Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » "Əli Məsimli mənə qarşı “qara piar” aparırdı" - İTTİHAM

"Əli Məsimli mənə qarşı “qara piar” aparırdı" - İTTİHAM

"Əli Məsimli mənə qarşı “qara piar” aparırdı" - İTTİHAM
2020-02-20 , 13:52

114 saylı Şəki kənd dairəsindən namizədəliyini irəli “Cümhuriyyətçilər İttifaqı”nın namizədi Mete Türksoy DSK-nin qərarı ilə razı deyil.

Mete Türksoy bildirib ki, seçki günü qutuların qeyri-şəffaf olması, “karusel” əməliyyatları, seçicilərin barmaqlarına maye vurulmaması 114 saylı Şəki kənd dairəsindəki seçkilərin nəticələrindən şübhələnməyə əsas verir. Onun sözlərinə görə, xüsusilə bir məktəbdə iki məntəqə yerləşirdisə, ən çox “karusel” orada həyata keçirilirdi.

Mete Türksoy yekun protokolu götürdüyünü və şikayətlərini MSK-ya təqdim etdiyini bildirib.

Bundan başqa Mete Türksoy iddia edir ki, qalib elan edilən namizəd Əli Məsimli onun barəsində yanlış məlumatlar yayırdı:

“Təbliğat-təşviqat kampaniyası zamanı Əli Məsimli və tərəfdarları mənim haqda yalan məlumatlar yayırdı. Guya, mən onu sosial şəbəkədə onu təhqir etmişəm, o, yanvarın 16-da Natiq Cəfərliyə belə deyib. Ancaq belə fakt yoxdur, olsa, məhkəmə iddiası qaldırsın, cavab verməyə hazıram. Əlbəttə, bütün bunlar seçkiyə hazırlığıma qarşı əvvəlcədən düşünülmüş təxribatlar idi”.

Mete Türksoy dairə ərazisindəki kəndlərdə seçicilərlə görüşlərinə total şəkildə maneçiliklər yaradıldığını iddia edib:

“Elə Şin kəndində seçicilərə mənim müxalifətçi olduğumu bildirib adamların görüşlərə gəlməyinin qarşısını alırdılar. Məgər, müxalifətçi olmaq qadağandır, yaxud müxalifətçi seçkiyə qatılmamalıdır? Axı Əli Məsimli özü də uzun illər müxalifətçi olub. Baş Qrinc kəndində icra nümayəndəsi məntəqə üzvü idi, bu isə qanunsuzluqdur. 37 saylı məntəqə sədri məni təxribatda ittiham etdiyi üçün DİN-in 102 xidmətinə müraciət etdim. Ondan sonra yerli polislər mənimlə maraqlanmağa başladı. Amma onlar da məni təxribatda suçlayırdlar. Bundan əlavə sosial şəbəkələrin bir sıra səhifələrində İran agenti olmağım barədə yalan və uydurma məlumatlar yayılır, bunlar məncə, məqsədliydi. Halbuki, mən ölkədən kənarda bir dəfə də olmamışam”.

Mete Türksoy bildirib ki, İkinci Dəhnə kəndindəki məntəqədə ikinci yerə çıxsa da, orda da qanunsuzluqlar olub. Onun sözlərinə görə, icra nümayəndələrinə seçici gətirmək “kvota”sı qoyulmuşdu.

“Ən çox qanunsuzluq səslərin sayılması zamanı baş verdi. Məsələn, 16 saylı məntəqəyə gün ərzində 195 nəfər seçici gəlmişdisə, yekunda 495 seçicinin gəldiyi göstərildi. Qutunu açan zaman bülletenləri dağıdıb, hazır əlavə bülletenlər qatırdılar. Nəticədə Əli Məsimli 326 səslə qalib elan edildi. 36 saylı məntəqədə bələdiyyə sədri qanunsuzluğa özü rəvac verirdi və etiraf edirdi ki, saxtakarlıq olacaq. Hətta mənə dedi ki, sənə də səs yazılsın, amma sus. Amma mən rədd etdim. 33 saylı məntəqədə komissiya üzvü mənə açıq şəkildə dedi ki, hər şey yuxarıda həll olunub və o, 23 dekabr bələdiyyə seçkilərini misal çəkdi”.

Əli Məsimli öz növbəsində Mete Türksoy haqqında hər hansı “qara piar” aparmadığını və şayiələr yaymadığını deyib:

“Mən heç kimə “qurşaqdan aşağı zərbə” vurmağı özümə sığışdırmıram. Məni tanıyanlar da bilir ki, mənə qurşaqdan aşağı zərbə vuranlara da cavab olaraq həmin metoddan istifadə etmərəm. Bəli, hər bir namizədin ətrafında dəliqanlı gənclər olur. Söhbət qızışanda nələrisə deyə bilərlər. Amma mən belə şeylərin müəllifi ola bilmərəm. Rayonda kimlərəsə simpatiyası olanlar da, antipatiyası olanlar da olur. Amma bunu qarşıdurmaya, ittihamlara, “qara piar”a çevirməmişəm”.

Əli Məsimli seçki kampaniyası zamanı dairə ərazisində 20-dən artıq görüş keçirdiyini bildirib:

“Hansı kənddə olmuşamsa, həmin kənddən namizəd olubsa, demişəm ki, öz kəndinizin namizədinə səs verin. Bu çağırışı yalnız mən səsləndirmişəm. Mən təbliğat kampaniyasını yanvarın 17-dən yox, 20 Yanvar faciəsinin növbəti il dönümünü qeyd edəndən sonra başlamışam. Faciə qurbanlarını Bakıda yad edəndən sonra Şəkiyə getmişəm. Eyni zamanda, Şəkidə şəhidlərimizin ruhunu yad edəndən sonra yanvarın 22-dən təbliğat kampaniyasına başladım. Reallıq hissini itirməyən hər kəs 9 fevral seçkilərində kimin uduş şansının nə qədər olduğunu bilir”.

Sabiq Baş nazir Əli Məsimli bu ilki seçkilərdə 114 saylı Şəki kənd dairəsindən namizədliyini irəli sürüb və MSK-nın saytında seçkilərin nəticələrinə görə həmin dairədən lider kimi göstərilib.

XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.