Bu biabırçılığa söz tapmaq olmurdu - "Space" düşdüyü dərədən kosmosa qalxacaqmı?

Bu biabırçılığa söz tapmaq olmurdu - "Space" düşdüyü dərədən kosmosa qalxacaqmı? Teleməkanda yeni rəhbər dəyişikliyi baş verdi. “Space” teleradio şirkətinə ADA Universitetinin təhsil fakültəsinin baş müəllimi, 1959-cu il təvəllüdlü Ülviyyə Mikayılova təyin olundu. Bu, ölkənin təhsil sistemi üçün böyük kadr itkisidir. Ü. Mikayılova həm də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir. 2009-cu ildən Dünya Bankının və YUNİSEF-in beynəlxalq məsləhətçisi kimi Azərbaycanda və xaricdə bir sıra islahat yönümlü layihələrdə çalışıb, elmi məqalələri yerli və xarici KİV-lərdə dərc edilib.
Təyinatından dərhal sonra Ülviyyə Mikayılova unikal.org-a açıqlamasında bildirib ki, artıq kollektivə təqdim olunub: “Məni kollektivə Milli Teleradio Şurasının sədri İsmət Səttarov təqdim etdi. Təqdimatda da kollektivə bildirdim ki, “Space” maarifləndirici televiziya olmalıdır. Sabahdan etibarən kollektivlə tanış olacam. İslahatların və yeni təyinatların olacağı ilə bağlı, hələ ki, indidən nəsə deyə bilmərəm”.
Qeyd edək ki, 12 oktyabr 1997-ci il tarixində fəaliyyətə başlayan “Space” TV-yə indiyədək 1993–1999-cu illərdə Azərbaycan Prezidenti Heydər Əliyevin administrasiyasında katibliyin rəhbəri, prezidentin xarici və daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə köməkçi vəzifələrində çalışmış Eldar Namazov (1997–2001), tanınmış televiziyaçı, jurnalist və ictimai xadim Etibar Babayev (2001–2006), AzərTAc-ın əməkdaşı Sevinc Abdullayeva (7 aprel 2006–25 aprel 2006), tanınmış kinorejissor Vaqif Mustafayev (2006–2021) və Kamil Şahverdiyev (5 fevral 2021–5 may 2021) rəhbərlik ediblər. Sonuncu televiziyanın icraçı direktoru kimi şirkətin rəhbərini müvəqqəti olaraq əvəz edirdi. İnsaf xatirinə deyək ki, vaxtilə AzTV-də çalışmış, Rəşid Behbudov Fondunun rəhbəri K.Şahverdiyev çox qısa müddət ərzində telekanalın fəaliyyətində müəyyən uğur qazandı.
Amma ekspertlərin fikrincə, “Space” TV, əsasən, 1997–2001-ci illərdə Eldar Namazovun rəhbərliyi dönəmində informasiya-analitik verilişləri, tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə fərqlənirdi. Çünki telekanala peşəkarlardan ibarət komanda çəlb edilmişdi. Nə qədər qəribə olsa da, bu telekanalın böhran dövrü tanınmış kinorejissor Vaqif Mustafayevin təyinatından sonra başladı. “Space” TV hind filmlərinin, bayağı proqramların nümayiş etdirildiyi nüfuzsuz yayım şəbəkəsinə çevrildi. Efirin qiymətli saatlarında toylar, müğənnilərin doğum gün əylənmələri göstərilirdi. Bu biabırçılığa söz tapmaq olmurdu. Belə anlaşılmaz yanaşmanın nəticəsi çox ağır oldu: telekanal tamaşaçı auditoriyasını tamamilə itirdi. İstehza ilə “Toyxana” adlanmağa da “Space” o zamandan başladı.
Doğrudur, vətəndaş cəmiyyəti “Space” telekanalının qurucusu, böyük zövq sahibi olan Sevil Əliyevanın niyə bu məsələnin qarşısını almadığına təəccübləndiyini tez-tez dilə gətirirdi. Nəhayət, cari ilin əvvəlində Sevil xanım bu istiqamətdə qətiyyətli addımını atdı və Vaqif Mustafayev şirkət rəhbərliyindən uzaqlaşdırıldı. “Haqqın.az” saytına açıqlamasında Sevil xanım “Space” TV-nin son dövrdəki fəaliyyətindən narahat olduğunu bildirdi: “Həqiqət budur ki, “Space”in fəaliyyəti, təqdim etdiyi kontent son vaxtlar ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və yalnız Bakıya səfərlərim zamanı kanalın verilişlərini izləmişəm. Ancaq etiraf etməliyəm ki, KİV səhifələrində vaxtaşırı yazılan çoxsaylı iradlar, sərt tənqidlər tamamilə haqlıdır. Son illərdə kanalın, onun verilişlərinin səviyyəsi həddən artıq aşağı səviyyədədir. Onun məhsullarının qeyri-peşəkarlığından və keyfiyyətsizliyindən əsəbiləşən izləyicilərin fikirlərini tamamilə bölüşürəm”.
İnsaf naminə deyək ki, Vaqif Mustafayevin gedişindən sonrakı qısa müddət ərzində “Space”in icraçı direktoru K.Şahverdiyev telekanalın fəaliyyətində bir sıra müsbət dəyişikliklərə nail ola bildi. Lakin bu, kifayət deyil.
Teleməkanın bəzi nümayəndələri, xüsusilə də Eldar Namazov və Etibar Babayev dönəmində “Space”də çalışmış, hazırda isə digər televiziyalarda işləyən peşəkar telejurnalistlər, aparıcılar, rejissorlar yenidən öz doğma kanallarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini etiraf edirdilər. Lakin yeni təyinat onları məyus etdi. Bunu onların sosial media şəbəkələrində paylaşılan statuslarından da görmək mümkündür.
Amma bir incə məqam var. Eldar Namazov da tv mütəxəssisi deyildi və APİ-nin tarix fakültəsini bitirib. Hərçənd, onun geniş media təcrübəsi var idi. E.Namazovun dönəmində tv-nin fəaliyyəti daha uğurlu idi. Yəqin ümidi itirməyə dəyməz. Çünki “Space” tv-ni maarifləndirici televiziya kimi görmək istədiyini bəyan edən təcrübəli təhsil mütəxəssisi rəhbərliyə gətirilib. Təki, “Space” TV teleməkanda adına layiq yerini tutmağa nail olsun və efirdən peşəkarlıq yağsın.
Xatirə SADİQ,
KONKRET.az
Geri qayıt