Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » "Vüqar Səfərli işdən azad olundu" xəbərini görüncə..."-jurnalist Əzizə İsmayılova yazır

"Vüqar Səfərli işdən azad olundu" xəbərini görüncə..."-jurnalist Əzizə İsmayılova yazır

"Vüqar Səfərli işdən azad olundu" xəbərini görüncə..."-jurnalist Əzizə İsmayılova yazır
2020-04-05 , 13:13

"Vüqar Səfərli işdən azad olundu" xəbərini görüncə..."-jurnalist Əzizə İsmayılova yazırÇoxdan ürəyimdə qalmışdı və unutduğumu sanırdım. Heç ən yaxınlarıma da deməmişəm. Bu gün Vüqar Səfərlərlinin işdən azad olunması xəbərinə diksindimmi, nə oldu bilmirəm, gömdüyüm yerdən vurdu çıxdı üzə...Tuta bilmədim.

Əvvəlcə deyim ki, Səfərlini həyatda bircə dəfə 30-ca saniyə bəlkə də görmüşəm, o da KİVDF-nin dəhlizində. Niyəsini biləcəksiniz. İndidən dedim ki, yəni "gedənə balta çalmaq filan düşünməyəsiniz".
Yolumuz, bu hekayədəkindən başqa, heç vaxt, heç yerdə kəsişməyib.
Demək, jurnalistlərə ev veriləcək məsələsinin 2-ci mərhələsidir. Əslində, özümün o qədər də marağı olmazdı, əgər rəhbərliyimiz inad etməsəydi.
Düzdür, ev almaq üçün qoyulan bütün şərtlər sanki boyuma biçilmişdi. Amma həmişə düşünürdüm ki, "Qadası, bu məmləkətdə kimdir sənə ev verən? Tapşıranın yox, arxanda duranın yox. Topun yox, topxanan yox. "Mən də varam" deyib düşəcəksən ortaya, boşuna niyə sözün yerə düşsün ki?"
Amma, sağ olsun, rəhbərliyimiz təkid etdi, hətta inad etdi. Adam gərək allahına danışa, məndən daha çox o istəyirdi kirayələrdən qurtarmağımı. Bu gündən sonra heç vaxt evim olmasa belə, məhz onun gözlərində gördüyüm o istəyə və verdiyi ümidə görə ömrüm boyu minnətdar olacam o insana...
Demək, işin tərs tərəfi, o mübarək qaydalarda da göstərilən əsas bəndlərdən biri içimdə çox zəif bir işıq yandırdı. Bəlkə birdən möcüzə olar, deyə. İnandımmı, inandığımı imitasiyamı etdim indi də bilmirəm.
Həmin o mübarək tələblərin, mübarək bəndlərindən biri o idi ki, guya hər TV və Radioya 10 mənzil ayrılıb. Radiolar arasında da məndən başqa qoyulan şərtlərə uyğun gələn kimsə yox idi. Heç müraciət edən də yox idi. O zaman üçün bütün radiolardan yeganə namizəd mən idim və rəhbərlik də bu faktı vurğuladıqca, içimdəki işıq böyüməyə başladı...
Əlqərəz, sənəd verməyi qərara aldım. Lazım olan sənədləri topladım, getdim o zati möhtərəmin oturduğu KİVDF-yə.
İlk dəfədən hiss etdim ki, sənədləri guya yoxlayan şəxs, heç nə yoxlamır, sadəcə nəzər salır. Anındaca içimdə bu hissi öldürdüm ki, yox, elə olmaz, mənə elə gəlir. Nə isə ki, məni bir sənədə görə düz 3 dəfə get-gələ saldılar. Hələ 2-ci dəfə dedim ki, "dəqiq deyin ki, yubanmasın da işim, xahiş edirəm. Mən hər saat efirdə olan adamam, hər dəqiqə efiri atıb gəlmək olmur. Bilməmiş olmazsınız".
Qarşımda oturan şəxs, çox etinasız, dilucu bir cavab verdi. Bir dəfə dedi "iş yerindən gələn sənəd belə olmalıdır", o biri dəfə dedi "yox e, elə yox belə".
Dinmədim. Ya səbr, deyib davam etdim.
Demək, artıq 3-cü dəfə sənədi həmin o bəy əfəndinin dediyi kimi hazırlayıb gəlmişəm. Girdim otağa, həmin gün APA-dan olan dostların sənədlərini gətirmişdi xanım əməkdaşları. Salamlaşdıq, hal-əhval belə tutduq. (Bunu deyirəm ki, özümdən uydurduğuma şübhə etməyəsiniz. Özü dostluğumdadır, görsə, bəlkə də reaksiya verəcək.)
Otaqda əlavə 2-3 nəfər jurnalist də vardı. Kənarda durmuşam və fikir verirəm ki, kimin sənədlərinə necə baxılır, kiminlə necə danışılır. Kənardan hər şey çox aydın görünür axı...
Növbə çatdı, yaxınlaşdım yenə həmin bəy oturan stola.
