Yenilik.Az
ww.Aydinliq.Az » Hadisə » Əsgər payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA

Əsgər payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA

Əsgər payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA
2020-07-26 , 17:31

“Tovuzda əhali əsgərlər üçün siqaret, su, ərzaq və s. alıb aparıb. Kəndə gedən postda polislərə təhvil veriblər. Polislərdən biri əsgərlərə göndərilən 4 blok siqareti, ərzağı oğurlayıb, satıb”.

Nocomment.az xəbər verir ki, bu barədə Həbib Müntəzir sosial şəbəkə hesabında yazıb.
H.Müntəzirin iddia etdiyinə görə, əsgərlərə göndərilən sovqatı oğurlayan şəxs DSK sədrinin övladıdır:
"Bundan sonra kənddə qırğın düşüb. Polis də kim olsa yaxşıdır, 106 saylı seçki komissiyası sədri İlqar Hüseynovun oğlu, polis serjantı Babək Hüseynov. Əsgər payı oğurlayan işindədir, azadlıqdadır, gəzir”.
***

Musavat.com saytının əməkdaşı İlkin Muradov da Feysbukda bu barədə fikirlərini bölüşüb. O yazıb ki, "Tovuzda polisin əsgərə göndərilən paydan götürməsi haqda məndən də soruşurlar. Bu haqda bir neçə gündür eşitmişdim. Sadəcə bu gün dəqiqləşdirmək imkanım oldu. Bəli, həmin polis serjantı işdən çıxarılıb. Bir nəfərin görməmişliyi görülən bütün işi heç edir. Minlərlə insan Bakıdan, bölgələrdən əsgərə pay gətirir. Bu, onların da ümidini qırır. Tovuzda olan polislərin əksəriyyəti yerli adamlardır. Onların çoxu elə indi də polis kimi öz kəndlərində postdadır. Həmin gənc polislərin əsgərə öz ciblərindən əlcək, siqaret aldığını da görmüşəm. Onların da əziyyətinə təəssüflənirəm.
İşdən çıxarılan polis haqda bir məsələni danışım. Bu adamın gənc və hamının hörmətini qazanmış qardaşı qəzada dünyasını dəyişib. Bu necə adam olubsa, anası yasda deyirmiş ki, kaş o biri oğlum (əsgərin payını oğurlayan) ölərdi..."
***
 
Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda polis əməkdaşı İlqar Hüseynzadənin əsgərlərə aparılan payı mənimsədiyi üçün işdən çıxarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu informasiya xaricdə oturub həqiqətə uyğun olmayan, uydurma məlumat yayanların dövlətin, millətin ünvanına şər-böhtan atanların növbəti təxribatıdır:
“Deyilənlər həqiqəti, reallığı əks etdirmir. Birincisi, Müdafiə Nazirliyi ordunu yüksək səviyyədə təmin edir, ordumuzun heç bir kənar yardıma, ərzaqa ehtiyacı yoxdur. İkincisi, hansısa bir vətəndaş yardım gətiribsə, bunun da polisə heç bir aidiyyəti yoxdur. Ona görə də həmin polis serjantının işdən çıxarılması barədə onların göstərdiyi səbəb yalandır.
Həmin əməkdaş ötən il xidmətdə yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmalı idi, lakin onun səmimi etirafı, peşman olması, bir daha belə bir əməl tutmayacağı ilə bağlı verdiyi vəd və gənc olması nəzərə alınaraq ona daha yüngül cəza verilmişdi. Həmin şəxsə o vaxt şiddətli töhmət verildi. Onun həmin nöqsandan heç bir nəticə çıxarmadığı, xidməti fəaliyyətində heç bir dönüş yaratmadığı məlum oldu. O, növbəti dəfə xidmətdə məsuliyyətsizliyə yol verməsinə görə Tovuz Rayon Polis Şöbəsinin rəisinin əmri ilə xidmətdən xaric olundu. Həmin əməkdaşın ailəsi müəyyən qədər imkanlıdır, atası hansısa bir vəzifəni tutur, anası isə həkimdir. Yəni, onun siqaret oğurlamağa, mənimsəməyə ehtiyacı da yoxdur. Xaricdə oturan şəxslər isə dövlətin, millətin adına utanc gətirmək üçün yalan məlumatlarla qarışqadan fil düzəldirlər".


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.