Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Jurnalistlər binasında oturub Prezidentə müraciət edənlərə...

Jurnalistlər binasında oturub Prezidentə müraciət edənlərə...

Jurnalistlər binasında oturub Prezidentə müraciət edənlərə...
2021-07-24 , 21:20

Bir qrup media və QHT nümayəndəsi Jurnalistlər üçün tikilən 3-cü binadakı mənzillərin şəhid və qazi ailələrinə verilməsilə bağlı Prezidentə müraciət ünvanlayıb. Müraciətin məzmunu çox gözəl, müraciət çox aktualdır. Ona görə ki, şəhid və qazi ailələri bizim üçün çox əzizdir və bu günümüzə görə göydə Allaha, yerdə onlara borcluyuq. Bu öz yerində. Amma məsələnin başqa tərəfi var və yazının mövzusu da həmin tərəfdir.


3-cü binadakı mənzillər həqiqətən də şəhid və qazi ailələrinə verilsə, həm də ona görə yaxşı olar ki, heç olmasa bu dəfə "katibələr", sürücülər, bir neçə evi olan baş redaktorlar ev almaz. Onsuz da adamımız olmadığına görə, bu dəfə də bizim adımız o siyahılara düşməyəcək, heç olmasa şəhid və qazi ailələri evlə təmin olunsunlar.  Bilərik ki, o binada evi ola-ola təkrar ev alan gözü doymayanlar yox, bizim əzizlərimiz yaşayırlar. Çünki şəhid və qazi ailələri hər bir azərbaycanlının əzizidir, doğmasıdır. Amma bir müraciəti edəndə də gərək səmimi olasan. İllah da ki, xalqın seçdiyi Prezidentə müraciət edəndə. Amma biz görürük ki, bəzi adamlar o qədər qeyri-səmimiliyə öyrəşiblər ki, Prezidentə müraciət edəndə də səmimi ola bilmirlər. Ona görə də bəziləri əvvəlki Jurnalistlər binasında ev alıb, indi də oturub həmin evdə və "başqasına əriştə kəsir". Adama deyərlər ay çoxbilmiş, sən əgər şəhid və qazi ailəsi düşünənsənsə, bir zəhmət dövlətdən aldığın o evi boşalt, açarı ver dövlətə və müraciət elə ki, xahiş edirəm bu evi ehtiyacı olan şəhid və qazi ailəsinə verin.  Ondan sonra belə bir müraciət elə, camaat da "əhsən belə kişiyə" desin. Yoxsa oturmusan Jurnalistlər üçün tikilən əvvəlki binadakı evində, rahat-rahat Prezidentə müraciət edirsən ki, bəs  "Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun. Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar."

Cənablar, Prezident hələ Vətən müharibəsi dövründə demişdi ki,"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.  Ona görə də sizin təşəbbüsünüzə ehtiyac yoxdur. Prezident özü nəyi necə etmək lazımdır, hamınızdan da gözəl bilir, kiminsə təşəbbüsünə, yol göstərməyinə ehtiyac yoxdur. Amma həmrəylik də gözəl fikirdir. Buyurun həmrəylik göstərin. Aldığınız evlərdən şəhid və qazi ailələrinin xeyrinə imtina edin, gözəl bir nümunə göstərin bizə. Onsuz da o binalarda ev alana qədər çöldə qalmamışdınız. Hadi görəyim sizləri...

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.