Yenilik.Az
www.Aydinliq.Az » Baş redaktordan » Bizim faciəmiz...

Bizim faciəmiz...

Bizim faciəmiz...
2021-02-20 , 07:20

Olduqca tragikomik zəmanədə yaşayırıq. Bəlkə də zəmanəlik deyil, cəmiyyətlikdir, yaxud başqa səbəb var. Amma hər nədirsə ətrafımızda, həyatımızda olduqca həm gülməli, həm də ağlamalı hadisələr baş verir ki, nə susa bilirsən, nə də münasibət bildirə bilirsən. Qalırsan iki yol arasında. Yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqal. Münasibət bildirsən inciyəcəklər, harasa yozacaqlar, aparıb harasa, kiməsə başqa cür məruzə edəcəklər, yazmasan da rahat ola bilməyəcəksən. Necə deyərlər “desəm öldürərlər, deməsəm ölləm”. Yazmayanda bəzi dairələr və ya şəxslər elə bilirlər ki, biz yaza bilmirik, istedadımız, yaxud qabiliyyətimiz çatmır, yaza bilənlər elə bunların qabağına yal qoyub ona-buna “daş atdırıb” əl meymunu kimi oynatdıqları saytları işlədən “jurnalistlərdir”. Halbuki onların dabbaqda gönünə bələdik, görə-görə gəlmişik. 


İş burasındadır ki, bəzi olaylar o qədər tragikomikdir ki, ona artıq ciddi münasibət də sərgiləmək olmur, məcbursan satira, yumarla mövqe bildirəsən. Çünki artıq mövzu ciddilikdən çıxıb, satırik şəkil alıb. Belə hadisələr hər gün o qədər baş verir ki. Hansını deyəsən? Məsələn elə Bakı Humanitar Kollecin direktorunun qrup nümayəndəsinə “şamtutan” deyib, sonra da özünü müdafiə edən açıqlamasını götürək. Adam iki daşın arasında gedib Qədim Yunanıstana çıxıb, antik mədəniyyətdən sitat gətirib ki, özünə, sözünə haqq qazandırsın. Görün nə deyir: "Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Çox təəssüf edirəm ki, ifadə etdiyim o sözün ölkəmizdə yayılmış mənasını bu yaşımda öyrənirəm. Çünki mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Ona görə də o ifadədən təhqir kimi istifadə etməmişəm. Qədim Yunanıstanda filosofolar, pedoqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm. Ona görə də sinif nümayəndəsinə ehtiyac olmadığını, tələbələrin üç nəfərdən ibarət olmaqla imtahana girmələrini, burada hansısa şahidə və etibarlı şəxsə ehtiyac olmadığını bildirmişəm. Çünki burada müəllim, assistent, tədris şöbəsinin müdiri var. Ona görə də əlavə şəxsə ehtiyac yoxdur”. 

Tragikomediya deyilmi? Sözün bitdiyi yerdir. Videonu izləyənlər yəqin ki, direktorun həmin ifadəni işlədərkən intonasiyasından da məlum ifadəni açıqladığı mənada işlədib-işlətmədiyini anlamamış olmazlar. Hələ diqqətdən qaçan bir məqam var. Direktor Nərmin Qaralova deyir ki, “Nə həmin tələbənin, nə onun valideynlərinin, nə də həmin prosesdə iştirak edən müəllimlərin mənə qarşı heç bir narazılığı yoxdur”. 
Baxın elə budur bizim faciəmiz. Elə buna görə də o direktor nə deyirsə, nə edirsə yaxşı edir, hələ az deyir. Bizim cəmiyyətdə müəssisə rəhbəri, direktor həmişə haqlıdır.

Xanlar Xoca
Yenilik.az saytının baş redaktoru

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.