Yenilik.Az
www.Aydinliq.Az » Şikayət » Daha bir uşaq qidasından qurd çıxdı - AQTA-ya isə zəng çatmır FOTO - VİDEO

Daha bir uşaq qidasından qurd çıxdı - AQTA-ya isə zəng çatmır FOTO - VİDEO

Daha bir uşaq qidasından qurd çıxdı - AQTA-ya isə zəng çatmır FOTO - VİDEO
2020-11-17 , 15:52

Son günlər ölkəmizdə satışda olan uşaq qidalarından xeyli sayda şikayətlər var. Sözügedən problem nə qədər qabardılsa da, aidiyyəti qurumlar ya tədbir görmürlər, ya da ortaya effektiv iş qoymurlar. Əksi olsaydı, bu gün daha bir vətəndaş şikayəti olmazdı. Belə ki, Əli Sadiqov adlı şəxsin 1 yaş 3 aylıq övladı üçün aldığı “Yasno Solnışko kaşa” qidasından qurd çıxıb. Validenlər sonradan xəbər tutduqları üçün uşaqda allergiya başlayıb.


Bu barədə “BakuPost”a danışan şikayətçi bildirdi ki, aldığı məhsulun içində 6 qutu uşaq qidası olub və ondan 4-nü bilməyərək uşağa yedirdiblər, növbəti 2 qutunu açdıqda isə daxilində qurdların gəzişdiyini görüblər:

“Məhsulu “Bizim market”dən almışdım. Ora müraciət etdim ki, sizdən alınan qidadan qurd çıxıb, 4 qutu qidanı bilməyib uşağa yedirtmişik, uşaq da səpə-səpə gedir. Marketdən dedilər ki, vaxtı keçməyibsə, bizə aidiyyatı yoxdur. Məhsulun istehsalı ilə məşğul olan “Karvan MMC” ilə əlaqə saxladılar, danışdım və şikayətimi bildirdim. Şikayətimin nəticəsiz qaldığını görərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə zəng etdim və bu barədə onlara da dedim. Söylədilər ki, həmin məhsulun tarixini, hansı marketdən alındığına dair qəbzin fotolarını və qurdun videogörüntüsünü qurumun elektron ünvanına göndərim, yalnız bundan sonra müraciətə baxıla bilər. AQTA-dan da səs çıxmadı, hər zəngimdə ancaq nağıl danışdılar. Sonra bir daha marketə getdim, tələb etdim ki, siz araşdırın, bu məhsul sizdən alınıb. Özünü marketin müdürü kimi təqdim edən cavan oğlan bildirdi ki, AQTA şikayət əsasında marketə baxış keçirib və saxlama şəraitinə dair hər hansı bir nöqsan tapılmayıb. Necə nöqsan tapılmayıb ki, bu məhsul ordan alınıb və qurd çıxıb?!”

Məsələ ilə bağlı “Karvan MMC” ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, MMC-nin əməkdaşları həmin marketdə olub, şikayətçinin iştirakı ilə bir neçə məhsula baxış keçirilib:

“Rəflərdən həmin məhsulun eyni vaxtda istehsal edilən digər qutuları açılıb, baxılıb və heç bir nöqsan, qurd aşkarlanmayıb. Hətta şikayətçiyə əlavə həmin məhsuldan verilib ki, evdə yenidən açıb, yoxlasın. AQTA-ya da malın sağlam olmasına dair rəsmi sənəd təqdim olunub. Belə qənaətə gəlmək olar ki, məhsul alındıqdan sonra evdə xarab olub. Yəqin ki, yüksək temperaturda saxlayıblar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd etdi ki, AQTA qidanın təhlükəsizliyini təmin edir, keyfiyyətə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir:

“Təəssüflər olsun ki, adını çəkdiyim 2-ci qurum heç bir iş görmür. Əhalini məhkəmələrə göndərir. Ölkənin əmtəə bazarında vaxtı keçmiş məhsullar da var. AQTA buna nəzarət edir, ekspertiza aparır. Vaxtı keçmiş 1 məhsul satan biznes qurumu 1500 manatadək cərimə ödəməli olur. Buna baxmayaraq, yenə də görürük ki, qidaların satışında “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının qanunu pozulur. Bu qanunda körpə qidalarının satışı və reklamı ilə bağlı xeyli sayda şərtlər var. Ümumiyyətlə, bu cür qidalar 20 °C-dən yuxarı temperaturda saxlanılmamalıdır. Yay aylarında bu məhsulları yüksək temperaturda saxlayan müəyyən marketlərə rast gəlirik. Belə hallar olan kimi vətəndaşlar dərhal AQTA-ya məlumat verməlidir”.

Hazırda uşaq qidalarından xeyli sayda şikayətlərin olmasını nəzərə alaraq, buna AQTA-nın münasibətini öyrənmək istəsək də, qurumun mətbuat xidmətinə ünvanlandığımız sorğu cavabsız qaldı və çoxsaylı zənglərimiz də cavablandırılmadı.
Mənbə: https://www.bakupost.az/daha-bir-usaq-qidasindan-qurd-cixdi-aqta-ya-ise-zeng-catmirfoto-video

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.