Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » Eldar Mahmudova qurban daşıyan deputatlığa namizəd — Şahidovun "şpionluq" TARİXÇƏSİ

Eldar Mahmudova qurban daşıyan deputatlığa namizəd — Şahidovun "şpionluq" TARİXÇƏSİ

Eldar Mahmudova qurban daşıyan deputatlığa namizəd — Şahidovun "şpionluq" TARİXÇƏSİ
2020-02-03 , 20:59

Azərbaycanın milli təhlükəsizliyinə ən böyük zərbə vuran keçmiş MTN-nin rəhbəri Eldar Mahmudov və çiyinlərində rütbə daşıyan yaxın ətrafı zərərsizləşdirilsə də, onların cəmiyyətin müxtəlif seqmentlərinə qədər uzanan caynaqları bu ölkənin boğazından əl çəkmək istəmir. Hətta, ölkə başçısı tərəfindən həyata keçirilən köklü islahatlar fonunda Mahmudovçuların indi öz “yuvalarını” qurmaq niyyəti görünür. Bəli, “Mahmudov şəbəkəsi”nin üzvləri indi quzu dərisi geyinmiş qurd kimi ölkədə davam edən seçki marafonuna qoşulublar.

Onlardan biri ilə tanış olun: 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov. Bu namizəd təbliğat-təşviqat kampaniyasında yaradılmış demokratik mühitdən istifadə edərək, özünü seçicilərə “süddən çıxmış ağ qaşıq” kimi sırıyır. Hərçənd, reallıq fərqlidir.

Eldar Mahmudov şəbəkəsinin fəal üzvü olan Əhməd Şahidovu cəmiyyətə gah “QHT rəhbəri”, gah “vətənpərvər”, gah da “ermənilərlə döyüşən adam” simalarında sırıyan da elə həmin şəbəkə idi. Mahmudov şəbəkəsinin əsas prinsiplərindən biri də məhz öz çətəsinə ictimai nüfuz qazandırmaq və onlardan daha “səmərəli” şəkildə istifadə etmək idi. Əhməd Şahidov ona qoyulan “kapitalın” haqqını lazımınca vermiş hesab oluna bilər.

MTN çətəsi günahsız insanları şərləyir, ya külli miqdarda “haqq” alır, ya da həbsə göndərirdi. Bu “əməliyyatlarda” qurbanları seçən “könüllülər”in xüsusi rolu var idi. Əhməd Şahidov məhz qurban seçimində müstəsnə rolu olmuş həmin “könüllülər”dən biri olub. Onun günahsız insanların MTN Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyev və digərlərinin qurbanına çevrilməsində rol oynadığı haqda kifayət qədər məlumatlar var. Bu barədə zaman-zaman mətbuatda da xəbərlər yer alıb.


Əhməd Şahidovun keçmişini araşdıranda maraqlı detallar üzə çıxır. Belə ki o, “versiya.az”, “kiv.az”, “times.az”, “gundem.az”, “gun.az” və digər xəbər saytlarının müxbiri kimi işləyib, bununla yanaşı, Rusiyada fəaliyyət göstərən “nrs.ru” (Novoe Russkoe Slovo) elektron qəzeti ilə əməkdaşlıq edir. Media cameəsi onu heç vaxt jurnalist kimi tanımayıb. Lakin keçmişi göstərir ki, Əhməd Şahidov müxtəlif işlərlə yanaşı, jurnalistika ilə də məşğul olmağı bacarıb.


Araşdırmalarımız da təsdiqləyir ki, Əhməd Şahidovun jurnalistika fəaliyyəti əsasən Azərbaycanın ali rəhbərliyi barəsində böhtan xarakterli və sifarişli məqalələrin yazılmasından ibarət olub. Yəni, bu adam da Eldar Mahmudov şəbəkəsinin “şillə vuranı”, yaxud maşası rolunda çıxış edənlərdən biri idi.


