Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Yüz milyonlar hara getdi və futbolumuzu kim “öldürdü” - ARAŞDIRMA

Yüz milyonlar hara getdi və futbolumuzu kim “öldürdü” - ARAŞDIRMA

Yüz milyonlar hara getdi və futbolumuzu kim “öldürdü” - ARAŞDIRMA
2020-11-25 , 22:01

Gürcüstan və Ermənistan futboluna bizdən dəfələrlə az vəsait xərcləndiyi halda onların yüksək nəticələr əldə etməsi, bizdə bu pulların mənimsənildiyini deməyə əsas verir

Ölkənin beynəlxalq nüfuzunun yüksəlməsində idmanın böyük rolu var. Bəzi ölkələr var ki, dünyada məhz idman sayəsində tanınıblar. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 1-ci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi də ölkəmizin dünya standartlı idman infrastrukturuna malik olmasının qəbul edilməsi idi. Dövlətimiz bu sahəyə xüsusi diqqət ayırır və bunun nəticəsində bir çox idman növlərində böyük uğurlar qazanılır. Olimpiya oyunlarında, müxtəlif idman növləri üzrə dünya və qitə çempionatlarında qazandığımız uğurlar buna sübutdur. Amma bir idman növü var ki, dövlətin ən çox maliyyə ayırdığı sahə olmasına baxmayaraq, nəticə nəinki yoxdur, əksinə, ildən-ilə daha da zəifləyir. Bu idmanın şahı sayılan futboldur.
2003-çü ildə Azərbaycan futbolunda böyük ümidlər verən dəyişikliklər baş verdi. Ramiz Mirzəyev AFFA-nın rəhbəri seçildi, ölkə futboluna böyük pullar yatırılmağa başlandı, ölkə çempionatında 18 klub iştirak etdi. 2007-ci ildə Ramiz Mirzəyevin səhhətinin pisləşməsindən sonra faktiki olaraq Azərbaycan futbolunu AFFA-nın baş katibi Elxan Məmmədov- futbolumuzun “xaç atası” idarə etməyə başladı. 2008-ci ildə ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev AFFA prezidenti seçildi. Abdullayev-Məmmədov tandemi 12 ildir ölkə futboluna rəhbərlik edirlər. Onlar ölkə futbolunu şəxsi biznes sahəsinə çevirdilər. Bu ikilinin birgə rəhbərliyi dövründə futbol sahəsini cəmi 2 kəlmə ilə izah etmək olar- böyük pulların “havaya” sovrulması və tam rüsvayçılıq.
Vaxtilə 16, 18 klubdan ibarət ölkə çempionatımız, son illərdə 8 komandalıq “Bakı birilinciyi”nə və ya “Topaz” turnirinə çevrilib. 2008-ci ildə indiki AFFA rəhbərliyi işə başlayanda ölkə çempionatında bölgələrin çoxluq təşkil etdiyi 14 klub iştirak edirdi. Hər bir klubun sponsoru var idi, çempionata maraq böyük idi, azarkeşlər demək olar ki, bütün oyunlarda stadionları doldururlar. Lakin bu ikilinin işi nəticəsində sponsorlar da futbolumuzdan soyudular, azarkeşlər də.
Bu gün AFFA rəhbərliyindən bunun səbəbini soruşanda sponsorluqsuzdan, imkanlı şəxslərin və böyük şirkətlərin futbola yatırım etməkdə maraqsız olduğunu deyirlər. Halbuki, hər kəsə məlumdur ki, sponsorlar futbolumuzdan yan qaçmasının, küsməsinin əsas səbəbi, məhz indiki AFFA rəhbərliyidir. Məhz onların sponsorların qarşısına öz qaydaları ilə oynamaq şərti qoyduqlarından futbolumuza pul yatıran şəxslər bu sahədən getdilər, digərləri isə indi də yan qaçmağa çalışırlar. Avropada üzümüzü ağ edən klubların adına baxanda AFFA rəhbərliyinin ölkə futboluna nə qədər zərər vurduğunu görmək kifayət edir.
