Yenilik.Az
ww.Aydinliq.Az » Şikayət » "İlin Dörd Fəsli" şirkəti "yezid"liyini davam etdirir

"İlin Dörd Fəsli" şirkəti "yezid"liyini davam etdirir

"İlin Dörd Fəsli" şirkəti "yezid"liyini davam etdirir
2020-02-13 , 13:37

Masazırın "Yeni Bakı" şəhərciyində məskunlaşan sakinlər bu dəfə su ilə sınağa çəkilir.


Demokrat.az xəbər verir ki, adıçəkilən ərazidə yaşayan vətəndaşlar sutka ərzində cəmi 2-3 saat su görür. Qalan vaxtlarda isə əməlli-başlı "yezid" qurbanına çevrilir.

Belə ki, havalar soyumağa başladıqdan sonra minlərlə sakin su üzünə həsrət qalmağa başlayıb. Məsələnin müvəqqəti hal alacağı gözlənilirdi. Çünki "İlin Dörd Fəsli" şirkətinin yaramaz və fırıldaq törəməsi olan komendantlıq və orada bu işə məsul olan şəxslər məsələnin tez bir zamanda düzələcəyini deyirdi. Əlacsız sakinlər haradan bilsin ki, komendantlıq "müvəqqəti çətinlikdir", "çən boşdur, su vurulmalıdır", "təzyiq aşağıdır, düzələcək", "boru dardır, suyu çatdırmır", "bizlik bir şey yoxdur", "Azərsuluqdur problem" kimi sözlərlə onları aldadacaq.

Nəticə isə odur ki, qışın oğlan çağında "İlin Dörd Fəsli" şirkəti və onun şəhərcikdəki qanunsuz qurumu komendantlıq insanları susuz qoyur və utanmaz-utanmaz məsuliyyəti öz boynundan qaçırır.

Redaksiyamıza şikayət ünvanlayan sakinlər su problemi ilə bağlı "Azərsu"nun qaynar xəttinə, komendantlığa dəfələrlə müraciət etdiklərini deyirlər. Lakin onların səsinə səs verən tapılmır. Ümidsiz sakinlər ümumi sözlərlə "yola verilir". Nəticə isə göz qabağındadır.

"Azərsu" ASC isə suyun verilişinin dayandırılmasında "İlin Dörd Fəsli" MMC şirkətini təqsirli bilir. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təmsil olunduğu dövlət qurumunun Masazır qəsəbəsi "Yeni Bakı" yaşayış kompleksinə problemsiz və fasiləsiz şəkildə su verdiyini deyir. O, ərazidə yaşayan vətəndaşların içməli suyunun kəsilməsində şirkəti və komendantlığı təqsirkar sayır.
Bu arada apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, "İlin Dörd Fəsli" MMC-nin "Azərsu" ASC-yə 41 min manatdan çox borcu var. Məsələnin bir tərəfi də odur ki, "Yeni Bakı" şəhərciyinin sakinləri "Azərsu"nun fərdi abonenti deyil. Su təchizatı sahəsində dövlət siyasətini həyata keçirən, istehlakçıları içməli su ilə təchiz edən dövlət qurumu abonent kimi "İlin Dörd Fəsli" MMC-ni tanıyır. Bütün bunlar isə şirkətin su məsələsində vətəndaşlar üzərində təzyiq yaratmağa imkan verir. Şirkət isə borcu ödəməkdən boyun qaçırmaqla özündə təzyiq rıçağı saxlamağa davam edir. Maraqlıdır, digər dövlət qurumları olan "Azərişıq" və "Azəriqaz" bəhs edilən ərazidə əhalini fərdi abonent kimi tanısa da, "Azərsu" hələki bu məsələ ilə bağlı çox uzaq görünür.

Səbəbindən asılı olmayaraq, nəticə odur ki, Masazırın bu ərazisində vətəndaşlar susuz qalmağa davam edir və problemin həll olunması üçün heç bir iş görülmür. Kimsə məsuliyyət daşımır, yekunda sadə camaat əziyyət çəkir.

Şəhərcikdə özbaşınalıqlar bununla bitmir. Artıq çoxlarına gün kimi aydındır ki, hər yolla aldadılan şəhərcik sakinləri "İlin Dörd Fəsli" MMC şirkətinin yalanları və fırıldaq əməlləri ilə üz-üzə qalıb. Belə ki, vətəndaşlar öz mənzillərinə çıxarış ala bilmir və əksinə, şirkət tərəfindən süni maneələrlə rastlaşırlar. “Kupça” alanlar isə məcburi şəkildə qanunsuz ödənişlər edənlərdir. Məhz şirkət və onun rəhbərliyi bəzi vətəndaşların məlumatsızlığından sui-istifadə edərək onlardan qanunsuz şəkildə "pul qoparır".
Vətəndaşlara qarşı qanunsuz əməllər və neqativ hallar bitmək bilmir. Belə ki, şəhərcik sakinlərindən qanunsuz şəkildə "təmizlik" arayışı tələb olunur və dövlət rüsumu olmadığı halda əlavə ödənişlər istənilir. Bu ödənişlər isə otaq sayına görə dəyişir. Bütün bu özbaşınalıqları isə kimsədən qorxmayan, öz "qanun"larını dövlətin qanunlarından üstün sayan "İlin Dörd Fəsli" şirkəti yerinə yetirir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.