Ötən gün boşandıqlarını elan edən aktrisa Oksana Rəsulova və aparıcı Şəhriyar Əbilovun ətrafında müzakirələr səngimir.
Sosial şəbəkələr və yerli mediada iddia olunur ki, cütlük insanları bu aylar ərzində aldadıb, onların rəsmi nikahı olmayıb, hətta uşağın atasının Şəhriyar Əbilov deyil, Türkiyədə yaşayan Şəhriyar adlı iş adamı olduğu bildirilib.
OLAY mövzu barədə Şəhriyar Əbilovla əlaqə saxlayıb. Aparıcı-aktyor ittihamlara cavab verib:
“Kiməsə hesabat vermək məcburiyyətində deyilik. Biz heç yerdə demədik, reklam olmasın deyə, müsahibə vermədik. Özümüz instaqramda bölüşdük. Birlikdə olduğumuzu dedikdən sonra nə qədər adam dəstək oldu. Bəlkə də Azərbaycan tarixində bir ilk idi. Nə qədər adam eyni fikirdə idi. İnanmıram ki, şou-biznesdə olan iki insan haqda bu qədər müsbət fikir söyləsinlər. Həyatdır. Bilmirəm ki, sabah başımıza nə gələcək, rəy yazanları başa düşürəm. Heç vaxt heç kimi qınama, kiminsə həyatına burnunu soxub öz analizini etmə. Sən onun içində olmalısan, bilməlisən ki, nə baş verir. Yaşadıqlarımızı yazmışıq, etiraf etmişik. Açıq şəkildə demişik ki, izləyicilərimizə hörmət olsun, sabah ya başqası ilə evlənsək, bir-birimizdən asılı olmayaq. Dostuq, ömrümüzün axırına qədər övladımızın yanındayıq. O anaları başa düşmürəm ki, boşandıqdan sonra uşağı ataya göstərmirlər. Bu, qəddarlıqdır. O kişiləri də anlamıram ki, ailəsindən ayrılandan sonra aliment verməmək üçün uşağına yaxın durmurlar. Mən onlara “kişi” demirəm. Kişi öz övladına yiyə durmalıdır. Ürəyində sevgi yoxdursa, cəmiyyət üçün daha da təhlükəli insandır. Övladı qəbul etmirsə, qeydinə qalmırsa, o insan qəddardır. Xoşbəxtik ki, Osman kimi övladımız var. Dostluğumuz davam edir. Son ana kimi balamızın yanındayıq.
Ola bilsin ki, Oksana tarixlə bağlı səhv edib. Söhbət ondan gedir ki, hadisələr bu bir il ərzində yaşanıb. Bu ailənin xoşbəxt olması üçün o da cəhd edib, mən də. Həmişə ailəmizə yiyə durmaq istəmişik. Mənim etirafım da buna görə idi. Öz ailəmin yanında olmaq üçün idi. İnsanların “dığ-dığ”ından uzaq durmaq üçün etiraf etdik”.
Aparıcı “Hazırda eyni evdə yaşayırsız” sualına isə “Mən bu haqda danışmaq, heç bir suala cavab vermək istəmirəm”, — deyə, bildirib.
Əbilov açıqlaması zamanı bir daha Osmanın atası olduğunu vurğulayıb:
“Oksananın dediyi iş adamı, Türkiyədə yaşayan mən idim. Oğlumun atası mənəm. Bu, nə tərbiyəsizlikdir? O iddiaya cavab olaraq deyirəm ki, şəkillərimizi yanaşı qoysunlar”.
Qeyd edək ki, iddia “Qafqazinfo” saytında yer alıb. Portalın “Evləndiklərini elan edəndə boşanıblarmış…” yazısında bu fikirlərə yer verilib:
“Oksana evliliklərini elan etdiyi vaxtda da bir çox məqamlar sual doğururdu. Onlardan ən başlıcası rəqqasənin “həyat yoldaşım Türkiyədə yaşayır, Şəhriyarı da tanıyır” fikirləri idi.
Gəzən şayiələrə görə, Oksananın oğlunun atasının adı həqiqətən Şəhriyardır, lakin Əbilov yox… Həmin Şəhriyar isə, Oksananın dediyi kimi, Türkiyədə yaşayır və azərbaycanlı iş adamıdır”.