Avrokuboklardakı uğurlarımızın əsas payı “Qarabağ”ın və son mövsümlərə kimi daima Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ”nin payına düşür. Bu 2 klub xaric demək olar ki, digər klubların əksəriyyəti ya birbaşa ya da dolayı yolla AFFA prezidentinin və ya baş katibinin nəzarətindədir. Ölkə futbolunun “flaqman”ı sayılan “Neftçi” avrokubokların final mərhələsinə vəsiqə qazanan ilk klubumuz kimi tarixə düşdü, lakin bu komanda hazırki AFFA rəhbərliyinin faktiki nəzartinə keçəndən ayrılan maliyyə artsa da, qazanılan uğurlar dəfələrlə azalıb, paytaxt təmsilçisi inkişaf etməkdənsə deqradasiyaya uğrayıb.
Yığma komandalarımıza gəldikdə isə vəziyyət daha acınacaqlıdır. Abdullayev-Məmmədov tandemi düz 12 il başımızı əsas hədəfin “Avropa Çempionatı-2020” olduğu nağılı ilə qatdılar. Amma sonda məhz AVRO-2020-in seçmə mərhələsində tariximizin ən biabırçı nəticələrindən birinə imza atdıq, cəmi 1 xal toplaya bildik. Vaxtilə daha pis şəraitdə Portuqaliya ilə heç-heçə ilə qürurlanırdıqsa, indi bir vaxtlar “rahat 6 xal” gözü ilə baxdığımız Lüksemburqla heç-heçəni bayram edirik, buna görə futbolçularımıza mükafat ayrılır.
Mükafatlardan söz düşmüşkən, dünyada AFFA kimi biabırçı mükafatlandırma sisteminə malik 2-ci bir ölkə futbol federasiyası tapmaq çətindir. Əgər digər ölkələrdə yığma komandanın futbolçularına mükafat qarşıya qoyulan hədəfə çatdıqları üçün ayrılırsa, bizdə əksinədir. Misal üçün, son 10 gün ərzində Sloveniya ilə yoldaşlıq görüşündə 0:0 hesablı heç-heçəyə görə, və Millətlər Liqasının qrup mərhələsində Çernoqoriya və Lüksemburqla eyni hesablı bərabərliyə görə, yığma komandanın futbolçularının hər birinə 45 min manat mükafat ayrılıb. Xatırladaq ki, bu nəticələrdən sonra biz Millətlər Liqasının qrupundan növbəti mərhələyə çıxmaq şansı itirdik. Halbuki, əsas məqsəd məhz qrupdan çıxmaq idi.
Göründüyü kimi, AFFA futbolçularımız qarşıya qoyulan hədəfə çatmadıqları üçün mükafatlandırıb. Hər dəfə belə oyunlardan sonra azarkeşlərin ən çox tənqid etdikləri futbolçular olub. Halbuki, ən az günah məhz onlardadır. Onları necə öyrədiblərsə, elə də oynayırlar. Bizim uğursuzluqların fonunda dəfələrlə daha az maliyyə ayrılan Gürcüstan və Ermənistanın yığma komandalarının qazandıqları nəticələr göz deşir. Gürcüstan yığma komandası təqribən 1 həftə bundan əvvəl Millətlər Liqasının bizim də iştirak etdiyimiz divizionunun gümüş medalını qazandı və Avropa Çempionatı-2020-in final mərhələsinin bir addımlığında dayandı. Bütün günü ələ saldığımız, cəbhədə ordusunu darmadağın etdiyimiz, prezidentindən baş nazirinə, hərbçilərindən iqtisadiyyatına qədər lağ obyekti olan Ermənistanın futbol yığması Millətlər Liqasında öz qrupunda lider oldu və B divizionuna vəsiqə qazandı. Biz isə hələ də sonuncu olmadığımız üçün sevinirik. Bəxtimizdən, UEFA bizim yığma komandanın onlarla heç bir turnirdə qarşılaşmasına icazə vermir. Görəsən, heç utanırmı AFFA rəhbərliyi buna görə? Ayıb olsun, başqa nə deyə bilərik, sadəcə, ayıb olsun.

