İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr

İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr Yoluxmalar ölkəmizdə ilk yayıldığı günlər yadınızdadırmı? Xaricdə yaşayan soydaşlarımızı təyyarələrlə gətirib Bakıda və müxtəlif rayonlarda gözəl otellərdə yerləşdirirdilər - karantin üçün. Novruz bayramı ərəfəsində həkimlər əllərində bayram xonçası və müxtəlif dadlı təamlarla girirdilər “zərərçəkməmişlərin” otağına, çəkiliş edib gedirdilər. O lüks otellərdən şəkillər paylaşan karantinzədələrə az qala bütün ölkə paxıllıq edirdi. Otel sahibinin hesabına 2 həftə otaqdan çıxmamaq şərtilə dincəlirdilər də. Nəyi pis idi?.. Bu qaçhaqaçlı həyatda nə vaxt bir də gedib elə bahalı otellərdə 2 həftə qala biləcəkdilər ki?
Sonra vəziyyət yavaş-yavaş ciddiləşdi, qorxu, panika yarandı. Cəlilabadda rayon xəstəxanasını ayırmışdılar və polislər əhatə eləmişdilər. Hətta media işçiləri o əraziyə getməyə çəkinirdilər, qorxurdular.
Daha sonra statistika artıqca bu dəmir prosedurlar yumşaldı. Üstündən bir az da keçəndən sonra məlum oldu ki , bəs bu işdən yaxşı pullar qazanmaq olarmış. Çünki ən böyük səhvlərə insanlar qorxarkən yol verilir. Kimsənin kimisə ittiham etmək yadına düşmür. Ona görə də bəzi həkimlər başladılar fərqli fəaliyyət növünə. Bəziləri deyirəm, çünki bu uğurda zəhmət çəkən, hətta canından olan çoxlu sayda şərəfli həkimlərimiz də oldu.
“Paytaxtımızın ən böyük xəstəxanalarından birində səhər stasionar müalicəyə qəbul edilmiş xəstəyə "biz bu gün üçün sizi nəzərdə tutmamışdıq" - deyib, nahar və şam yeməyi verməkdən imtina ediblərmiş və bu cavabdan sonra xəstə vəziyyətinin ağır olmasına baxmayaraq, evə dönməyi üstün tutub. Onu da deyim ki, xəstənin narazılığı tək yemək məsələsinə yox, həm də tibbi qulluğa görə olub. Bir də həqiqətən həmin xəstənin bir xəstəxanadan srağagün imtina ərizəsi yazıb çıxaraq bu gün böyük çətinliklə başqa xəstəxanaya qəbul edildiyinin özüm şahidi olmuşam. Xəstəxananın adını isə çəkmək istəmədim. Onu deyim ki, dövlət xəstəxanalarından biridir. Tibb müəssisəsində xəstəyə olan belə münasibət haqqında eşitdikdən sonra mən nəyi və kimi müdafiə etməliyəm?”.
Bu fikirləri Tibb Universitetinin müəllimi, həkim Fuad İslamzadə səsləndirib.
Fuad İslamzadə həkimlərin xəstələrə düşünülməmiş şəkildə resept yazmalarından gileylənib.
“Bizdə elə həkim varmış ki, tək bir kovid testinin müsbət olduğuna əsaslanıb, xəstəyə "tornakson" və "clocsasin" preparatlarını eyni vaxtda təyin edə bilərmiş. Nəzərinizə çatdırıram ki, bu preparatlardan birincinin təsiredici maddəsi ofloksasin, ikincininki isə levofloksasindir. Yəni hər ikisi yüksək qiymətə satılan antibiotikdir və bakterial ağırlaşması olmayan kovid xəstələrinə heç bir faydası yoxdur, hələ mən bu preparatların yaxın və uzaq müddətlərdə törədə biləcəyi fəsadlardan danışmıram.
Bir sıra həkimlər və səhiyyə rəhbərləri o firmaların vəd etdiyi faizlərin qarşısında duruş gətirə bilmir. Ölkə səviyyəsində də bu alverçi psixologiyasına son qoymaq haqqında heç kim fikirləşmir.
Bu təyinatı son 15-20 ildə bir dəfə də olsun tibb ədəbiyyatı oxumayan, yeni dərman preparatlarını isə dərman satışı firmalarının təbliğat üçün öyrədib tibb müəssisələrinə göndərdiyi emissarlardan eşidən şəxs verə bilər.
Hələ bizdə elə həkimlər də varmış ki, diaqnozu təsdiq edilmiş xəstəyə başlanğıc müalicəni yazmaq üçün məhz öz yaxın tanışları olan laboratoriyada çoxsaylı analizlər verməyi tələb edə bilərmiş, özü də bu tələbi cümə günü diaqnoz qoyulmuş xəstə qarşısında, dediyi laboratoriyanın qarşıdakı 2 gün ərzində işləməyəcəyini bildiyi halda irəli sürərmiş”,- deyə həkim bildirib
Pandemiya dönəmində Səhiyyə Nazirliyimiz göstərdiyi performansla dünyada bir ilkə imza atdı.Nazirimiz və onun mətbuat katibi edilən İsa Məsih kimi qeybə çəkildilər. Yoxsa bu maraqlı məqamları onlarla bölüşüb deyəcəkləri gülməli cavablara Quran ayəsi kimi inanmaq istərdik.
Geri qayıt