Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...

Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...

Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
2021-03-07 , 11:45

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov barədə Ovqat.com-un dərc etdiyi məqaləyə cavab “Yeni Müsavat”da verilib. Biz də həqiqət üzə çıxsın deyə, həmin məqaləni olduğu kimi dərc edirik. 

 

Təqdimatdan əvvəl onu vurğulamaq istərdik ki, iddia bizə yox, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədova aiddir. D.Gülməmmədovun redaksiyaya göndərdiyi digər iddialar da var və biz onları yaxın günlərdə ictimai müzakirəyə çıxaracağıq. Ümidvarıq ki, Cənab Səfir bu ittihamlara da aydınlıq gətirəcək və biz də onu məmnuniyyətlə yayımlayacağıq. Dəyərli Qüdsi Osmanovdan da ən böyük təvəqqemiz həqiqətlərin gün üzünə çıxması üçün iddiaları cavabsız qoymaması və bu işdə bizə yardımçı olmasıdır.

Cavab yazısında təqdim olunan dəlillərə gəlincə, etiraf edək ki, bizə Krımda çəkilmiş kimi göstərilən video-görüntünün əslində Soçidə lentə alındığı “Yeni Müsavat”ın əməkdaşı tərəfindən ciddi faktlarla sübuta yetirilib və biz də buna görə həmkarımıza təşəkkür edirik.
 
Bununla belə, həmkarımızın Ukrayna Baş Prokurorluğunun Qüdsi Osmanov barəsində cinayət işi qaldırmaması arqumenti ilə razılaşmaq mümkün deyil. Ən azı ona görə ki, Baş Prokurorluğun rəsmi sənədləri hər zaman əlçatan olmur. Təbii ki, əlçatmazlıq ayrı şeydir, mövcud olmamaq isə  ayrı şey. Ümidvarıq ki, həmkarlarımız bu iki məfhumu bir-birinə qarışdırmasalar, əsl həqiqətin ortaya çıxmasına yardımçı ola bilərlər.
 
Biz də bu reallığı nəzərə alıb sözügedən sənədin saxta olub-olmadığını müəyyənləşdirmək üçün Ukrayna Baş Prokurorluğuna sorğu göndərmişik. Yəqin ki, yaxın günlərdə bu müəmmaya da rəsmi şəkildə aydınlıq gətirilər, biz də onu dəyərli oxucularımızla paylaşarıq.
 
Sonda onu da vurğulayırıq ki, Ovqat.com olaraq, bizim Cənab Səfir Qüdsi Osmanovla hər hansı qərəzçiliyimiz yoxdur. Sadəcə onun barəsində irəli sürülən iddiaları milli məsələ kimi qəbul edir və həqiqətləri gün üzünə çıxarmağa çalışırıq. Odur ki, Qüdsi Osmanovun iddialara cavabları bizim üçün iddiaların özü qədər dəyərlidir.
 
İndi isə “Yeni Müsavat” qəzetində dərc olunan məqaləni təqdim edirik.


Qüdsi Osmanovun Putinlə birgə fotosu Krımda yox, Soçidə çəkilib; “Məyus oluram ki, bəzi azərbaycanlılar da ermənilərin ölkəmizə qarşı kampaniyasında yer alırlar”

Azərbaycanın Moldovadakı səlahiyyətli və fövqaladə səfiri Qüdsü Osmanovla bağlı bir müddətdir ki, xoşagəlməz məlumatlar, informasiyalar tirajlanır. Sosial şəbəkələrdə bir neçə nəfərin və Azərbaycanda bəzi aqreqator saytların üzərindən yayılan xəbərlərin mahiyyətinə baxdıqda, onların kampaniya, qara piar xarakteri daşıdığı aydın sezilir. Məsələnin daha çox narahatedici cəhəti odur ki, ermənilər bu cür kampaniyalardan təkcə səfirə qarşı deyil, bütövlükdə Azərbaycana və Azərbaycan diplomatiyasına qarşı kəmfürsətcəsinə istifadə edirlər.