Yuxarıda da qeyd etdiyim ki, bu nəticələrdə ən az günah futbolçularımızdadır. Onlara uşaq yaşlarında necə öyrədirlər, elə də oynayırlar. Azərbaycanda bu 12 ildə AFFA rəhbərliyi normal bir akademiya qura bilməyib. Qonşularımız Gürcüstanın və Ermənistanın futbolçularını Avropanın öndə gedən çempionatlarında iştirak edən klubların heyətlərində gördüyümüz halda, bizim futbolçularımız heç qonşu Türkiyə və Rusiya çempionatlarının autsayderlərinin əvəzedici heyətlərində belə möhkəmlənə bilmirlər. Hamısının da səbəbi futbol başbilənlərimizin 12 il ərzində uşaq futbolunda inkişafa nail olmaq üçün normal bir infrastuktrur qura bilməməsi, səviyyəli uşaq məşqçiləri yetişdirə bilməməlidir.
Bunun səbəbini soruşanda AFFA-nın “xaç atası” sizə 150 min futbolçunun qeydiyyatdan keçdiyini deyəcək. Sual verə bilərsiz ki, bəs 150 min futbolçu qeydiyyatda olan ölkənin aşağı yaşlı yığmalarının əsasını niyə türkiyəli və rusiyalı futbolçular təşkil edir.
AFFA rəhbərliyinin uğursuz layihələri o qədərdir ki, saymaqla bitməz. 2009-cu ildə əsası qoyulan və mövcud olduğu müddətdə 3 milyondan çox vəsait ayrılan və guya 3000 azərbaycanlının tədris keçdiyi “Berlin Futbol Akademiyası”. Akademiyanın fəaliyyəti necə müəmmalı idisə, sonu da eyni formada müəmmalı oldu. Mətbaut konfransların birində bir jurnalistin “Berlin futbol akademiyası ünvanı hardadı?” sualına heç bir AFFA məsul şəxsinin cavab verə bilməməsinin üzərindən heç 1 ay keçmədən bu “akademiya”nın fəaliyyətinin dayandırılması elan olundu...
AFFA şübhəli Berlin layihəsinə milyonlar xərcləmək əvəzinə Gəncədə futbol akademiyası yarada bilməzdimi? 10-12 ildə yüz milyonların havaya sovrulması kimə lazım idi? Axı bu vəsait AFFA-nın deyil, dövlətin, xalqındır. Razılaşmayanlar varsa, Berlin "akademiyası"ndan bir ortabab futbolçu adı çəksinlər. Son 12 ildə "Azərbaycanlı futbol oynaya bilmir" adı altında 100-dən çox nəsli-kökü bilinməyən, Azərbaycana heç bir bağlılığı olmayan əcnəbi futbolçular gətirilib, pasportumuz verilib. Çoxu da “küçədən tutma” futbolçular. Hətta, bir braziliyalı jurnalist yazırdı ki, azərbaycanlılar gəlib küçədən uşaqları tutub aparır, məşhur futbolist adı ilə ölkədə yüksək liqada oynadırlar.
Eyni vəziyyət məşqçilərə də aiddir. Özümüzün nəticə verən peşəkar məşqçilərimiz klublara və yığmalara cəlb olunmur, amma xaricdən 5-ci dərəcəli məşqçilər astronomik transfer qiymətləri ilə dəvət olunur. Ortada isə heç bir nəticə yoxdur. Sanki bu ölkədə pul yerdən yığılır. Heç kim də bu özbaşınalığa görə məsuliyyət daşımır. Sanki, belə də olmalıdır. Bunun fonunda mənfur düşmənimiz Ermənistanın 19 yaşlıları kimi futbolçularından ibarət milli komandası 2019-cu il Avropa çempionatına vəsiqə qazanır...
Bəs futbolçu yetişdirmək əvəzinə AFFA nə işlə məşquldur? Azərbaycan futbol meydançalarını süni örtüklü meydançalara çevirmək. Biri ən azı 300 min manata başa gələn bu süni örtüklü meydançalar xüsusi ilə uşaqların oynaması üçün məsləhət görülmür. Amma bu boş şeydir, əsas odur ki, futbol baş bilənlərimizin cibi dolsun. Azərbaycanlı uşaqlar zədələnsə, Azərbaycan bütün dünyada “süni örtüklü meydançalar məkanı” kimi tanınsa da olar.
AFFA rəhbərliyinin bu 12 ildə gördüyü yalnız bir iş var- milyardlarla vəsaiti boşa xərcləmək, cibləri doldurmaq və Azərbaycanı bütün dünyada biabır etmək. Bu gün futbolumuz xilas etməyin yalnız bir yolu var hazırki, AFFA rəhbərliyi tam heyətlə istefaya getməli, bu sahədəki dağıntıya və rüsvayçılığa görə cavab verməli, futbolumuza isə bu işi bilən vicdanlı mütəxəssislər rəhbərlik etməlidir.
Bundan sonra gələcək rəhbərin konkret komandası olmalı, hər kəsin öz işi olmalı və bu işin peşəkarları olmalıdırlar- sponsorların futbola cəlb olunmasından tutmuş, azarkeşləri stadionlara qaytaracaq, uşaq futbolunun inkişafına görə məsul olan peşəkar kadrlar. Daha çox böyük futbola yox, uşaq futboluna diqqət ayrılmalı. Yalnız və yalnız bu halda futbolumuzda inkişaf, yığma komandalarımızı böyük turnirlərin final mərhələsində görə bilərik. Hazırki, AFFA rəhbərliyinin çalışdığı müddətdə isə biabırçılıqdan başqa heç nə olmayacaq. Zaman bunu sübut etdi.
İlkin Abbasov
Xüsusi olaraq SİA üçün
https://sia.az/az/news/social/839453.html

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.