Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » Deputat vəkilin avtomobilinin yandırılmasına reaksiya verdi

Deputat vəkilin avtomobilinin yandırılmasına reaksiya verdi

Deputat vəkilin avtomobilinin yandırılmasına reaksiya verdi
2021-10-17 , 17:22

Milli Məclisin üzvü Bəhruz Məhərrəmov Zaqatalada vəkil Azər İsmayılovun avtomobilinin yandırılmasına münasibət bildirib. Millət vəkili bildirib ki, "Zaqatalada fəaliyyət göstərən vəkil Azər Ismayılovun avtomobilinin yandırılması və bunun qəsdən törəfilməsinə dair versiyaların səslənməsi xəbəri məndə ciddi narahatlıq doğurdu. Məsələni Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırovla geniş müzakirə etdik. Kollegiya Sədri tərəfindən dərhal məsələyə reaksiya verilib, aidiyyatı strukturlarla kifayət ciddi kommunikasiya qurulub, problem DİN rəhbərliyinin nəzarətindədir və  hörmətli nazir Vilayət Eyvazovun bu kimi məsələlərdə həssaslığına özüm şəxsən bələdəm.
  
Bir az öncə vəkil Azər İsmayılov ilə də əlaqə saxladım. Vəkil bu insidentin icraatında olan bir işlə əlaqədar törədilməsinə dair əsaslı şübhələrə malikdir. Əlbəttə, bu versiyanın mümkünlüyü və həqiqiliyi barədə qərarı aidiyyatı orqanlar verəcək. Lakin, bir reallıq var ki, bəzən bizim cəmiyyətdə müdafiəçi və vəkilin hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməsi amili ikinci plana keçir, vəkil müdafiə etdiyi şübhəli yaxud təqsirləndirilən şəxslə, yaxud, işin xarakteri ilə eyniləşdirilir, yəni "müdafiə etdiyi cinayətkardırsa vəkil də cinayətkarı müdafiə etdiyi üçün günahkardır" kimi yalnış bir təsəvvür hələ də mövcuddur. Baxmayaraq ki, qanunvericilik açıq formada yazır ki, müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.
 
Keçmiş vəkil, habelə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, o cümlədən İnsan hüquqları komitələrinin üzvü kimi dövlətimizin insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təminatı sahəsində  maraqlarına zidd olan bu hadisənin obyektiv araşdırılacağına, cinayət faktı təsdiqlənərsə bu cinayətin tezliklə açılması, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırlması, ehtimal özünü doğruldarsa bu cinayəti törətmiş şəxs və ya şəxslərin ifşa və cinayət məsuliyyətinə cəlb ediləcəyinə ümid edir və inanıram. 
Etiraf edim ki, bəzən bu kimi hallara vəkillik fəaliyyəti ilə bağlı qanunvericilikdə ciddi boşluqların mövcudluğu da rəvac verə bilir. Məhz bu boşluqdan mümkün sui-istifadə hallarının qarşısını almaq üçün yaxın zamanlarda Parlamentə vəkillərin peşə fəaliyyətinin daha təhlükəsiz həyata keçirmələrini hədəfləyən qanun layihəsini təqdim etməyi planlaşdırıram."

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.