Nəzərə alanda ki, aylardır Qüdsü Osmanov Moldovada erməni lobbisi ilə savaşır, hətta orada ermənilər Azərbaycan səfirini məhkəməyə veriblər və bundan Azərbaycana qarşı yararlanırlar, o zaman son baş verənlərin də təsadüfi olmadığı qənaətinə gəlmək olur. Bir səfirin üzərindən Azərbaycana qarşı çirkin bir kampaniya həyata keçirilir və çox təəəccüblü, təəssüf doğuran haldır ki, bu prosesdə bilərəkdənmi, bilməyərəkdənmi bəzi azərbaycanlılar da iştirakçıdırlar...

Öncə nəzərə çatdıraq ki, ötən ilin yayında – Tovuz döyüşləri zamanı dünyann bir sıra ölkələrində xaricdə yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək mitinqləri keçirirdilər. Bu aksiyalar zamanı ermənilər azərbaycanlılara hücumlar təşkil edir, təxribatlar törədir, azərbaycanlıları tək tutduqda döyürdülər. Bu proses genişləndi və azərbaycanlılar bir neçə ölkədə erməniləri əzişdirəndən sonra onların gözü qırıldı. Həmin dönəmdə Moldovadakı Azərbaycan diasporu da çox fəal idi və bir neçə dəfə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirmişdilər, həmçinin Ermənistan səfirliyinin qarşısında etiraz piketi təşkil etmişdilər. Həmin aksiya zamanı Kişinyovdakı ermənilər azərbaycanlılara xain hücum etmişdilər. Ancaq soydaşlarımız onları əzişdirib, yola salmışdılar.

Araşdırmalar zamanı üzə çıxmışdı ki, Moldovada ermənilərin təxribatını təşkil edən iki erməni bu ölkədə rəsmi şəxslərdir – biri deputat Qayk Vartanyan, digəri isə o vaxtkı prezident İqor Dodonun müşaviri Ernest Vardanyan idi. Bu fakt deşifrə edildikdən sonra səfir Qüdsi Osmanov azərbaycanlıların müdafiəsini təşkil etdi, təxribatın arxasında məhz o iki nəfərin dayandığını rəsmi bəyanatla, açıqlama ilə çatdırdı, Moldova hökumətindən həmin şəxslərin cəzalandırılmasını istədi.

Çünki həmin şəxslər milliyyətcə erməni olsalar da, Moldovada vəzifə tuturdular və bu cür aksiyalarda iştirakları qanunsuzdur.

Bu prosesdə Azrbaycan diasporu və səfirlik erməniləri əməllicə əzdi. Vəzifəli şəxslər günlərlə açıqlama yayaraq, təkziblər versələr də, onların əməlləri ifşa edildi.

Daha sonra isə erməni diasporu səfir Qüdsi Osmanova qarşı “qisas əməliyyatı”na başladı. Ona qarşı məhkəmədə də absurd iddia qaldırıldı. Mahiyyət bundan ibarətdir ki, niyə səfir azərbaycanlıların arxasında durub. Əlbəttə, bu məhkəmə iddiası əsassızdır. Sonuncu məhkəmə iclası fevralın 8-də oldu və proses mayın 8-dək təxirə salındı.

Faktiki olaraq səfir Qüdsi Osmanova qarşı Moldovadakı erməni diasporu tərəfindən uzun müddətdir bu və digər şəkildə qaralama kampaniyası aparılır. Bu, təsadüfi deyil, çünki Q.Osmanov Moldovada azərbaycanlıların müdafiəsi, diaspor təşkilatının güclənməsi, aktivliyi üçün maksimum səylər göstərir. Əgər bir neçə il öncə Moldovada erməni diasporu güclü idisə, indi Azərbaycan diasporu onları üstələyir. Bu, təbii ki, ermənilərin ona qarşı hücumuna səbəb olur. Moldovadakı durumu incələyərkən bu qənaətə gəlmək olur.

Və hiyləgərcəsinə bu qara piarı səfir üzərindən Azərbaycana qarşı yönəltməyə çalışırlar.

