Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Ermənistana 2,6 milyard, Bakıya cəmi 140 milyon avro

Ermənistana 2,6 milyard, Bakıya cəmi 140 milyon avro

Ermənistana 2,6 milyard, Bakıya cəmi 140 milyon avro
2021-07-19 , 09:28

Avropa Bilrliyi 2 iyul 2021-ci ildə “Şərq ölkələri tərəfdaşlıq proqramı” çərçivəsində 6 ölkəyə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistana yaxın 5 ildə 17 mlrd. avro vəsait ayrılması ilə bağlı qərar qəbul edib.


Bakupost.az xəbər verir ki, prosesi şərh edən iqtisadçı Natiq Cəfərli Cənubi Qafqaz ölkələri arasında yaxın 5 ildə ən çox dəstək alacaq ölkənin Gürcüstan olduğunu bildirib. Gürcüstan 3,9 mlrd. avro müxtəlif proqramlar çərçivəsində qrant və yatırımlar ala biləcək:

“Ermənistan yaxın 5 ildə son qərarla 2,6 mlrd. avro dəstək olacaq. Azərbaycana isə bu müddətdə cəmi 140 mln. avro vəsait ayrılacaq”.

Ekspert bildirib ki, ilk baxışda bu ayırmalar ayrı-seçkilik kimi görünür, ikili standartlara bənzəyir, amma məsələ fərqlidir:

“Gürcüstan artıq bir neçə ildir ki, AB ilə üst səviyyəli əməkdaşlıq sənədini imzalayıb, məhz bu imza Gürcüstana daha çox yardım ayrılmasına əsas yaradır. Ermənistan 27 fevral 2017-ci ildə daha aşağı səviyyəli, amma yenə də AB ilə ortaq sənəd imzaladı. Azərbaycan isə ortaq sənədi hələ də imzalamayıb, sənədin razılaşdırılmasını uzadır, halbuki, 90%-dən çox məsələ artıq razılaşdırılıb. Sual doğuran məsələlər isə ancaq ticarət və iqtisadi məsələlərdir: AB deyir ki, Azərbaycan ÜTT-yə üzv olsun (Dünya Ticarət Təşkilatına), bazarını xarici kapitala və biznesə açsın, şəffaflığı artırsın, vergi və gömrük siyasətini beynəlxal təcrübəyə uyğunlaşdırsın, hava məkanını sərnişin daşıyan şirkətlərə açsın – Azərbaycan hökuməti isə bu məsələləri həll etmək, ölkədə rəqabətli, şəffaf iqtisadi sistem qurmağı gecikdirir”.

Natiq Cəfərli bildirib ki, müqavilə imzalamadığımıza görə Cənubi Qafqazda ən az yardım alan ölkəyik:
“Bizim bəzi KİV-lər elə təqdim edirlər ki, sanki Ermənistana elə indi, birdəfəlik 2,6 mlrd. avro pul veriləcək. Bu, belə deyil. Vəsait 5 ilə nəzərdə tutulub, hər il ayrılan vəsaitin şəffaf xərclənməsi ilə bağlı hökumətlər hesabat verdikdən sonra növbəti tranş ayrılır. Və vəsaitin böyük bir hissəsi heç Ermənistana çatmayacaq da – infrastruktur layihələrini AB şirkətləri həyata keçirəcək, vəsait Ermənistan vasitəsi ilə onlara ödəniləcək”.

Ekspertin sözlərinə görə, Azərbaycanın AB ilə ticarət dövriyyəsi, iqtisadi əlaqələri, AB-nin ölkəmizə yatırımları digər iki Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsi və yatırımlarından dəfələrlə çoxdur:

“Məsələn, 2020-ci ildə Azərbaycanla AB-nin ticarət dövriyyəsi 9 mlrd. 340 mln. dollar olub, Ermənistanın isə cəmi 1 mlrd. dollardan bir az çox. Yəni, biz Azərbaycan olaraq AB üçün daha maraqlı, daha cəlbedici ölkəyik, AB ilə münasibətləri tənzimləyən yeni, daha detallı müqavilə mütləq bu il ərzində imzalanmalıdır. Yeni müqavilədən sonra AB ilə vizasız gediş-gəlişdən tutmuş ticarət əlaqələrinə, yatırımlara qədər yeni fürsətlər açılacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.