Yenilik.Az
ww.Aydinliq.Az » Ulu Öndər Heydər Əliyev: Dahilik və əbədilik simvolu! - MƏQALƏ

Ulu Öndər Heydər Əliyev: Dahilik və əbədilik simvolu! - MƏQALƏ

Ulu Öndər Heydər Əliyev: Dahilik və əbədilik simvolu! - MƏQALƏ
2020-05-09 , 03:59

Biz dövlətçiliyimizin qorunması, müdafiəsi, vətəndaşlarımızın mühafizəsi, təhlükəsizliklərinin qorunması, ən nəhayəti isə, ölkəmizin inkişafı naminə dönməz mövqe sərgiləməyi məhz Ulu Öndərimizin qətiyyətindən öyrənmişdik, bəhrələnmişdik!

Tarix sübut edir ki, hər bir xalqın, dövlətin inkişaf və tərəqqisində dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu var və bu önəmli faktor xalqımızın da şərəf salnaməsinə yazılıb. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun taleyində əsaslı dönüş yaradan, müstəqilliyi itirmək təhlükəsindən xilas edən, dövlətçiliyi əbədi və dönməz edən Heydər Əliyev kimi dahi rəhbəri olub.

Heydər Əliyev dühasının daha bir önəmi ondadır ki, bu böyük ad özündə əbədiyyəti nümayiş etdirir. Əbəs deyil ki, müasir dövrümüzün ədibləri bu dahi insanı “Sönməz Günəş” deyə tərənnüm ediblər. Yaşadığımız hər bir anın, hər bir ömür səhifəsinin vərəqində Heydər Əliyev mücəssəməsi yaşamaqdadır. Onunla bağlı olan əvəzsiz xatirələrim də həmin reallığı əks etdirməkdədir. Belə ki, hələ Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə Ulu Öndərin çıxışlarını izləyir, hətta imtahanlar verərkən Heydər Əliyevdən mühüm iqtibaslar, qiymətli sitatlar gətirirdim. Ona görə də, həyatımın gələcək fəaliyyətinin müəyyənləşməsində Onun adının, imzasının olması gerçəklikdir və əlbəttə ki, bu, eyni zamanda dahi şəxsiyyətə - Ulu Öndər Heydər Əliyevə olan xüsusi rəğbətimin bariz təzahürü idi. Ancaq daha bir danılmaz amil bu idi ki, Heydər Əliyevə bütün dövrlərdə tükənməz maraq olub. Təsadüfi deyil ki, hər kəs Onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, barəsində çox müsbət fikirlər səsləndirir, liderlik keyfiyyətlərinin özünəməxsusluğu barədə danışırdı. Yəni o da əbəs deyil ki, Heydər Əliyevin qüsursuz, anlaşıqlı, dolğun, qətiyyətli, eləcə də mətnsiz şəkildə etdiyi çıxışları həm də onu ustad bir müəllim kimi xarakterizə edirdi.

Həmin anda mən əmin idim ki, bu gediş deyil, tarixi dönüşün başlanğıcı idi

Ən böyük xoşbəxtliyim və ömrüm boyu unutmayacağım hadisə isə Heydər Əliyevlə yaxından tanış olmaq imkanının mənə nəsib olmasıdır. Ulu Öndərlə ilk görüşüm isə məhz tarixi məqamlara söykənir. Belə ki, sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, 20 Yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etmişdi. Tarixin məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev həmin ilin iyulunda Bakıya gəlir və Onu qarşılayanlardan biri kimi Ulu Öndərimizlə ilk tanışlığımız olur. Lakin həmin çətin vaxtlarda qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, xəyanətkar qüvvələr isə Onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyir, təhdid edirdilər. Nəticədə Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qalır. Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzdən sonra ertəsi gün Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta apardıq və Onu təyyarənin salonunadək ötürdük. Həmin anda mən əmin idim ki, bu gediş deyil, tarixi dönüşün başlanğıcı idi və bu an - bilavasitə Heydər Əliyev dühasının qətiyyətli varlığı artıq müstəqil Azərbaycanın tarix salnaməsinə qızıl hərflərlə həkk olunmağa başlamışdı.

Sonralar da Naxçıvanda olarkən, Ulu Öndərlə görüşlərimiz oldu. Yaşının çox və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və özgüvənə sahib olması, simasında ifadə olunan möhkəm iradə və qətiyyət, səsindəki amiranəlik Ümummilli Liderin bundan sonra da xalqına xidmət etmək iqtidarında olduğunu kifayət qədər əks etdirirdi. Bu gerçəklilərdən həm də belə bir nəticə hasil olunurdu: Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz mövqedə idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik şəxsiyyət idi!

Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, atəşkəsə nail olunub, dövlətlə xalqın birliyi təmin edilib

Biz əminliklə vurğulaya bilərik ki, tükənməz Azərbaycançılıq məfkurəsinin parlaq mücəssəməsi olan Heydər Əliyev faktoru öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına, dünyaya örnək olaraq təqdim olunmasına nail olub. Hadisələrə şahidlik edən tariximiz də bunu mərhələlərlə sübut edir.

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik maraqları ilə üst-üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz siyasətin aparılması, silahlı birləşmələrin özbaşınalığı, xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi.

Məhz belə bir ağır dövrdə - 1993-cü ildə xalqımızın təkidi və iradəsi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. Hətta o dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Lakin buna rəğmən, O güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq meydana atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi. Şübhəsizdir ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, atəşkəsə nail olunub, dövlətlə xalqın birliyi təmin edilib.

Dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi

Həyatımın hər bir anında keçirdiyim qürur hissim sonsuz və tükənməzdir. Belə ki, 10 ilə yaxın müddətdə Heydər Əliyev kimi dünya şöhrətli dahi şəxsiyyətlə birgə çalışmağım, Onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etməyim mənə həmin hissləri yaşatmaqdadır.



Ümummilli Liderimizin müvafiq qərarı ilə 1993-cü ildən uzun müddət Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm. Müstəqilliyini itirmək təhlükəsindən yenicə xilas olmuş ölkəmizdə həqiqətən də gərginlik müşahidə olunurdu. 1993-1998-ci illərdə paytaxt Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Xaricdən təlimatlandırılmış qaragüruhçu qüvvələr demək olar ki, günaşırı mitinqlər, aksiyalar, küçə yürüşləri keçirir, müxtəlif sifariş və təxribat xarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Ancaq dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi. Biz dövlətçiliyimizin qorunması, müdafiəsi, vətəndaşlarımızın mühafizəsi, təhlükəsizliklərinin qorunması, ən nəhayəti isə, ölkəmizin inkişafı naminə dönməz mövqe sərgiləməyi məhz Ulu Öndərimizin qətiyyətindən öyrənmişdik, bəhrələnmişdik!

Ümumiyyətlə, Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi həm də onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı. Onun hər zaman xalqının yanında olduğuna, onu böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam. Heydər Əliyev Azərbaycanı Vətən, dövlət olaraq çox sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi. Azərbaycan kəlməsini gözləri yaşara-yaşara söyləməsi Onun Vətənə olan sevgisinin əyani təzahürü idi. Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi. Məhz belə bir məqamlarda Heydər Əliyev şəxsiyyətinin rəhbərliyi altında çalışmaq mənə, mənimlə çalışan əməkdaşlara davamlı stimul verirdi. Bütün bunlar unudulmayacaq qürur, yaddan çıxmayacaq fərəh və şərəf gerçəkliyidir.

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyev çağdaş dünyamızın müasir liderlik faktoru olaraq dəyərləndirilməkdədir. Söz yox ki, ölkəmiz müasir dövrün yenilənən çağırışlarına uyğun olaraq bütün sahələrdə dərin islahatlar yolu ilə uğur sözünü deməkdədir. Düşünürəm ki, bizim buradakı ən böyük vəzifəmiz Ümummilli Liderin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməyimiz, Ona öz fəaliyyətimizlə dəstək olmağımızdır. Belə ki, hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərindən anlamalı və Ulu Öndər Heydər Əliyevin bu tarixi kəlamını xatırlamalıdır: "Vəzifəli adam öz xalqına qulluq etməlidir". Bəli, məhz birinci növbədə vəzifə sahibləri xalqa ləyaqətlə xidmət etməlidirlər. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışında vurğulayıb və qeyd edib ki, hər bir dövlət məmuru xalqının xidmətçisi olmalıdır, bu faktor dövlət idarəçiliyinin başlıca məqsədidir!

Heydər Əliyev dühasının əbədiliyini İlham Əliyev cənablarının müəyyən etdiyi dönməz, qətiyyətli, müdrik siyasətinə dəstək verməklə yaşatmalı, inkişaf etdirməliyik!

Daha bir məqama toxunmaq istərdim ki, bu gün Azərbaycanda Ordu quruculuğu prosesi də Heydər Əliyev siyasətinin davamı olaraq inkişaf etməkdədir. Güclü Orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Bütün bunlar eyni zamanda, Ali Baş Komandanımız, cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısının bariz nəticəsidir.

Düzdür, bu gün ərazilərimizin 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan dövlətinin rəhbərliyi müxtəlif bəhanələri ilə danışıqlar prosesini pozmağa cəhdlər göstərirlər, amma fakt budur ki, artıq onların qaçacaq bir yerləri də yoxdur. Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Artıq Azərbaycanın qüdrətli Silahlı Qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. İllərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən iri miqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır. Bu isə, eyni zamanda Azərbaycan dövlətinin ildən-ilə daha da gücləndiyini, beynəlxalq nüfuzunun artdığını, dünyada sayılıb-seçilən, mövqeyinə hörmətlə yanaşılan ölkələrdən birinə çevrildiyini göstərən sübutdur. Bu baxımdan da çıxış edərək belə nəticəyə gələ bilərik ki, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün bundan sonra da Ordumuzun gücünü artırmalıyıq. Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilməkdə davam edir, hərbçilərimizin xidmət şəraiti, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində münbit addımlar atılır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmaq fikrində deyil, hər an torpaqlarını düşməndən azad etməyə hazırdır. Ona görə də xalqımız bir olmalı, dövlətimizin apardığı siyasəti və Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycanın inkişafını dəstəkləməli, Ali Baş Komandan, ölkə rəhbərimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməlidir. Biz, Heydər Əliyev dühasının əbədiliyini İlham Əliyev cənablarının müəyyən etdiyi dönməz, qətiyyətli, müdrik siyasətinə dəstək verməklə yaşatmalı, inkişaf etdirməliyik!

Məhərrəm Əliyev,

Azərbaycan Respublikası Prezidentinin

köməkçisi - hərbi məsələlər şöbəsinin müdiri

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.