Bir müddət öncə - yanvarda belə şayiəni dövriyyəyə buraxdılar ki, səfir Qüdsi Osmanov Kişinyovda priton saxlayır, orada xoşagəlməz işlər baş verir. Daha sonra səfirin adını kazino biznesinə, intihar olaylarına bağlamağa çalışdılar. Bu iddiaların heç biri təsdiqini tapmadı və bəlli oldu ki, bunlar məhz Azərbaycan diplomatiyasına hücum üçün istifadə edilən çirkin məqsədlərdir, arxasında erməni izi var.
Çox təəssüf ki, bu prosesdə bilərəkdənmi, bilməyərəkdənmi bəzi azərbaycanlılar da iştirakçıdır.

Bu haqda bu yaxınlarda verdiyi müsahibəsində Osmanov özü ətraflı danışmışdı...

Son olaraq isə belə xəbər dövriyyəyə buraxılıb ki, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü Qüdsi Dursun oğlu Osmanov barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri üzrə cinayət işi başladıb.

Bunu Azərbaycandakı bəzi saytlar yazıb. İddia bundan ibarətdir ki, Qüdsi Osmanovun Rusiya Federasiyası tərəfindən işğal edilmiş Ukraynanın Krım Muxtar Respublikası ərazisinə qanunsuz səfər edib, orada bir tədbirdə Rusiya prezidenti Vladimir Putinin yanında dayanıb və Krımda (?) keçirilən sambo yarışını seyr edir. Buna dair foto da yazıya əlavə edilib.

Sayt iddia edir ki, Ukrayna Baş Prokurorluğu da bu görüntüləri incələyib və ölkənin ərazi bütövlüyünə və suverenlik haqlarına hörmətsizlik edən Azərbaycan səfiri barəsində cinayət işi açıb.

Məlumata görə, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Prokurorluğu Qüdsi Dursun oğlu Osmanovun törətdiyi cinayəti Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri ilə (Maddə 332-1. Müvəqqəti işğal altında olan Ukrayna ərazisinə giriş və çıxma prosedurunun pozulması) ilə təsnif edərək topladığı faktları araşdırılması üçün istintaqa göndərilib. Paralel olaqar Ukrayna Müdafiə nazirliyi Baş Kəşfiyyat idarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin də Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanovla bağlı məxfi araşdırma başladığı iddia olunur.

Və ən qəribəsi odur ki, saytın yazdığına görə, cinayət işinin Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədovun rəsmi müraciəti əsasında açıldığı bildirilir.

Maraqlıdır ki, bu haqda hüquqşünas Aslan İsmayılov da facebook səhifəsində yazıb və Qüdsi Osmanova qarşı kampaniyaya qoşulub. Məgər bu xəbərin bir ciddiyyəti varmı? Axı bu birbaşa Azərbaycanı müxtəlif dairələrin hədəfinə çıxarmaqdır...

Kiçik araşdırma aparırıq. Bəlli olur ki, Azərbaycan səfirinin heç bir qanunsuz səfəri olmayıb. Habelə hüquqşünaslarla dəqiqləşdirmələrdən aydın olur ki, hətta səfir Krıma getmiş olsaydı belə, ona qarşı cinayət işi başlanıla bilməz. Onun sadəcə arzuolunmaz şəxs kimi Ukraynaya girişi qadağan oluna bilər, bir də Azərbaycan Xarici İşlər Nazirliyinə bildiriş, nota göndərilə bilərdi. Bunlar da yoxdur. Ən əsası, Qüdsi Osmanovu tanıdığımız üçün söyləyə bilərik ki, o, çox ehtiyatlı davranışlı, diplomatik dəngələri daim qoruyan diplomatdır, heç bir halda Krıma getməz...

