İCRA BAŞÇISININ MÜAVİNİ TEYMUR SƏMƏDOVA ŞOK İTTİHAMLAR – RÜŞVƏT, İNTİHARA TƏHRİK ETMƏ

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Mehriban Əliyevanın qəbuluna getdi, işdən qovuldu(?)

Redaksiyamıza Sumqayıt şəhər sakini Bayramova Aytəkin Mail qızının cənab Prezidentə ünvalamış olduğu müraciətin surəti daxil olub. Müəllif müraciətində işlədiyi 4№-li körpələr evi-uşaq bağçasından əsassız olaraq qovulmasından, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tərəfindən qarşılaşdığı haqsızlıqlardan, ailəsinin acınacaqlı durumundan və s. bəhs edir. Aktuallığını nəzərə alıb müraciəti müəyyən ixtisarla dərc edirik:

“Cənab Prezident!

Məni əsassız səbəbdən 3 aydır ki, işlədiyim 4№-li körpələr evi-uşaq bağçasından azad ediblər. Dayə köməkçisi işləyirdim. Ali təhsilliyəm, əmək haqqım da 94 AZN (doxsan dörd manat) idi.
Atasız övlad böyüdürəm. Təkəm, bir xəstə atam var. Özü də onkoloji xəstədir, əmək qabiliyyətini itirib. Ailəni tək mən dolandırırdım. Bu səbəbdən də tərbiyəçi keçmək üçün dəfələrlə baxça müdirinə, icra hakimiyyətinin I müavini Teymur Səmədova müraciət etdim. Məndən külli miqdarda-7 min AZN (yeddi min manat) tələb etdilər. Mən isə Sizə və hörmətli xanım Mehriban Əliyevaya məktubla müraciətlər etdim. Lakin müraciətlərim icra hakimiyyətinə göndərildiyi üçün Teymur müəllim məni həmişə işdən çıxarmaqla hədələyirdi. Mən may ayının 29-da Mehriban xanım Əliyevanın qəbuluna getdim. İyun ayının 18-də mənim qolumdan tutub məcburən işdən çıxardılar. Yeni gələn müdir dedi ki, mən Teymur Səmədovun bacısı qızıyam, mənə bata bilməzsən. İstəsən Prezidentin evinə get, şikayət elə, xeyri yoxdur. Otaqdakı əşyaları sındırdılar, mənə məxsus olan əşyaların hamısı yararsız vəziyyətə düşdü. Bağçaların böyüyü, metodist Aynur Şirinova, təsərrüfat müdiri Nərgiz Bayramova və müdirə Gülnar Əliyeva birləşərək məni döydülər. Əşyalarımı götürməyə gedəndə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş plakatda isə ünvanıma nalayiq ifadələr yazılmışdı. Adı isə Nərgiz qeyd olunmuşdu. Kollektivlə yaxşı davrandığım halda hamısına məcburi imzalatdıraraq məni istəmədiklərini qeyd etmişdilər. Mən sonuncu dəfə iyün ayın 4-ü o bağçaya getdim. Müdir məndən 7 min AZN (yeddi min manat) tələb etdi. Sonra dedi ki, 5 min AZN (beş min manat) ver, səni yenidən işinə bərpa edim. Bu barədə Baş Proküurorluğa müraciət etsəm də, heç bir nəticəsi olmadı. Teymur Səmədovun qəbuluna 3 aydır ki, gedib-gəlirəm. Məni görən kimi qəbulu yarımçıq qoyub gedir. Deyir ki, bir də bura gəlsən, səni aradan götüzdürəcəyəm. Xarici pasport düzəlt, rəd dol Azərbaycandan. Burada sənə iş yoxdur.
Onu da qeyd edim ki, məni 70-ci maddə ilə işdən qovub. Məşğulluq mərkəzinə iş üçün müraciət etsəm də orada mənə dedilər ki, Teymur müəllim tapşırıb ki, sənə iş verməyək. Uşağa verilən ünvanlı sosial yardımın vaxtı fevral ayında bitir. Oranın müdiri məni çağırıb dedi ki, bundan sonra bura gəlmə, sənə verilən sosial müavinət fevral ayında bitəcək. Səmədov Teymur tapşırıq verib ki, ünvanlı sosial yardımını da kəsək. İşləməyən vətəndaşa sosial müavinət düşmür. Övladımın 9 yaşı var, kirayədə qalıram. Atam yataq xəstəsidir. Təkbaşıma necə yaşayıram, onu Allah bilir. Övladıma məktəb ləvazimatları ala bilmirəm. Quru çörəyə möhtacam. Teymur müəllim mənə deyir ki, get oğurluq elə, kafedə işlə, nə edirsən, et, mənə maraqlı deyil. Uşağına atalıq etməliyəm? O maddə ilə səni heç kim işə götürməyəcək. Mən başa düşə bilmirəm ki, Mehriban xanımın qəbuluna getmək cinayətmi sayılır? O səbəbdən işdən azad olmaq məntiqə sığmır. Uşaq xəstəxanasına uşağın müalicəsi üçün getdim. Baş həkim mənə dedi ki, Teymur müəllim tapşırıb ki, sənə heç bir güzəşt olmayacaq. Xəstəxana pulludur. Hansı müəssisəyə, idarəyə gedirəmsə, qadağalarla qayıdıram. İncəsənət məktəbinə gedirəm, eyni sözü eşidirəm. Hal-hazırda mənim yerimə heç kim götürülməyib. Mənim maaşım da müdirin adına yazılıb. Bunu mənə metodist Aynur Şirinova dedi.

