Yenilik.Az
www.AYDINLIQ.az » Ölkə » Güclü külək əsəcək, dalğanın hündürlüyü 9 metr olacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, dalğanın hündürlüyü 9 metr olacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, dalğanın hündürlüyü 9 metr olacaq - XƏBƏRDARLIQ
2020-02-07 , 13:01

Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq edib.


Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun verdiyi məlumata görə, Agentliyin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8-i axşamdan 10-u gündüzədək şimal-qərb küləyinin sürəti 20-25 metr saniyədən arabir 30-35 metr saniyəyədək güclənəcək.Güclü külək fevralın 9-da açıq dənizdə arabir 38-40 metr saniyəyədək şiddətlənəcək.

Dalğanın hündürlüyünün 3-5 metrdən 7-9 metrə çatacağı və daha çox olacağı proqnozlaşdırılır.

Bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək.

Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli Kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunacaq.

Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək.

Bu gün həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Hər zaman olduğu kimi bu gün də Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.