti semestrlərdə onların heç bir akademik borcu olmasa, şübhəsiz ki, həmin tələbələr digərləri kimi təqaüd almaq hüququna malik olacaqlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.