Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Heç kəs öz kefindən gizli toy etmir, başa düşürsünüz?!“ - Afaq Bəşirqızı

“Heç kəs öz kefindən gizli toy etmir, başa düşürsünüz?!“ - Afaq Bəşirqızı

“Heç kəs öz kefindən gizli toy etmir, başa düşürsünüz?!“ - Afaq Bəşirqızı
2021-04-05 , 17:32

Azərbaycanda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 Buna baxmayaraq, paytaxtda və rayon ərazisində xidmət aparan zaman restoranlarda gizli şəkildə toy mərasiminin keçirənlərlə bağlı demək olar ki, hər gün xəbərlər oxuyuruq.
Bəs insanlar cəzalara baxmayaraq niyə hələ də icazəsiz toy etməyə davam edir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı bildirib ki, o, icazəsiz toy məclisi keçirdiklərinə görə vətəndaşları mühakimə edə bilmir:

                                                         
“Elə bir situasiya yaranır ki, o problemi insanlar dəf eləməlidir, bu olmalıdır. Heç kəs öz kefindən o toyları etmir, başa düşürsünüz? Həmin toy edənlər əgər əməlli başlı toy məclisi etmək istəsəydilər, toyda kütlə olardı, qohum-qardaş gələrdi. Amma görürük ki, icazəsiz toy edənlərin məclisində 50-60 nəfər şəxs olur. İndiyə qədər hansı Azərbaycan toyunda 50 nəfər qonaq olub? Deməli, toy yiyəsi hansısa bir problemini həll etmək istəyir. Bəlkə də bu elə bir problemdir ki, həyati məsələdir. Mən necə qalxıb toy edənləri mühakimə edim?”.
Aktrisa karantin qaydalarının hamı üçün olduğunu xatırladaraq, vətəndaşları qaydalara riayət etməyə səsləyib:
“Əlbəttə, nə qədər problem olsa da, imkan daxilində qaydalara riayət etmək lazımdır. Yaxud açıq havada toy etmək olar. Bilirsiniz, hava şəraiti də hazırda elədir ki, açıq havada mərasim keçirmək üçün əlverişli deyil. Kim gəlib iştirak edəcək? Edənlər də deyəcək ki, “Filankəsin toyuna getdim, dondum, öldüm” və s. Çox çətin vəziyyətdir, bu mərətə qalmış xəstəlik camaatın başından rədd olub getsəydi, canımız qutarardı. Gizli toy edənləri də qınaya bilmirəm. Düzdür, xəstəlikdir, olmaz, belə məclislər olduqca daha da yayılır. Bu mənim xalqımın qırğını deməkdir. Eyni zamanda da fikirləşirəm ki, məclis edənlər kefindən eləmir. Mənim bir çox dostum, yaxınlarımın övladları vardı ki, nişanlı idilər, getdilər nikaha, gəldilər ata evinə, qızın, oğlanın atası, anası oturdular çörək yeyib, bir stəkan çaylarını içdilər, xeyir-dua verib qızı yola saldılar. Nə etsinlər? Başqa cür mümkün deyildi. Amma elə insanlar var ki, problemləri üst-üstə yığıb, fikirləşib ki, oğlumun toyunu edəcəm və bunun altından çıxacam. Yaxud bir il bundan əvvəl fevral ayında gedib bankdan pul götürüb ki, övladımın martda toyunu edəcəyəm. Amma ikinci mart çıxıb hələ də icazə yoxdur. İnsanların problem çoxdur, bütün bunlar məcburiyyətdən baş verir. Amma nəzərə almaq lazımdır ki, bu kütləvi qırğındır və bu pisliyi toy yiyəsi yalnız məclisdəkilərə etmir, eyni zamanda həmin insanlar da başqalarına yayırlar və bunun qarşısını almaq mümkün olmur. Mən bir sənətçi kimi 44 günlük müharibədən sonra millətimin bir də bu cür qırğınına dözə bilmirəm. Ona görə hər kəsdən xahiş edirəm ki, mümkün qədər qaydalara əməl etsinlər. İnşallah, bu bəla tezliklə bitər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.