Yenilik.Az
www.Aydinliq.Az » Hüquq guşəsi » Ər-arvad boşananda borcları kim ödəməlidir?

Ər-arvad boşananda borcları kim ödəməlidir?

Ər-arvad boşananda borcları kim ödəməlidir?
2020-12-07 , 22:17

-Ər-arvadın birgə mülkiyyəti nələr hesab olunur?

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə :
 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
 Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
 Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
- Nikaha daxil olanadək ər və arvadın ayrı-ayrı mülkləri nikah müddətində birgə mülkiyyət sayılırmı?
 - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü  maddəsinə görə :
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.Amma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci  maddəsinə görə :
Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
- Ailə qanunvericiliyinə görə  işləməyən tərəflə işləyən tərəf arasında əmlak bölgüsü zamanı güzəştlər nəzərdə tutulubmu?
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə görə :
 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
 Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
- Ər-arvadın hər hansı borcları və ya hər hansı öhdəlikləri üzrə məsuliyyəti necə tənzimlənir ?
 - Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
 Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər.
Yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad mülki qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 
Məs : Mülki Məcəllənin 1103-cü maddəsinə görə- On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.
Düşünürəm ki,Azərbaycan Respublikası qanunvericiliyində ailə münasibətlərini tənzimləyən nə qədər qanunlar olsada,reallıqda ailənin qanunlarını ailə üzvləri müəyyən edir.Unutmayaq ki,ailə sanki dövlətin kiçik bir formasıdır. Ailə olmasa nə cəmiyyət olar nə də dövlət.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.