Gəlin hamımız qumar oynayaq – TOPAZ-ın meyxanaçı biabırçılığı…

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bu gün əsas xəbər başlıqları içində diqqətimi çəkənlərdən biri də meyxanaçı Vüqar Əbdülovun 144 min manat udması ilə bağlı yayılan informasiya oldu. Xəbər əksər media qurumlarında yayılmışdı və maraqlı gələn də budur.Nə baş verib ki, hətta özünü ciddi sayan media qurumlarının da diqqətini çəkib?Vüqar Əbdülov “Qalatasaray”-“Real” oyununa 3 min manat qoyub və 144 min qazanıb.
Bu xəbər hansı ictimai yükünə görə tirajlanır?TOPAZ əlbəttə, qanunsuz deyil, rəsmi qeydiyyatdan keçib. Ümumiyyətlə, dünyada qanuni fəaliyyət göstərən bu tip çoxsaylı şəbəkələr var. Amma bu kazinoların, TOPAZ-ların qeyydiyyatdan keçməsi və rəsmi fəaliyyət göstərməsi onların qumarxana olmadığı anlamına gəlmir.
TOPAZ da qanuni fəaliyyət göstərən qumarxanadır.
Bir qumarxanada tanınmış bir şəxsin külli miqdarda pul qazanmasının tirajlanması nə deməkdir?
İki səbəb ola bilər: birincisi reklamdır.
TOPAZ qanuni fəaliyyət göstərdiyi üçün reklam vermək hüququna da malikdir. Ancaq TOPAZ-ın reklamlarında da bir məhdudiyyət olmalıdır, ən azı, məktəblilərdən, yeniyetmələrdən uzaq tutulmalıdır. Həmçinin reklam olduğu açıq-aşkar yazılmalı, göstərilməlidir. Bu tip fəaliyyətlərin “gizli reklam” deyilən tələdən istifadəsi yolverilmədir.
Vüqar Əbdülovdan istifadə ilə yayılan bu xəbər reklamdırsa, “gizli reklam” mahiyyəti daşıyır. Əslində, bir tanınmışın nümunəsində qumar təbliğ edilir və böyük əksəriyyətin bunun reklam olmasından xəbəri olmur.
Belə reklam heç bir ictimai əxlaq normasına sığmır.
Digər səbəb isə Vüqar Əbdülovun özünün həyat tərzi ilə gündəmə gəlməyə çalışmasıdır. Yoxsa mərc oyununda iştirak edən bir şəxsin dəqiq rəqəmə qədər uduşunun göstərilməsi necə müəyyən edilə bilər?
Demək, V.Əbdülov özü bu cür informasiyanın yayılmasında maraqlı olub.
Bu informasiya cəmiyyətə nə verir? Bütün dünyada sənətçilərin, məşhurların xeyriyyəçiliyi, alicənablığı, kimsəsizlərə əl tutması, uşaq evlərinə yardım etməsi, orduya maddi dəstək göstərməsi və s. tirajlanır və cəmiyyətə bir normal informasiya ötürülürkən, bizim şou-biznes əhli və onların oyunlarına bilərəkdən və ya bilməyərəkdən alət olan mediamız cəmiyyəti hansı istiqamətə aparmaq istəyir? Qumar oyunları, bir çoxlarının özünə nümunə kimi gördüyü tanınmışların heç də nümunəvi olmayan həyatı təbliğ edilir və gənclərin ona oxşaması təşviq edilir…
TOPAZ rəsmisinin açıqlaması ümumiyyətlə gülüncdür. O, bu xəbəri təkzib etmir, sadəcə deyir ki, onda belə məlumat yoxdur, bunun ardınca isə bildirir ki, bizə 4 manat qarşılığında 250 min qazanan kupon daxil olub. Demək istəyir ki, 3 min qarşılığında 144 min azdır, 4 manata 250 min udan olub, hamınız gəlin qumar oynamağa!
Bu xəbərlərin yayılması və reaksiyasızlıq narahatlıq yaradır. Çünki futbol mərclərinin dağıtdığı ailələr, bir parça çörəyə möhtac qoyduğu insanlar az deyil. Evini, maşınını bu qumarda uduzanlar haqda cəmiyyətdə xeyli məlumatlar dolaşır. Bunun qarşılığında isə ucuz bir reklam kampaniyası aparılır və bəlkə də elə bu gün kimlərlə bu reklamın güdazına gedib, evini, ya da maşınını uduzub…
Belə reklamda özünə, cəmiyyətə, xalqa hörmət edən sənətkar iştirak etməməlidir, əksinə, səhvən adı keçibsə və kimlərsə onun adından istifadə edirsə, buna qarşı dərhal çıxmalıdır.
Sənətkar təkcə oxumaqla, meyxana deməklə, səhnədə rol oynamaqla olmur. Sənətkar cəmiyyətə nümunə olmağı bacarmalıdır, şəxsiyyət olmalıdır, barmaqla göstərilməlidir.
Qumarbazların aqibəti isə hamıya bəllidir. BakuPost.az

Related Articles

050-295-94-79
top