Yenilik.Az
ww.Aydinliq.Az » Rəsmi » Ali Məhkəmənin Kollegiya sədri vəkil və hüquqşünaslara müraciət etdi

Ali Məhkəmənin Kollegiya sədri vəkil və hüquqşünaslara müraciət etdi

Ali Məhkəmənin Kollegiya sədri vəkil və hüquqşünaslara müraciət etdi
2020-07-09 , 17:44

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev uşaqla ünsiyyət tələbinə dair iddialarla bağlı vəkil və hüquqşünaslara müraciət edib.

Müraciətdə deyilir:
"Hörmətli hüquqşünaslar!
Təcrübədə rast gəlinən kifayət qədər ciddi problemin - Uşaqla ünsiyyət tələblərinə dair iddialara baxılan zaman mübahisə üzrə yekun qərarın qəbulunadək kifayət qədər uzun müddətin keçməsi, habelə bir çox hallarda tərəflərin aralarındakı ziddiyyətli münasibətlərdən irəli gələrək işlərin baxılması müddətlərinin prosessual imkanlardan istifadə edilməklə süni surətdə daha da uzatmaları nəticəsində ünsiyyət tələb edən valideynlə uşaq arasında olan münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısının alınması və ən nəhayət bu məsəslədə uşaqların üstün mənafelərinin qorunması məqsədilə Ali Məhkəmənin müvafiq Plenum Qərarına edilmiş əhəmiyyətli dəyişikliyə diqqətinizi çəkmək istəyirəm.
Belə ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr, 6/2011 nömrəli qərarının 2-ci bəndinə aşağıdakı məzmunda yeni abzas əlavə edilmişdir.
“Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”.
Sənan Hacıyev təcrübədə rast gəlinən daha bir problemli məsələnin həlli istiqamətində əməli addım atıldığını da qeyd edib:
"Məlum olduğu kimi, nikahın pozulması ilə bağlı uşağın hansı valideynin yanında qalmasının həlli və yaxud uşaq tələbi ilə bağlı iddialara baxılması zamanı da yanında uşaq olmayan valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq, habelə uzun müddət ünsiyyətdə olmamaları ucbatından qəbul edilən qətnamənin icrasının təmin edilməsi məqsədilə də Ali Məhkəmənin müvafiq Plenum Qərarına mühüm dəyişikliklər edilmişdir.
Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli, 8-2/2016 №-li qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
7.1-ci bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”.
7.6-cı bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.