Tofiq İbrahimov Ağdaşı zəbt edib - ŞİKAYƏT

Tofiq İbrahimov Ağdaşı zəbt edib - ŞİKAYƏT Bu yaxınlarda aktualxeber.az saytında “Ağdaşın oliqarxa çevrilmiş icra başçısının yuxusu ərşə çəkilib” başlıqılı məqalə dərc etmişdik. Məqalə bir qrup Ağdaş sakinlərinin RİH başçısı Tofiq İbrahimovun qanunsuz əməllərindən ölkə rəhbəri İlham Əliyevə müraciətindəki faktlardan hazırlanmışdı. Redaksiyamıza daxil olmuş məlumatlara görə Ağdaşda RİH başçısı və onun komandası rayon ərazisini balıq vətəgəsinə döndəriblər. Bunun üçün onlarla hektar torpaq sahəsi zəbt edilərək gölməçələrə çevrilib. Faktı dəqiqləşdirmək üçün apardığımız qısa araşdırmadan sonra isə bu rayonda baş verən məmur özbaşınalığının, vəzifədən sui-istifadə edərək əhalinin necə əzildiyinin şahidi olduq.

Əldə etdiyimiz məlumata görə, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovla şərik 55-60 hektar Cücük, Qaradağlı, Malay kəndlərinin otlaq yerlərini zəbt edərək oranı qazdırıb və bütün ərazini süni balıq vətəgəsinə döndərib. Bununla birgə icra başçısı özünün şəriki olan işçisi ilə ortaq Cücük kəndindinin ehtiyat su anbarını da şəxsi balıq vətəgəsi kimi istifadə edir. T.İbrahimov həmin kəndin icra nümayəndəsi ilə ortaqlaşaraq Bulaqotağı və Qəsr kəndlərinin Türyançay ərazisinə düşən 40-50 hektarlıq otlaq yerlərini də zəbt edərək balıq vətəgəsi yaradıblar. Bulaqotağı kəndinin keçmiş bələdiyyə sədrinə isə camaatı sakitləşdirmək üçün kiçik bir göl (vətəgə) hədiyyə edilib. Bulaqotağı kəndinin ərazsisindəki meşə zolağı kəsilərək növbəti vətəgələr hazırlanıb.

Polis zabiti Namiq Qəmbərov rayon mərkəzi və Pirkeçə kəndi arasındakı 2 hektara yaxın ərazidə balıq gölü və istirahət məkanı tikdirib. Rayonu balıq vətəgəsinə döndərən icra başçısı və ona yaxın olan məmurlar vətəgədən çıxan balıqların satılması üçün bazarı da monopoliyaya alıb. Tofiq İbrahimov Ağdaş bazarının müdirinə göstəriş verib ki, ona məxsus olmayan vətəgələrin balıqları bazarda satıla bilməz. Bazarda ancaq icra başçısının gölməçələrində yetişdirilmiş balıqlar satılır. Bazar rəhbərliyi isə ticarətçilərə balıqçılardan və kənar vətəgələrdən gətirilən balığı satmağa qadağa qoyub.

Tofiq İbrahimovun torpaq fırıldağı bunlarla bitmir. Redaksiyamıza daxil olan digər məlumatda isə bildirilir ki, bu yaxınlarda Ağdaş şəhərinin ərazisinin böyüdülməsi üçün Qəsr kəndindən 40 hektara yaxın torpaq sahəsi kəsilib və şəhər icra nümayəndəliyinin balansına verilibmiş. İcra başçısı burada da öz maraqlarını unutmayıb. Qəsr kəndindən kəsilib icra hakimiyyətinə verilən torpaq sahəsində (icra hakimiyyətinin inzibati binasının arxa hissəsində yerləşir) meyvə bağları salınıb. Bağ isə birbaşa icra başçısı Tofiq İbrahimovun özünə məxsusdur.

Rayonun kəndlərində camaat icra başçısının bu əməllərindən çox narazıdır. Əhali yeganə dolanışıq mənbələri olan heyvanlarını otarmağa yer tapmır. Rayonun otlaq üçün nəzərdə tutulmuş bütün boş ərazisi başda icra başçısı olmaqla rayonun yüksək vəzifəli məmurları tərəfindən zəbt olunur. Nəticədə heyvanını saxlaya bilməyən əhali onları kəsib satmağa və şəhərə üz tutmağa məcbur olur. Bunun ümumilikdə heyvandarlığa vurduğu ziyan isə milyonlarla ölçülür. Kənd camaatının dediyinə görə, rayon ərazisində salınan bu çoxsaylı vətəgələr həm də əkinçiliyə böyük ziyan vurur və torpağın məhsuldarlığını aşağı salır. Çarəsiz qalan əhali isə dərdini deməyə yer tapmır.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Neftçalada DTX tərəfindən keçirilən əməliyyat nəticəsində icra başçısı və işçiləri saxlanıldı. Bundan sonra icra başçısının rayonda çoxlu torpaq sahələri və obyektlərə sahib olduğu üzə çıxdı. Oxşar proses Ağdaşda da getdiyindən yaxın zamanlarda həmin rayonda da belə bir əməliyyatın keçiriləcəyi gözləniləndir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

XalqXeber.Az
Geri qayıt