Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » “Yaxın 2-3 gündə Ermənistanın barış təklifi bəyan ediləcək”

“Yaxın 2-3 gündə Ermənistanın barış təklifi bəyan ediləcək”

“Yaxın 2-3 gündə Ermənistanın barış təklifi bəyan ediləcək”
2020-10-22 , 11:22

Emənistanda əsl cəncəl yaşanır. Səbəb də odur ki, xalqa horra kimi yedizdirilən puç və xəyali dünya real dünya ilə toqquşduqdan sonra dağılmağa başlayıb. Belə olan halda insanlar və millətlər sarsıntı keçirirlər.

 
Bu fikirləri politoloq Zərdüşt Əlizadə Qarabağdakı separatçı rejimin keçmiş “liderləri” Arkadi Qukasiyan və Bako Saakyanın ötən gün təcili İrəvana gələrək Baş nazir Nikol Paşinyanla müzakirələr aparması, daha sonra sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryanla məsləhətləşməsi və son olaraq Ermənistanın birinci prezidenti Levon Terpetrosyanın ofisinə gedərək onunla son vəziyyəti müzakirə etməsinin səbəblərini şərh edərkən deyib.
 
Zərdüşt Əlizadənin sözlərinə görə, erməni xalqına uzun illər deyiblər ki, biz “mənfur türkləri” məğlub etmişik:
 
"Qarabağı götürmüşük, əvvəl-axır buranın bizə məxsus olduğunu dünya tanıyacaq, azərbaycanlılar nə gücdədirlər ki gəlib Qarabağı bizdən alsınlar. Biz möhkəm dursaq, “Böyük Ermənistan” uğrunda birinci addımı atmış olacağıq, ikinci addımımız da şərqi Türkiyəni tutmaq olacaq. Bax, belə bir nağılla xalqı yeridiblər.
 
Erməni xalqı da xoşhal olaraq sevinirdi ki, bir azdan qələbəmiz sənədləşəcək. Amma son hadisələr göstərdi ki, erməni siyasətçisi olan nağılbazlar yanılıb. Üstəlik bir müddət həqiqəti gizlətdilər. Dedilər ki, Azərbaycanın açıqladığı hərbi uğurlar yalandır, biz əks-hücuma keçib düşmənə ağır zərbələr vururuq. Daha sonra dedilər ki, bizimlə Azərbaycan deyil, türk ordusu vuruşur, ona görə də geri çəkilirik. Daha sonra iddia olundu ki, Azərbaycan tərəfindən terrorçular “vuruşur”. Amma görürlər ki, həqiqəti daha gizlətmək mümkün deyil. Çünki Azərbaycan Ordusu vurur, əzir, dağıdır və əraziləri geri alır. Bir azdan Dağlıq Qarabağdan bütün ermənilər qaçacaq".
 
Politoloq xatırladıb ki, Azərbaycan haqlı olaraq hərbi əməliyyatlar aparır və eyni zamanda da barışa hazır olduğunu qeyd edir: "Bu, çox ağıllı siyasətdir. Məncə, Azərbaycan artıq dayanmayacaq və sona qədər gedəcək. Qəti qələbəyə qədər. Belə bir halda Ermənistanda hakimiyyətin bölüşdürülməsi məsələsi gündəmdədir. Nikol Paşinyan parlamentdə təmsil olunan partiya liderlərini qəbul edərək, onlara acı həqiqəti deyib. Bildirib ki, uduzuruq, əgər güzəştə getməsək, bir azdan Qarabağda erməni qalmayacaq. Bu halda biz əvvəl 5 rayonun, daha sonra 2 rayonun verilməsi və Dağlıq Qarabağa Azərbaycan tərkibində muxtar status verilməsi təklifinə razılıq verməliyik. Bizi artıq müdafiə etmirlər və gücümüz də buna çatır. Paşinyan bu mövqeyini parlament partiyalarına dedikdən sonra bu xəbər gedib separatçıların liderlərinə çatıb. Onlar da təcili Xankəndindən İrəvana gəliblər. Paşinyan onları da qəbul edərək vəziyyəti izah edib. Onlara da deyib ki, başqa çarə yoxdur. Bunlar da Paşinyanın qəbulundan çıxandan sonra Serj Sərkisyanın, Robert Köçəryanın yanına gediblər, sonda da Levonla görüşüblər. Amma artıq horra ilə real dünya qarşılaşıb və orada siyasətçilər reallığı anlamağa məhkumdurlar".
 
Z. Əlizadə ehtimal edir ki, yaxın 2-3 gündə Ermənistanın barış təklifi bəyan ediləcək:
 
“Onlar deyəcəklər ki, bəli, biz Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtariyyətinə razıyıq, 5 rayonu və sonra da 2 rayonu boşaltmağa hazırıq. Bu halda Azərbaycan soruşacaq ki, hansı 5 rayonu? Bu rayonlardan 3-nü götürmüşük artıq. Gəlin, görək daha hansı güzəştə getməyə hazırsınız... Beləcə danışıqlar gedə-gedə əməliyyatlar da davam edəcək. Uzağı ayın sonuna qədər Ermənistanın müdafiə sistemi köçəcək və problem də birdəfəlik həll ediləcək".Teleqraf

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.