“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir – Mitinq təşvişi

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Tarixi Nadiri yarıya kimi oxumuş” adamlar da belə misilsiz tarixi yalan eşitməmişdilər ki, həftə sonu eşitdilər.

Deputatlığın daşını atıb 1 milyon qaçqın və köçkünün qayğısını çəkməli olan Rövşən Rzayev bir açıqlama ilə “gül” vurdu.

“Müxalifət düşünməlidir ki, onların fəaliyyəti nəticəsində bu gün 1 milyon insan məcburi köçkün vəziyyətində yaşayır” – absurdizm…

Əlbəttə, müxalifətin ünvanına deyilməli o qədər tənqidlər, iradlar var ki, sərhədləri, hüdudları yoxdur. Elə müxalif olan yüzlərlə fəal sosial şəbəkələrdə vaxtaşırı müxalifətin fəaliyyətini təftiş və tənqid edirlər. Xub!

Di gəl, “Qaçqınkom” sədrinin nə boynunun borcudur, nə də vadar deyildi ki, müxalifəti belə ağır şəkildə ittiham eləsin. Axı sizin vəzifəniz köçkünlərin problemləri ilə məşğuliyyətdir, cənab Rzayev.

Siz YAP funksioneri deyilsiniz, Baş nazir deyilsiniz, humanitar sahədə komitə sədrisiniz. İkincisi, Qarabağ torpaqlarının işğalına görə nə o vaxtkı, nə bugünkü iqtidarın günahı var, cəmi Azərbaycanın dərdidir.

O da faktdır ki, Elçibəyin zəif və səriştəsiz hakimiyyəti dövründə təkcə Kəlbəcər işğal olunmuşdu. Amma bizim xalq olaraq dartışmamız təqsirkar axtarmaq olmamalıdır.

8 oktyabr piketinə çıxan köçkün də günahkar axtarmırdı, yurd-yuvasını tələb edirdi. R.Rzayev isə məsələni kontekstdən çıxarıb elə təqdim etdi ki, guya zəngilanlı köçkün ev istəyir.

Onun evi var, aydın məsələdir, sadəcə, hakimiyyətə səslənir ki, Zəngilana qayıtmalıyıq.

“Qaçqınkom” sədri isə əl-ayağa, təşvişə düşdü, YAP qərargahında mətbuat konfransı keçirməyə məcbur oldu ki, piketə çıxan köçkünlərin narazı qalmasının siyasi məsuliyyətindən azad olsun.

Cənab Rzayev, siz mətbuat konfransı təşkil etməklə prezidentə köçkünlərlə işlədiyinizi, onların qayğısını çəkdiyinizi, problemlərinə biganə qalmadığınızı,yəni köçkünlərin aksiyalarda iştirakına təhrik sizin fəaliyyət olmadığını nümayiş etdirmək istəyirdiniz? Heyhat!

Bu mətbuat konfransı və orada müxalifətin ittiham edilməsi məhz “Qaçqınkom” şefinin özünü “sudan quru çıxarmaq” cəhdiydi.

Çünki məcburi köçkünlərin həyatında, problemlərinin həlll olunmasında komitə sədrinin dəyişməsi ciddi bir nəticəyə səbəb olmadı.

Əli Həsənovu əvəzləyən Rövşən Rzayevin fəaliyyəti inqilabi dəyişikliklərlə müşayiət edilmədi. Məlum oldu ki, hələ də zirzəmilərdə, yataqxanalarda zillət çəkən köçkünlər var.

Elə bu ilin aprelində köçkün balasının gözü yaşlı video çıxışı R.Rzayevin bütün fəaliyyətini darmadağın, alt-üst edirdi.

Köçkünlər komitə sədrini dövlətin verdiyi evləri satmaqda ittiham etmişdilər.

“Rövşən müəllim və oğlu bu taxta evdə yaşayar? Neftin, suyun içində yaşayırıq. Burada insan yaşamaz. Prezident görsün ki, köçkünlər nə vəziyyətdə yaşayırlar”, – deyə video çıxış edən qaçqınlar Rzayevə “od püskürürdü”lər.

Onlar bir deyil, beş deyil, R.Rzayevi ev satmaqda günahlandıran köçkünlərin şikayətləri “youtube” sosial şəbəkəsində çoxdur.

Halbuki, bu ittihamlar əvvəlki sədr barəsində olurdu, sonra ümid edilirdi ki, R.Rzayev “Qaçqınkom”da neqativ hallara son qoyacaq. Görünən budur ki. heç nə dəyişməyib.

Məsələn, Salmanov Canəlibildirirdi ki, dəfələrlə komitəyə müraciət edib. Rövşən Rzayevin qəbulunda olanda bildirib ki, təcili evini versinlər, amma, çi fayda…

“Artıq komitənin yollarında ağac olmuşam, bezib usanmışam,himayəmdə azyaşlı xəstə uşaqlarım, həyat yoldaşım, hələ gəl bu kiflənmiş zirzəmidə yaşamaq…”

Biz heç nə demirik, həmin videolara baxmağa dəvət edirik, sonra kimin ucbatından 1 milyon insanın qaçqın-köçkün vəziyyətində yaşadığını söyləyə bilərik…

Reportyor.info

Related Articles

050-295-94-79
top