Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » Əli Həsənovun acı mirası: indi də əli telefonlu “jurnalistlər” dövləti şantaj edirlər...

Əli Həsənovun acı mirası: indi də əli telefonlu “jurnalistlər” dövləti şantaj edirlər...

Əli Həsənovun acı mirası: indi də əli telefonlu “jurnalistlər” dövləti şantaj edirlər...
2020-04-09 , 21:13

Son zamanlar Azərbaycan mediası “bloqer bumu” ilə üzləşib. Əlinə telefon alan özünü bloqer kimi cəmiyyətə sırımağa çalışır, jurnalistikanın tərəfsizlik prinsipindən uzaq formada çıxış edirlər. Onlarla küçədə, yaxud hər-hansı hadisə yerində qarşılaşa bilərsiniz. "Press forması"nı geyinən bu adamlar hər kəsə ağıl verməyə çalışır, sual ünvanladığı şəxsin sözünü kəsir, “sən burada düz demirsən” kimi atmacalar atırlar. Onlar jurnalist deyillər, bloqer də deyillər, bəs nədirlər?
Bu kateqoriyaya daxil olan, əlinə telefon alıb “trol” kimi hədəf seçdiyi şəxsin arxasınca düşənləri tam olaraq, “reket jurnalistika”ya da aid etmək olmaz. Ortada şantaj var, amma bu şantajın qarşılığında pul tələb etmirlər. Onların missiyası “lazımi materialı” hazırlamaq, görüntüləri montaj edib “fakt” kimi təqdim etməkdir. Medianın son dövrlərdəki “trendi” budur.
Telefonla şantaj edənlərin ortaya çıxması çox da uzaq tarix deyil. Lakin əvvəlcə onların peyda olmasına zəmin yaradan şəraitin necə yetişdiyinə baxmaq lazımdır.
Azərbaycan mediası kəşməkeşli yollardan keçərək, bu günə qədər gəlib çıxdı. Vaxt var idi ki, qəzetlə naziri “öldürmək” mümkün idi, sonra zaman keçdi, qəzetlər milçək öldürməkdən başqa heç nəyə yaramadı. Bu o dövr idi ki, medianı nəzarətə alan Prezidentin keçmiş köməkçisi Əli Həsənov jurnalistikanı hörmətdən salmışdı. Amma hər qaranlıq gecənin sabahı olduğu kimi, medianın da sabahı açıldı və bu gün Azərbaycan jurnalistikası əvvəlki hörmətini yenidən qazanmaqdadır. Medianın tənqid etdiyi məsələlərin dövlət başçısı səviyyəsində belə nəzərə alınması bunun əyani nümunəsidir.
Lakin qəzetlərin yalnız milçək öldürmək gücündə olduğu dövr həm də “reket jurnalistika”nın çiçəkləndiyi dövr idi. Əli Həsənov bir tərəfdən “reket jurnalistlərin” “qara siyahısını” hazırlayır, digər tərəfdən isə faktiki “reketçiliklə” məşğul olanları dəstəkləyirdi, onları himayə edirdi. Onun “qara siyahı”sının özü əslində reketçilik idi. Çünki onunla razılaşmayan, yaxud xoşu gəlməyən istənilən media, yaxud jurnalist bu siyahıya salınır və “vurulurdu”. Nəticədə real reketlər isə mediada “at oynadırdı”. Əli Həsənovun gedişi ilə “qara siyahı” ləğv olunsa da, ancaq o, mediada özündən sonra böyük “dağıntı” qoyub getdi.
Onlardan biri də Əli Həsənovun mirası olan bu gün əli telefonlu “bloqerlər”dir. Bu şəbəkə 2018-ci ildə xaricdən Azərbaycan dövlətinə və dövlət rəhbərliyinə qarşı başlanan söyüş kampaniyası ilə meydana gəldi.
Hazırda bu şəbəkə iki istiqamətdə fəaliyyət göstərir.
Birinci olaraq, ölkə daxilində çəkdikləri videoları öz maraqlarına uyğun formaya salır və Avropada Azərbaycana qarşı söyüş kampaniyası aparan internet resurslarına, onların sahiblərinə ötürür. Qarşılığında da təbii ki, pul qazanırlar.
İkinci olaraq, hər-hansı mitinq, yaxud hadisə zamanı "press forma"da mitinq iştirakçısı olur, “jurnalistə toxunmaq olmaz” şüarını bayraq edərək, təxribatlara əl atırlar. Adətən mitinqlər, yaxud aksiyalar zamanı asayişi qoruyan polislərin üzərinə şığıyanlar da onlardır. Faktiki olaraq, bu şəbəkə “jurnalist” və “bloqer” adı altında Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərir.
Əli Həsənovun mediaya nəzarət etdiyi dövrdə peyda olan bu şəbəkənin ortaya çıxmasında rol oynayan obyektiv və subyektiv səbəblər də maraqlıdır. Obyektiv səbəb medianın hörmətdən düşməsi, “dişsiz” vəziyyətə salınmasından irəli gəlir. Yerli oxucunun mediaya inamı o qədər yoxa çıxdı ki, nəticədə sosial şəbəkələrdə yayılan şaiyələr “fakt” kimi qəbul olunmağa, bu şaiyələri yayanlar isə “müstəqil və həqiqəti deyən jurnalistlərə” çevrildilər. Əvəzində Əli Həsənovun “ağlar günə” qoyduğu milli mətbuat şantajla məşğul olan bu reket şəbəkəsinin önündə məğlub oldu.
Subyektiv səbəb isə birbaşa Əli Həsənovun maraqlarından qaynaqlanır. Xaricdəki söyüş kampaniyasının arxasındakı qüvvələrin Azərbaycanın daxilində olduğuna dair məlumatlar kifayət qədərdir. Əli Həsənovun bu qüvvələrdən olduğu haqda da danışılır. Prosesə bu məntiqdən yanaşdıqda ortaya çıxan mənzərə belədir ki, Əli Həsənov milli mətbuatı bilərəkdən “dişsiz” vəziyyətə salmış, hörmətsiz etmişdi. Çünki dövlətin maraqlarına xidmət edən milli mətbuata inam olmayanda, xaricdə və daxildəki anti-milli şəbəkə önə çıxacaqdı. Bunu edən Əli Həsənov beləliklə “virus” və “anti-virusu” yaratmaq oyununu oynadı. Yəni, bir tərəfdən milli mətbuatı hörmətdən salır və söyüş kampaniyasına xidmət edən qrupların önə çıxmasını təmin edir (birbaşa dəstək verdiyi haqda da məlumatlar var), digər tərəfdən də milli mətbuatın enerjisini bu şəbəkəyə qarşı yönləndirirdi. Nəticə olaraq, dövlətin gözündə özünün “lazımlılıq” çəkisini artırırdı.
İndi Əli Həsənov vəzifədə deyil, amma onun mirası hələ də fəaliyyətdədir və onlar hər hansı şəxsi yox, birbaşa dövlətimizi şantaj edirlər.../Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.