Əhməd Şahidovun həm də qanunsuz kiber fəaliyyəti də mövcud olub. 2007-ci ilin əvvəllərindən etibarən o, elektron-informasiya məkanında qeyri-qanunu haker fəaliyyətini həyata keçirib. Özünə məxsus olan elektron poçt ünvanları vasitəsilə müxtəlif dövlətlərin səfirlikləri, nazirlikləri, eləcə də yerli təşkilatlarına məxsus saytları qeyri-peşəkar formada dağıdıb. Nəticədə bununla Azərbnaycanın regionda və dünyada yüksələn siyasi nüfuzunu zərbə altına qoyub.


Əhməd Şahidovun məşhur “bacıoqlu” elekton poçt ünvanı ilə çıxardığı tamaşa da çoxlarına maraqlı gələcək. Bir müddət öncə mediada Əhməd Şahidovun Ermənistan Vəkillər Kollegiyasına məxsus “www.armenialawoffice.com” və Yerevan Vəkillər Kollegiyasına məxsus “www.yerevanlawoffice.com” internet saytlarını dağıtması barədə məlumatlar yayılmışdı. Əslində, bu informasiya ciddi KİV-də yox, daha çox xırda media resurslarında kütləvi şəkildə tirajlanırdı. Maraqlı idi, çünki işğalçı ölkəyə miqyasından asılı olmayaraq, vurulan istənilən zərbə cəmiyyətdə yüksək əhval-ruhiyyə ilə qarşılanır. Hərçənd ki, Əhməd Şahidov burada da primitiv tamaşa qurub, özü haqqında yüksək rəy yaratmağa çalışırdı. Onun “dağıtdığı” saytlar isə elə özü tərəfindən yaradılmışdı. Belə ki, adıçəkilən saytların və domen adlarının Ermənistana heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Əhməd Şahidov “bacıoqlu” elekton ünvanı ilə bu domen adlarını alıb, həmin domen üzərində sayt düzəldib, sonra isə “dağıdaraq” “düşmənə zərbə” endiribmiş. Şübhəsiz ki, bütün bunlar tamaşadan başqa bir şey deyildi və onun məqsədi yenə də Əhməd Şahidovun divident qazanmasına hesablanmışdı.


Onun qurduğu tamaşalar bununla yekunlaşmır. Diqqətləri üzərinə cəlb etmək istəyən Əhməd Şahidov 2007-ci il 22 yanvar və 2007-ci il 1 mart tarixlərində İctimai Televiziyaya məxsus www.itv.az saytını dağıdıb. Əldə etdiyimiz məlumata görə, Əhməd Şahidov “itv.az” saytının inzibatçısı olan 1983-cü il təvəllüdlü Cahid İsmayıl oğlu Kazımovla eyni binada yaşayır və sonuncu ilə tələbə vaxtlarından tanışlığı var. Əhməd Şahidov “bacıoqlu” elekton poçt ünvanından Cahid İsmayılova məktub göndərib və “itv.az” saytının giriş parollarını qeyri-qanuni əldə edərək, hakerlik edib. Daha sonra saytın ermənilər tərəfindən dağıdılığı görüntüsünü yaratmağa çalışıb.


“Mahmudov şəbəkəsi” çökdürüləndə Əhməd Şahidov hansısa yolla məsuliyyətdən yayına bildi. Və budur, indi həmin şəbəkənin cəmiyyətin içinə uzanan caynağı olan Əhməd Şahidov deputatlığa namizədliyini irəli sürüb, qanunverici orqanda təmsilçisi olmaq istəyir.


Milli Məclisdə xalqın təmsilçisi olmağa iddia edən Əhməd Şahidovun ermənilərlə işbirliyinə dair araşdırmalarımızı davam etdiririk. Yəqin ki, yaxın günlərdə bu barədə ətraflı məlumat oxuculara təqdim olunacaq...


Elçin Rizvanoğlu
Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.