Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Vəziyyət ağırlaşa bilər, bunun olmaması üçün... - Həkimdən HƏYƏCAN TƏBİLİ

Vəziyyət ağırlaşa bilər, bunun olmaması üçün... - Həkimdən HƏYƏCAN TƏBİLİ

Vəziyyət ağırlaşa bilər, bunun olmaması üçün... - Həkimdən HƏYƏCAN TƏBİLİ
2020-10-16 , 08:50

"Birinci dalğa dönəmində deyilirdi ki, iyun, iyul və avqust ayının ortalarına qədər koronavirusa yoluxmada davam edən aktivliyin payız mövsümündə də təkrar artma ehtimalı var. O cümlədən payızda virusa diaqnoz qoymaq daha da çətinləşir".

Bu fikirləri Publika.az-a danışan pulmonoloq Həsən Həsənzadə deyib. O bildirib ki, payız mövsümündə koronavirusla yanaşı, bir sıra respirator xəstəliklər, həmçinin qrip və digər tənəffüs yolu infeksiyalarına yoluxma artır: "Simptomlar bənzər olduğu üçün COVID-19-la onları ayırd etmək çətin olacaq. Artıq bu proses başlayıb. Son bir həftə ərzində koronavirusa yoluxmada hiss olunacaq dərəcədə artım olduğunu müşahidə edirik. Biz gözlədiyimiz halla artıq qarşılaşmışıq. Yayda vəziyyətin nə qədər kritik olduğunu gördük və yaşadıq. Həkim və xəstə olaraq bu baxımdan bizim müəyyən qədər təcrübəmiz var. Bəziləri deyirdi ki, virus yoxdur, yaxud ağır olmur və s. Ona görə də artıq heç bir sual yeri qalmır. Bu, problemli bir vəziyyətdir və mütləq şəkildə problemin hara qədər gedib çıxacağını nəzərə almalıyıq. Düşünürəm ki, vəziyyət ağırlaşa bilər. Çalışmalıyıq ki, ağırlaşmalar olmasın, çünki indi hamımızın diqqəti hərbi əməliyyatlardadır".
H.Həsənzadə qeyd edib ki, hazırkı mövsüm və digər infeksiyaların yayılması yoluxmanın artması üçün şərait yardır: "Son zamanlar insanların maskadan o qədər də çox istifadə etmədiyini görürük. Mağazalarda və digər qapalı məkanlarda insanlar maskadan düzgün istifadə etmirlər. Girişdə maskanı düzgün taxırlar, içəridə isə çənəyə endirirlər. Hazırkı dönəmdə heç bir bəhanənin yeri yoxdur. Maskadan mütləq şəkildə düzgün istifadə edilməlidir. Küçələrdə insanlar kütləvi yerdə deyillərsə, digər insanlarla aralarında müəyyən qədər məsafə varsa, maskanı endirə bilərlər. Amma yaxınlıqdan, hətta 1-2 metr məsafədən insanlar keçirsə, mütləq şəkildə maska taxılmalıdır. Bundan əlavə, insanlar özlərində narahatlıq hiss edirlərsə, həkimə erkən müraciət etməlidirlər. Vəziyyətin daha da ağırlaşmasını gözləmək olmaz. Bəzi simptomların qripə və ya koronavirusa aid olduğunu ayırd etmək adi halda mümkün olmaya bilər. İstənilən simptom koronavirusun əlaməti ola bilər, bu baxımdan insanlar ehtiyatlı davranmalıdırlar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.