Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Əli Həsənov getdi, amma qaydaları qaldı

Əli Həsənov getdi, amma qaydaları qaldı

Əli Həsənov getdi, amma qaydaları qaldı
2021-07-23 , 04:15

Uzun illər mediada hökm sürən ayrı-seçkilikdən, haqsızlıqdan çıxış yolu kimi Prezidentə müraciətlər göndərəndə və ünvanladığımız müraciətlər cavabsız qalanda, ictimai-siyasi şöbədə itib-batanda ümidimizi Əli Həsənovun işdən çıxarılacağı günə bağladıq. O gün gəldi və 2019-cu il noyabrın 26-da nəhayət ki, Əli Həsənov şöbəsi ilə birlikdə işdən uzaqlaşdırıldı. Lakin ümidlərimiz yenə çin olmadı.


Dünən 22 iyul Milli Mətbuatın növbəti il dönümü günü qeyd olundu. Yenə müstəqil, himayədarı olmayan media kənarda qaldı. Təkcə maliyyə vəsaiti ayrılmasından söhbət getmir ki. Necə deyərlər əsas "vnimatelni" olmaqdır. Əli Həsənovun vaxtında da adicə tədbirə belə öz "kruq"larına daxil olan adamları dəvət edirdilər. Bəs indi nə dəyişib? Belə görürük ki, heç nə. Biz yenə də media adına keçirilən dövlət tədbirləri haqqında, təlimlər haqqında ancaq məmur saytlarından məlumat alırıq. Halbuki media islahatı maliyyə mənbəyi, ofis xərclərinin mənbəyi qaranlıq olan media qurumlarının ləğvi, yaxud rəhbərliyinin dəyişdirilməsi, dövlətin nəzarətinə keçməsi ilə başlamalı idi. Keçirilən təlimlərə kimlər necə müəyyən edilərək dəvət olundu, onu da hələ bilmirik. Lakin bildiyimiz bir həqiqət var: cəmiyyətin gözlədiyi bu deyildi. Nə media təlimlərində, nə işğaldan azad edilmiş torpaqlarımıza səfərlərdə yeni baxışı hiss etmədik, əksinə Əli Həsənovun dəst-xəttini hiss etdik. Çünki o da bizi görməzdən gəlirdi. Halbuki məmur himayədarımız, sponsorumuz olmasa da, biz ən azından həmişə dövlətçiliyə, Ümummilli Lider Heydər Əliyev ideyalarına xidmət etmişik, vaxtilə içinin üfunətini qəzet səhifələrinə tökən və sonradan kabab iyinə yığışıb mövqeyini dəyişən minsifətli buqələmunlar kimi ağacları budaq-budaq gəzməmişik, dövlətin və hakimiyyətin əleyhinə üfunət dolu hədyanlar, iftiralar, böhtanlar yağdırmamışıq.

Media islahatı vaxtilə bizə "yaltaq" deyənlərin yenə də başda oturdulması, bütün siyahılarda yer tutması deyil. Əminik ki, bütün bunları görən və bilən qurumlar, səlahiyyət sahibləri var və gec-tez mediada hər kəs öz xidmətinə görə mükafatını allacaq. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevə inşAllah bir gün mütləq mediaya əl gəzdirəcək və gözlədiyimiz əsl MEDİA İSLAHATI onda baş verəcək. Biz o günə qədər yenə də ayrı-seçkiliyə birtəhər dözərik. Təki Vətən sağ olsun, təki Prezidentimiz və Birinci Vitse-Prezidentimiz sağ olsun!

PS. Möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2019-cu ildə Yevlax və Xaçmaza yeni təyin olunan icra başçılarını qəbul edərkən demişdi ki, "Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam." Çox ümid edirik ki, bu yazı da inşAllah bir gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının və hörmətli Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın köməkçilərindən birinin, hörmətli səlahiyyət sahiblərindən kiminsə diqqətini cəlb edər.
 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.