3 yaşında küçəyə atıldı, 19 “ana”sı tapıldı – ARİF QULİYEVİN DƏHŞƏTLİ HƏYATI

3 yaşında küçəyə atıldı, 19 “ana”sı tapıldı – ARİF QULİYEVİN DƏHŞƏTLİ HƏYATI Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib, çarpayısına uzanıb iki gün ağlayır.
“SAVAŞ”-ın Kulis.az-a istinadən xəbərinə görə, xalq artisti Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə o vaxtkı Əli Bayramlı, indiki Şirvan şəhərində anadan olub.

Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Arifə isə deyir ki, gedim, sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələdən hali olub, onu uşaq evinə aparır.
Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.
Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib, çarpayısına uzanıb iki gün ağlayır. Bir neçə gündən sonra isə Xalq artisti Lütfiyar İmanova dördüncü sinif şagirdi kimi məktub yazıb ondan noğul istəyir. Bir həftə sonra Lütfiyar İmanov Arifə poçt vasitəsilə bir bağlama noğul yollayır. Arif həmin noğulları uşaq evindəki bütün uşaqlara paylayır. Ona noğul verməyən uşağı isə bir ağacın altında tək dayanan görür, yaxınlaşır, noğuldan bir ovuc həmin oğlanın ovcuna tökür.
1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verir. İki imtahandan keçir, birindən kəsilir. Artıq internatda yaşamaq hüququ da başa çatdığından, küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cəvahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, Arifi özü ilə evinə aparır, paltarlarını yuyub xörək verir. Ertəsi gün isə onu texnikumun “Dram və kino aktyorluğu” fakültəsinə qəbul edir.
* * *
Arif Quliyev qocalar evinə gedəndə ora atılan ana və ataların qarşısında diz çöküb ağlayır, illərlə onlar kimi ata-ana axtardığını deyir. O, ömrünün sonuna qədər valideynlərinin həsrətini çəksə də, valideynləri onu atdığına görə heç vaxt onları qınamayıb. Əksinə onu dünyaya gətirdikləri üçün valideynlərinə can sağlığı arzulayıb.
1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilir. Burada işləyən vaxt Mərkəzi Komitənin tədbirində teatrın çıxışı nəzərdə tutulur. Aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə tək çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir. Bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir.
* * *
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir. Günlərin birində Arif teatrla birgə Tibb Texnikumunda keçirilən konsertdə iştirak edir. Zalda çıxış edən zaman o, hamı gülsə də, zalda irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görür. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan itirdiyi xanımı tanıyır və onu tapdığına sevinir. Sonra onun haqqında maraqlanır. Sevdiyi qıza elçiliyə getməyə Arifin heç kimi olmadığından işlədiyi Musiqili Komediya Teatrının aktyorları Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Səyavuş Aslan onun elçiliyi üçün Gülzar xanımgilin evinə gedirlər. Evə girəndə Arif Quliyevin şəkli olan afişanı görürlər. 1977-ci ildə Gülzar adlı həmin xanımla ailə həyatı qurur. Toyunun tamadası Eldəniz Rəsulov olur. Bu evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlir.
* * *
Toy ərəfəsində bir qadın onun yanına gəlib, anası olduğunu deyir. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən, həmin qadını anası kimi qəbul edib, onunla ünsiyyət qurur, toyuna dəvət edir. Sonrakı illərdə isə özünü Arifin anası hesab edən on doqquz qadın ona müraciət edir. Arif onların hamısını ana kimi qəbul edir, heç birinin xətrinə dəymir.
* * *
Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur, uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. Bu barədə o, mətbuata verdiyi açıqlamasında deyir: “Oğlum belimi qırdı. Onun yoxluğu ilə barışmaq dözülməzdir. Allah heç bir valideynə övlad dərdi verməsin.”
* * *
Müxtəlif film və tamaşalarda yaddaqalan obrazlar yaradan aktyor 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə əməkdar artist fəxri adına, 1993-cü ildə “Humay” mükafatına və xalq artisti adına layiq görülüb. Arif Quliyev 7 may 2021-ci ildə koronavirus xəstəliyindən vəfat edib.

Geri qayıt