Yenilik.Az
ww.Aydinliq.Az » Şikayət » “Yeganə övladım həkim səhvindən öldü” - ŞİKAYƏT

“Yeganə övladım həkim səhvindən öldü” - ŞİKAYƏT

“Yeganə övladım həkim səhvindən öldü” - ŞİKAYƏT
2020-01-23 , 11:14

“Mənim bir övladım vardı, o da Balakən Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən həkim Nərgiz Məmmədovanın səhlənkarlığı ucbatından öldü”.


Bunu yanvarın 13-də Balakən Rayon Mərkəzi Xəstəxanasında sistem vurulması nəticəsində ölən 10 yaşlı Turan Mahatovun anası Alvina Mahatova deyib. O bildirib ki, oğluna qızdırmalı ola-ola qlükoza vurulub:

“Turanın qızdırması olduğu üçün mən onu Balakən Rayon Mərkəzi Xəstəxanasına apardım. Orada həkim Nərgiz Məmmədova oğluma sistemi taxdırıb, “yatmağa gedirəm” dedi. Sistem bitdikdən sonra isə uşağın vəziyyəti ilə maraqlanmadı. Turanın gecə vəziyyəti pisləşdi, ürək döyüntüləri artdı. Həkimə məsləhətləşmək üçün zəng vurdum ki, uşağın ürək döyüntüləri artıb, “karvolol” və ya “valerian” verimmi? Həkim də ürək döyüntülərinin artmasına səbəb qızdırmanın olduğunu dedi. Mənə məsələhət də vermədi ki, vəziyyət ciddidir, xəstəxanaya yaxınlaş. Onların bizdən umduqları yalnız pul idi. İndi həmin həkim hazırda işinə davam edir. Yasla əlaqədar məsələ ilə bağlı yaxından maraqlana da bilmirik. Amma bildiyim qədəri ilə prokurorluq məsələni araşdırır”.

Alvina Mahatova bildirib ki, övladı öldükdən sonra ekspertizaya vermədikləri üçün oğlunun ölümü ilə bağlı xəstəxanadan müxtəlif bəhanələr uydururlar:

“Oğlum iynədən də qorxurdu. Ona görə ekspertizaya da vermək istəmədim. Yoldaşımdan xahiş etdim ki, oğlumu yarmağa qoymasın. Amma peşman oldum. Çünki indi hərə bir söz danışır. Biri deyir oğlun “parok”dan ölüb, biri də deyir şəkərdən ölüb... Mənim cəmi bir balam var idi. Onu çox qoruyurdum, hər 6 aydan bir özəl klinikalarda bütün orqanlarını yoxlatdırdım. Oğlum sağlam idi. Hətta 1 il əvvəl burun-boğazdan narkozla əməliyyat elətdirmişdim. Problemi olan, ürəyində qüsur olan uşağı narkozla əməliyyat eləməzlər axı. Futbolu da sevirdi. Onun ölüm səbəbi yalnız həkim səhlənkarlığıdır. Dozanı artıq verdikləri üçün ürəkdə şəkəri qalxıb, qanda laxtalanma gedib və ürəyi partlayıb”.

Turanın anası onu da qeyd edib ki, İcbari Tibbi Sığorta tətbiq edildikdən sonra xəstəxanada xəstələrdə məsuliyyətsiz davranırlar:

“Çoxu kasıbdır, pul verə bilmir deyə, xəstəyə qəssab kimi yanaşırlar. Balakən Mərkəzi Xəstəxanasında vəziyyət müsibətdir. Şənbə günü saat 13.00 olan kimi xəstələrə deyirlər ki, iş vaxtı bitib, geri qayıdın. Analar əllərində uşaqları ortada qalır. İcbari Tibbi Sığorta tətbiq ediləndən sonra çox səhlənkarlıq yaranıb”.

Məsələ ilə bağlı açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, ailə meyiti ekspertizaya vermədiyi üçün Turan Mahatovun dəqiq ölüm səbəbi məlum deyil:

“Ailə tibbi ekspertizaya imkan vermədiyi üçün ölüm səbəbi barədə məlumat yoxdur. Sistem vuran həkim isə doğrudan da hazırda fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, yanvarın 13-də Turan Tural oğlu Mahatov soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T.Mahatov müayinə edilib və ona sistem vurulub. Sistem köçürüldükdən sonra onun ürək döyüntüləri artmağa başlayıb. 10 yaşlı T.Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Axar.az

XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.