Yenilik.Az
www.Aydinliq.Az » Baş redaktordan » Hardandır bu pullar?

Hardandır bu pullar?

Hardandır bu pullar?
2021-02-18 , 21:13

Mediada belə başlıqlara tez-tez rast gəlirik:”Filan məmurun sərvətinin siyahısı yayıldı”, “İcra başçısının topdağıtmaz sərvəti”, “İşdən azad olunan generalın biznes imperiyası”, “DTX-nın həbs etdiyi başçının mülkləri” və s. Əsasən belə başlıqlar məmurlar ya həbs olunandan, ya da işdən çıxarılandan sonra ortaya çıxır. Mən heç kimi qınamayacam ki, niyə adam iş başında olanda sərvətinin siyahısını yaymırsınız. İş başında olanda olmur, üz-üzdən utanır, ölkəmiz də o qədər kiçikdir ki, bir video paylaşırsan 5 dəqiqədən sonra bir tanışın zəng edir ki, “bəs xahiş edirəm onu götür, videodakı adam filan dostumla siçan ilində hansısa kafedə qonşu stollarda oturub çay içiblər, o da məndən xahiş elədi”. Nə isə, sözüm onda deyil. Onsuz da bu sərvət siyahısını yayanlar elə-belə saytlar deyil, məmur saytlarıdır. Bəli, bəli.


Ölkəmizdə media qurumları bir neçə yerə bölününür: dövlət büdcəsindən maliyyələşdirilən Azərtac kimi rəsmi informasiya saytları, hostinqin pulunu zorla düzəldib çətinliklə ayaqda duran müstəqil saytlar, deputatlara, məmurlara “balana qurban” deyə-deyə 5-10 manat alıb başını girləyən saytlar və bir də bir məmurun qucağında oturub başqa məmuru daşlayan saytlar. Sözügedən siyahıları da əsasən həmin saytlara kimlərsə ötürür və onlar da dərc edirlər. Ola bilsin ki, bəzi məmurlar arasında narazılıq olur və bir-birinin nəyə sahib olduqlarını bildikləri üçün məhz həmin siyahılarla da qarşı tərəfə zərbə vururlar. Özləri bilər, bir sərvət ki, vətəndaşın cibindən oğurlamaqla qazanılıb, ona görə elə bir-birini hörmətdən salsalar yaxşıdır. Məsələnin maraqlı tərəfi nədir? Maraqlı budur ki, bəzi özünü as jurnalist, dünyanın ən kristal şəxsiyyəti və s. hesab edən özündən müştəbeh adamlar efirə, yaxud hansısa saytlara çıxıb elə yekə-yekə düzlükdən, korrupsiyaya qarşı mübarizədən, hansısa məmurun, əsasən də işdən çıxarılmış məmurun arxasınca danışırlar ki, adamın əli üzündə qalır. Bir sayt təsəvvür edin ki, ofisi şəhərin mərkəzində, içində gözəl mebeli, baş redaktorun ayrıca otağı, ofisdə ən azı 5 əməkdaş və hər birinin də maaşı  deyək ki, 500 manat. Bu sayt yazır ki, məsələn “Filan icra başçısının müıklərinin siyahısı”. Bəli, başa düşdük, siyahı doğrudursa həmin icra başçısı deməli düz adam deyil, çünki onun maaşı heç bir villaya sahib olmağa imkan vermir, qalmışdı bir neçəsi ola. Bu aydın oldu. Ay adam, ay özünə jurnalist deyən bəndə, bəs sən düz adamsanmı? Oturduğun ofis hardandır? İşçilərə verdiyin maaş 500 manatdan ayda 2500 edir, özünə də 1000 götürsən, olur 3500, bunun hələ təmizlik xərclərini, kommunal haqqlarını demirəm. Hamısını hesablayanda ayda 7-8 min manat pul edir. Hardandır bu qədər pul? Təmiz adamsansa buyur hesabatını ver görək, o hansı “ağıllıdır” ki, hər ay əziyyətlə qazandığı bu qədər pulu küçəyə səpir? “Uf” demədən küçəyə səpirsə, deməli bu pul əziyyətlə qazanılmır, korrupsiya yolu ilə əldə olunub ki, sağa-sola xərcləyirlər. Belə olan halda, sən korrupsiya pulunu yeyə-yeyə, evə də ayın-oyun alıb apara-apara, necə başqasının gözündə tük, işində “səhv” axtarırsan? Əvvəl özünə bax, özünü düzəlt, sonra başqalarında eyib tut. 

Deyiləsi, yazılası sözlər çoxdur, sadəcə hər şeyi yazmaq olmur. Məsələn bu yaxınlarda media qurumlarından birinin rəhbərilə müsahibədə Meydan TV-nin əməkdaşı bildirdi ki, Gömrük Komitəsi təkcə bir media qurumuna press-reliz dərci üçün bir ildə 12 min manat verib. Həmin media qurumunun rəhbəri də bildirdi ki, təkcə bizə verilməyib ki. Təsəvvür edirsiz bu nə deməkdir? Dövlət Gömrük Komitəsinin özünün mətbuat xidməti var, saytı var, orda gündəlik operativ qaydada xəbərlər yerləşdirilir. Hər bir media orqanı da DGK-nın rəsmi saytından istənilən xəbəri götürüb yayımlaya bilər. Bunun üçün hansısa media qurumlarına külli miqdarda vəsait vermək nəyə lazımdır? Guya o press-relizlər dərc olunanda nə olur ki? Həmin press-relizlərə bəlkə də çox adam maraq göstərmir, amma hansısa sahibkarın şikayəti dərc olunanda  xeyli insan oxuyur və press-relizlərin dərcinə çəkilən xərclər boşa gedir. Təkcə Gömrük Komitəsi deyil, bu gün bir çox dövlət qurumları abunəlik, press-reliz dərci adı ilə  müəyyən media qurumlarına dəstək verirlər ki, bu da anlaşılan deyil.

Dövlətin pullarını boş yerə hansısa saytlara press-reliz üçün paylamaq nəyə və kimə lazımdır? Mediada sağlam rəqabət olmalıdır. Bizim mediada isə at izi it izinə qarışıb və məzhəb itib. Ümid ancaq Prezidentə və yeni yaratmış olduğu MEDİA adlı qurumadır. Yeni yaradılan MEDİA adlı qurum bu kimi halların aradan qaldırılması, media qurumlarının maliyyə mənbələrinin açıqlanması, şəffaf olması üçün tədbirlər görməlidir. Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi media qurumlarının maliyyələşmə mənbələrinə nəzarət etməli, ehtiyac varsa qanunvericilik aktlarına bununla bağlı müvafiq düzəliş və əlavələr edilməlidir. Çünki media çox güclü silahdır və o nə qədər azad olsa da dövlətin nəzarətində olmalıdır, kimərsə hansısa media qurumuna ianə verirsə məqsədi və ianənin məbləği dövlət qurumlarına aydın olmalıdır. İndiyədək alınan ianələrin də hesabatı verilməlidir. Vaxtilə siyasi partiyaların maliyyələşməsində də belə bir xaotik vəziyyət var idi, lakin sonradan qarşısı alındı. Media da bütün dünyada çirkli pulların ən çox yuyulduğu sahələrdən biridir və ona görə də bu sahə diqqətdən kənarda qalmamalıdır. Nəzarət olsa, şəffaflıq olsa ən azından kimsə birinin qucağında oturub başqasına daş atmaz...
Xanlar Xoca
Yenilik.az saytınını baş redaktoru

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.