Qovluğu qoydum və ağ köynəkli bu oğlan çox lazımsız bir kağıza baxacaq tərzdə qovluğu sadəcə açdı və heç varaqlamadı da. Yan stolda oturanlarla lağlağı tərzdə söhbət edə-edə "Hə, yaxşı" deyib, qoydu stolun küncünə. Ayağımın altından yer qaçdı.
"Axı heç baxmadınız. Birdən sənədlər düz olmaz. Sonra problem çıxar" dedim. Oğlan adama deyil də daşa-divara söz deyirmiş kimi, etinasızca "Olmaz" deyib ağzını çevirdi yenə yan stolda oturan jurnalistlərə (onlar hamısı həmin binadan ev aldılar, hətta evi olanlar belə).
Nəsə demək isədim, amma gücüm çatmadı, boğazım düyünlənmişdi. Durdum bəlkə 1 dəqiqə, bəlkə 2 dəqiqə orda, gördüm heç adamın umrunda belə deyiləm.
Üzünə diqqət etmədim, (allah kəssin, xasiyyətim belədir) kaş ki baxsaydım, yəqin ölüncə unutmazdım. Məcbur qapıya tərəf gedirdim ki, ordakılardan biri həmin o oğlana müraciətdə "ay Samir, sən bilməyən şeyə qurd düşər" dedi və şaqqanaq çəkdilər.
Siması yadımda qalmasa da nə o şaqqanağın səsi, nə də adı ölüncə yadımdan çıxmaz- Samir...
Dəhlizə çıxdım, hiss etdim ki, həyəcandan ürəyim ağzımdan çıxacaq. O dərəcədə təsir etmişdi düşdüyüm vəziyyət mənə...
Elə qapıdan aralanırdım ki, həmin bu Vüqar əfəndi çıxdı otaqların birindən. Dəhlizdəkilərə yaxınlaşdı, mən də ürəklənib salamlaşdım və qeyri iradi "Vüqar müəllim, mən filan radiodan filankəsəm. Radiolara 10 mənzil ayrılıbmış. Sənədlərimi gətirdim amma..."- özümdən olsa "baxmadılar"-deyəcəkdim. Vüqar bəy çox kobudcasına əsl öncəgör kimi - "lazım bilsələr baxarlar" deyib aralandı..
İt kimi peşman olmuşdum. Bəlkə heç it də bu qədər peşman olmayıb ömründə...
Qulağımda Samir adı və o şaqqanaq, eynən "Mehman" filkmindəki səhnəni yaratmışdı.
Dinməsəm də, içimdə illərlə gəzdirdiyim ümidimi belə urvatsız şəkildə öldürdüyüm üçün əziyyət çəkirdim.
Bəlkə də yanımda tanış biri olsaydı onu qucaqlayıb hönkür-hönkür ağlayardım ki, içimdəki hikkədən qurtulum.
Tanıyan, bilən, dəstək olan bütün dostlar da "Əzizə, ay qız, radiolara 10 mənzil düşür e. Sən də təksən. istəməsələr belə kiməsə birini vermədilidiər də" dedikcə, ümidim yenə də işıqlanmağa başladı.
Möcüzəyə inanmaqmı, inanmamaqmı?-sualı ilə yatıb dururdum.
Əslində, İradə xanımın gözlərindən "bala, ümid eləmə"ni oxusam da, o dilinə almırdı deyə, görməzdən gəlmək istəyirdim. Məhz dili ilə bunu deməsin deyə, heç indi yazdığımı ona belə deməmişəm. Bircə o sözü ondan eşitməyim. O, bilirdi ki, mən bu sözü eşitmək istəmirəm. Ona görə heç məsələnin üstünə gəlmirdi. "Ev vermək"dək söhbət düşən kimi söhbəti çox ustalıqla haralarasa uzaqlara çəkib aparırdı və mövzu unudulurdu. Gözü danışsa da, dili susurdu.
Niyə özümü aldatmaq istəyirdim ki? Nə bilim. Axmaqlıqdan yəqin ki...
Hər dəfə KİVDF iclası olanda İradə xanımın gözlərinə baxırdım, öz-özümə deyirdim ki, "ay qız, əgər sənin ümidində zərrə qədər işıq olsa, onun baxışı belə sakit olmaz".
Hər şeyi qanırdım e, ağlım kəsirdi, di gəl ki, yenə də möcüzəyə inanmaq istəyirdim.
Nə isə ki, nə başınızı ağrıdım, vaxt ötdü, vədə başa çatdı, siyahılar açıqlandı və əlbəttə ki, mən o siyahıda yox idim.
Və yenə də axmaq bir dirənclə KİVDF-yə zəng etdim və telefonu götürən adama "axı radiolara 10 mənzil verilməliydi. Mən 15 ildir kirayədəyəm. Sənəd verən də yeganə mənəm. Bəs kimə verildi radiodan?" - sualını verdim.
O başdakı səs nələrsə danışdı, mən nələrsə dedim, olmadı.
