“Bəziləri deyir ki, yazıçı üçün fərqi yoxdur, onu oxuyacaqlar, ya yox. Bu, gülünc söhbətdir. Mən həmişə istəmişəm ki, məni daha çox oxusunlar. Amma o hesaba yox ki, belə bir süjet qurum ki, o, insanlar üçün maraqlı olsun, yox. Mən Azərbaycan dilinin mənə verdiyi imkanlar qədərində çalışıram”.
“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Əkrəm Əylisli oxucularla görüşdə əməkdaşımızın sualına cavab olaraq bildirib.
Xatırladaq ki, ötən ay yazıçı “Yeni Sabah”a açıqlamasında bildirmişdi ki, Salman Rüşdinin “Şeytan ayələri” kitabını oxuyub və heç nə başa düşməyib. “Bəs sizin də özünüzün elə bir əsəriniz var ki, insanlar onu oxusun, onlara mürəkkəb gəlsin, yaxud fikirləri başa düşə bilməsinlər” sualına cavab olaraq Ə. Əylisli belə davam edib:
“Amma Rüşdi məsələsi fərqlidir. “Şeytan ayələri”ni burada oturanlar demirəm, Azərbaycan 5 adam başa düşsə, mən deyərəm ki, əhsən! “Şeytana ayələri” publika üçün yazılmayıb, Böyük yazıçıların bəzən böyük olmadığını kimlərsə deyir. Amma mənə görə Rüşdi elə də böyük bir yazıçı deyil, “Şeytan ayələri”ndə o, fəlsəfi cəhətdən Qurani-Kərimi inkar etməyə çalışıb.
O, elə dildə yazılıb ki, heç onların orada inkar olunduğunu da hiss edə bilmirsən. Mən bilmirəm, burada oturanlardan “Şeytan ayələri”ni oxuyan olub? Yəqin ki, olub. Mən Salman Rüşdinin kitabını tərcümə etdim ki, Azərbaycan oxucusu tanısın onu. Kitabın adı “Peyğambərin tükü”dür. Bu kitabı fürsət olanda oxuyun. Çox maraqlı əsərdir”.