Yenilik.Az
www.Aydinliq.Az » Hüquq guşəsi » Azərbaycanda hüquqi yardım sahəsində inqilabi yenilik-LEGALAİD

Azərbaycanda hüquqi yardım sahəsində inqilabi yenilik-LEGALAİD

Azərbaycanda hüquqi yardım sahəsində inqilabi yenilik-LEGALAİD
2020-08-10 , 15:57

Bu günlərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası və LEGALAİD MMC-nin birgə tərəfdaşlığı əsasında “LegalAid” adlı elektron hüquqi yardım mobil tətbiq plaforması yaradılmış və vətəndaşlarımızın istifadəsinə verilmişdir.

Qeyd olunmalıdır ki, bu sahədə ixtisaslaşdırılmış mobil tətbiqə dünyada çox az rast gəlinir və demək olar ki, ölkəmiz öncüllər sırasındadır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması ilə bağlı mütərəqqi islahatlar həyata keçirilməkdədir və bu sahədə innovasiyaların tətbiqi diqqət mərkəzindədir. Bu baxımdan, digər sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir.
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ölkədə vəkilliyin inkişafının yeni yol xəritəsi olmaqla, ötən dövr ərzində Sərəncamdan irəli gələn tövsiyələrin icrası istiqamətində xeyli iş görülmüşdür. Həmin Sərəncamda vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsinin genişləndirilməsi Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur. Qeyd olunan tövsiyənin icrası çərçivəsində “LegalAid” elektron hüquqi yardım mobil tətbiqi mühüm rol oynayır.
Mobil tətbiq son dövrlərdə ölkəmizdə aparılan hərtərəfli islahatlar, rəqəmsal transformasiyanın daha bir nümunəsi olmaqla vətəndaşların vəkillərə müraciət imkanlarını genişləndirəcək və hüquqi yardıma əlçatanlığı artıracaqdır. Eyni zamanda, “LegalAid” proqram təminatı vətəndaş mərkəzli bir addım olmaqla vətəndaşların hüquqi yardım xidmətlərinə çatımlığını asanlaşdıracaq, onların resurslarına qənaət edəcək və vəkillər tərəfindən hüquqi yardım göstərilməsində səmərəliyi artıracaqdır.
Qeyd edək ki, bir müddət əvvəl bu barədə Azərbaycan Respublikası Vəkillər kollegiyasının sədri Anar Bağırov da açıqlama vermiş və yaxın dövrdə uzun müddət üzərində çalışılan bu proqram təminatının vətəndaşların istifadəsinə veriləcəyini bildirmişdir.
Ən müasir texnoloji yeniliklərin tətbiq olunduğu “LegalAid” mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemli bütün mobil qurğulara yüklənə bilər. Tətbiqi yükləmiş istifadəçilər mobil tətbiqdə qeydiyyatdan keçərək şəxsi kabinetini yaradıb 24/7 vəkillərdən hüquqi məsləhətlər əldə edə bilərlər.
Mobil tətbiqin asan axtarış sistemi vasitəsi ilə vətəndaşlar rahat şəkildə istədikləri sahə üzrə vəkil tapmaq, həmçinin hüquqla bağlı suallarına, problemlərinə cavab almaq fürsəti əldə edəcəklər. Hüquqi məsləhətlər onlayn-çat üzərindən həm yazılı, həm də şifahi formada verilir.
Mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşların vəkilə çıxışında çevikliyi təmin etməklə onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq, hüquqi yardımın effektivliyini artırmaq, həmçinin vəkillər tərəfindən vətəndaşlara zamandan və yerdən asılı olmayaraq daha sürətli və əlçatan hüquqi yardımın göstərilməsinin təmin olunmasıdır.
Digər tərəfdən, dünyada və ölkədə baş verən hazırki COVID-19 pandemiyası şəraitinə uyğun olaraq bir sıra məhdudlaşdırmaların tətbiq olunması zamanı vətəndaşların vəkilə daha əlverişli çıxışı, həmçinin hüquqi yardıma əlçatanlığının təmin olunması baxımından da bu sahədə elektron hüquqi yardım mobil tətbiqinə böyük zərurət vardır.
Gələcəkdə mobil tətbiqin sistem imkanlarının və əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.
 
“LegalAid” mobil tətbiqini yükləmək üçün linklər:
AppStore: https://apps.apple.com/az/app/legalaid-az/id1510123698
GoogleStore: https://play.google.com/store/apps/details?id=az.legalaid.android&hl=en_US
Veb-sayt: https://app.legalaid.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.