Sonra mənə bir nömrə verdilər, dostlar. Dedilər ki, Aparatdan bu nömrəyə zəng elə, ordan soruş gör hanı sənin sənədlərin?
Zəng etdim. Situasiyanı dedim, "bizdə bu adda sənəd yoxdur" dedilər. Yenə inad etdim. Adam dedi ki, biraz sonra zəng edin, baxaq. Etdim və "Təəssüf ki, bizə belə bir sənəd, ümumiyyətlə, daxil olmayıb" cavabı aldım.
- Nə danışırsınız, ola bilməz. Axı mən sənədləri vermişdim.- Xanım, bizə bu adda sənəd daxil olmayıb..
O anı təsəvvür etmirəm, sözlə izah olunacaq deyil. Ayağımın altından yer qaçdı, yoxsa göylər çiynimə düşdü bilmirəm. Çökdüm.
Amma çöküşümü aradan xeyli keçəndən sonra anlaya bildim. Heç nə hiss etməmişəmmiş. Nə vəziyyətdə İradə xanıma "adım çıxmadı e" demişəmsə, axşam vaxtı uşaqları topladı ki, "yığışın, gedək o Dağüstü Parkda olan çay yeri nədir, ora..." Təəccübləndim ki, bıy, İradə xanımdan nə əcəb, bu saatda evdən çıxmaq istəyir? Onun öz istəyi ilə evdən çıxmaq istəməsi nadir halda rast gəlinən hadisədir )) Getdik...
Durumla barışmışdım. Günlərin bir günü öyrəndim ki, həmin o sənəd götürən Samirin özünə də o binadan ev verilibmiş. Yenə eyni o səs, yenə o şaqqanaq beynimi bulandırdı...
Bilirəm, deyəcəksiniz ki, "burda Samirlik nə var ki? Siyahını hazırlayan o deyil, qərar verən o deyil".
Bunu mən də bilirəm. Heç bilmirəm adam kimdir, orda nə işə məsul idi, amma mənim nə ümidlə, nə əziyyətlə yığdığım sənədləri lazımsız bir kağız parçası kimi kənara atıb başqası ilə irişməsi, ümidlərimin içinə bıçaq kimi saplanmışdı. Nə qədər etsəm də o bıçağı ordan çıxara bilmədim -bir əqrəb qəzəbi.
Bu yaxınlarda bildim ki, sən demə, zati möhtərəm Ə.Həsənovun siyahısına düşmək üçün nə sənin illərlə kirayədə qalmağının, nə imkansız olmağının, nə də həqiqətən ehtiyacın olmasının bir istisi-soyuğu yoxdur.
O siyahıda "ehtiyac meyarı" başqa tərəzilərlə ölçülür. Rəhbərliyimiz də o siyahıya düşməyin "möcüzə" olacağını bilirmiş, o da, eynən mənim kimi buna inanmaq istəyibmiş- axı hər Radioya 10 mənzil deyilmişdi, namizəd isə təkcə mən idim..
O binada ev alan nə qədər "dost" dediyim insanın iç üzünü gördüm. Səfərov deyəndə dil boğaza qoymayanlar, bir Vüqar müəllim deyəndə beş Vüqar müəllim ağızlarının qırağından tökülən yaxın bildiyim insanlar, gözümün önündə yox oldular.
Vəziyyətimi bilən, inandığım, güvəndiyim, evi, villası olan insanlar, bu mövzuda söz düşəndə gözümün içinə baxa-baxa çox rahatca "Noolsun evim var? Hökümət verirsə xeyir ola almamalıyam. Mənə nə, kiminsə evi olmamaqdan. Evdi də. Yamana yetəndə satacam" dedilər.
Aldılar da. Satan satdı, satmayan kirayə verdi.
Həmən bu Səfərli mənim yadımda "lazım bilsələr baxarlar..." ifadəsi ilə qaldı. Çünki lazım bilinmədiyini bilirdi.
Bəlkə bu gündən sonra heç vaxt evim olmayacaq, bəlkə qismətdə yoxdur-bunu dərd edən adam deyiləm. Kimin nəyi var sağlığına qismət.
Sadəcə, ən böyük ümidimə sancılan bıçaq, içimdə özüm də bilmədən çirk edibmiş deməli. "Vüqar Səfərli işdən azad olundu" xəbərini görüncə, partladı. Saxlaya bilmədim.
Ev üçün dava edən olsaydım, Həsənov gedəndə yadıma düşərdi. Bu gün yaram qanadı...
Nə evsizlik, nə o yara umrumda belə deyil, "həyatda nə olursa, yaxşılığa doğru olur" - prinsipi ilə yaşayan adamam. Sadəcə ən böyük ümidimə saplanan o bıçaq içimi çürüdürmüş, #deməsəmolmaz`dı.
Yordumsa, üzr istəyirəm.
"Dolu tüfəngi evdə saxlamazlar, bir gün mütləq atəş açacaq" - deyiblər. Açıldı, tuta bilmədim..
Əzizə İSMAYILOVA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.