Səfir Qüdsi Osmanova bu məsələlərlə bağlı telefon açdıq. Cənab Osmanov belə şayiələrin dövriyyəyə buraxılmasından sadəcə, məyus olduğunu dedi: “Özümə görə təbii narahat deyiləm, çünki hansısa bir qanunsuz addımım yoxdur, sadəcə bu cür uydurmalardan düşmənlərimizin Azərbaycana qarşı istifadə etməsinə rəvac verənlərin sırasında azərbaycanlıların olmasından təəssüf edirəm. Krıma getməyim haqda deyilənlər tam yalandır. Mən Krıma nəinki bu yaxınlarda, heç bir zaman, hətta SSRİ vaxtı da getməmişəm. Putinlə birgə görüntüləndiyim foto 1 il öncə Soçidə çəkilib. Eyni tədbirə dəvət almışdım və qonaqlar kürsüsündə əyləşdiyim yer Rusiya Prezidenti Vladmir Putinə yaxın idi. İndi erməni lobbisi bu kadrları Krımda çəkilmiş kimi tirajlayır və bir səfirin üzərindən Azərbaycana qarşı istifadə etməyə çalışır. Krımda heç zaman olmamışam, o foto da Soçidə çəkilib, rəsmi dəvətlə iştirak etdiyim tədbirdir. Bu haqda Rusiyanın xəbər saytlarına baxa bilərsiz.

(Soçidə Qüdsi Osmanovun da iştirak etdiyi tədbir – link: https://ren.tv/news/v-rossii/664527-putin-pozdravil-pobeditelei-pervogo-chempionata-ligi-boevogo-sambo )




Çox təəssüf edirəm, məyus oluram ki, bəzi azərbaycanlılar da ermənilərin Azərbaycana qarşı kampaniyasında yer alırlar. Bizə o şəxslərin kimliyi bəllidir, sadəcə istəməzdim onların adlarını açıqlayım. Onlardan bizə qarşı prosesdə Tovuz hadisələri zamanı Moldovada istifadə etmişdilər. Moldova tərəfi həmin şəxslərin kimliyini bizə açıqlamışdı, mən bundan sadəcə məyusam. Onların bu işdə hansı məqsədlə iştirakçı olduğuna isə düşünürəm ki, dövlətimizin müvafiq orqanları qiymət verəcək, bu mənim səlahiyyətim daxilində olan məsələ deyil”...

Maraqlıdır ki, Aslan İsmayılov hüquqşünasdır, hər zaman fakt olmadan danışmamağa səsləyir, amma indi özü bir şayiənin üzərindən status yazır, heç bir araşdırma da aparmır.

Hüquqşünaslar deyir ki, səfir hətta Krıma getmiş olsaydı belə, hüquqi baxımdan buna görə səfirə cinayət işi açılmır.
Bəs elə isə Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu adından screeni dərc edilən məktub saxtadırmı?

Araşdırdıq, belə bir rəsmi məktub heç yerdə çıxmadı. Səfir özü də deyir ki, həmin məktub saxtadır, kimlərsə kompüterdə hazırlayıb: “Bu, sənəd saxtalaşdırılması halıdır, konkret cinayət əməlidir”.

Belə. Gerçəkdən acınacaqlı haldır ki, ermənilərin Azərbaycan səfiri üzərindən dövlətimizə qarşı həyata keçirdiyi qara piar kampaniyasında azərbaycanlılar və bəzi Azərbaycan saytları iştirakçıdır.

Ermənilər bu prosesdə bəlli bir mexanizm qururlar: məsələn, məqsədli yalanları öncə müxtəlif şəxslər vasitəsi ilə sosial şəbəkələrə sızdırırlar, bəzi azərbaycanlılar da bunları bilərəkdən, bilməyərəkdən tirajlayır, bəzi saytlar da dərc edir. Sonra ermənilər Azərbaycan saytlarına, Azərbaycan vətəndaşlarına istinad edərək, dərhal pulla bunu xarici mediada yazdırır və “bunu biz yox, özləri yazır” söyləyirlər. Beləcə, Azərbaycan dövlətinə qarşı kampaniya aparırlar. Hazırda Moldova saytlarında ermənilər bu işi həyata keçirir.

Musavat.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.