Şəhid anası: “”Kontakt Home” borca görə oğlumun çarpayısını da aparıb”-VİDEO

Şəhid anası: “”Kontakt Home” borca görə oğlumun çarpayısını da aparıb”-VİDEO “Şəhid Şirəli Adilov bircə ay imiş ki, ailə həyatı qurub. Bu zaman onlar “Kontak Home”dan kreditlə mebel alıblar. Şirəli şəhid olandan 2 ay sonra Razindəki “Kontakt Home”un əməkdaşları borca görə şəhidin evindən mebelləri götürüb aparıblar. Ana deyir ki, nə qədər desəm də, oğlumun çarpayısıdır, orada iyi var, aparmayın, qulaq asmadılar. Çarpayını söküb aparıblar”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Adilov Şirəli İlham oğlunun evində olan idmançı Kamil Zeynallı deyib. O bildirib ki, şəhidin qardaşı və bacısının səhətində problemlər olduğu üçün işləyə bilmirlər.
“Şirəli döyüşlərə yollanmamışdan əvvəl “moyka”da və dönərçi kimi işləyərək ailəni dolandırırmış. Amma indi vəziyyət başqa cürdür”.
Şəhidin anası Zümrüd xanım 13 il əvvəl yoldaşından ayrıldığını bildirib. O ailənin ehtiyacı olduğu halda YAŞAT Fondu tərəfindən verilən müavinətin şəhidin atasına ödənildiyini bildirib.
Şəhid valideyninin iddiaları ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinə rəsmi müraciət ünvanladıq. Hələ ki, məsələyə münasibət bildirilməyib.

YAŞAT Fondundan isə Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, şəhidin hər iki valideyninin Fonda müraciət etmək hüququ var:
“Şəhidimiz Adilov Şirəli İlham oğlunun anasının müraciətinə əsasən 2021-ci ilin yanvar ayında şəhidin anası və bacısı Bakı Sağlamlıq Mərkəzinə müayinə üçün göndərilib və bununla bağlı bütün xərclər YAŞAT Fondu tərəfindən ödənilib.
Videomüraciətdə qeyd olunan iddia ilə bağlı şəhidimizin anası ilə əlaqə saxlanıldı. O, özü və qızının Fond tərəfindən müayinə etdirilməsi faktını təsdiqlədi. Müalicə üçün ödənilən xərclərin digər müraciət zamanı ediləcək yardımın məbləğindən tutulması isə həqiqəti əks etdirmir.
Fondun əməkdaşları ilə görüş zamanı şəhidimizin anası ayrıldığı həyat yoldaşının müraciətinin qeyri-qanuni şəkildə təmin edildiyini bildirib. Fondun əməkdaşı tərəfindən hər iki valideynin müraciət hüququnun olması bildirilib və şəxsə növbəti müraciətlərini edə bilməsi qaydası izah olunub.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən şəhidin valideynləri şəhid ailəsi üzvü statusuna malik olduğundan şəhidin atasının da Fonda müraciət etmək hüququ var”.
Mənbə: https://www.yeniavaz.com/az/news/168310/sehid-anasi-kontakt-home-borca-gore-oglumun-carpayisini-aparib-video
Geri qayıt