Cənab Prezident!

Kasıb, çarəsiz, fağır vətəndaşa məmur tərəfindən olunan zülümlərə dözə bilmirəm. Uşağımı uşaq evinə verib, özümü isə intihar edəcəyəm. Bu məsləhəti mənə Teymur Səmədov verib. Hətta deyib ki, gəl icra hakimiyyətinin həyətində özünü as. Onsuz Allah da göydən yerə ensə, yenə sənə iş verməyəcəm. Mən isə 3 aydır ki, həqiqətən işləmirəm. Övladım da xəstəlik tapıb. Onun da üzünə baxa bilmirəm.

Ölkə başçısı olaraq Sizdən imdad diləyirəm”.

Biz məlum qayda və prinsiplərə uyğun olaraq müraciətdə yer alan ittihamlarla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən də mövqe öyrəndik. İcra Hakimiyyətindən səslənən ittihamları təkzib etdilər: “Məlumat üçün bildiririk ki, Bayramova Aytəkin Mail qızı 02.05.2017-ci il tarixdən 19.06.2019-cu il tarixədək 4 saylı körpələr evi – uşaq bağçasında dəyişəyə baxan vəzifəsində işləyib. İşlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirməyib, müntəzəm olaraq nizam-intizam qaydalarını pozub, iş yerindəki qayda – qanunlara riayət etməyib. Qeyd olunan səbəbləri əsas tutaraq Aytəkin Bayramovaya xəbərdarlıq, 03.05.2019-cu ildə tarixdə töhmət, 11.06.2019-cu ildə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib. Lakin Aytəkin Bayramova, barəsində görülmüş intizam tənbehi tədbirlərindən nəticə çıxartmayıb, əmək intizamını pozmaqla müəssisənin normal iş prosesinə mənfi təsir göstərib.
Qeyd olunanlar nəzərə alınaraq 19.06.2019-cu il tarixdə işdən azad edilib. Dəfələrlə şəhər icra hakimiyyətinin nümayəndələri onunla söhbətlər aparıb, şəhərin bütün sakinlərinə olduğu kimi, Aytəkin Bayramovaya da diqqət və qayğı ilə yanaşılıb, ailə vəziyyətini nəzərə alaraq ona daha yüksək əmək haqqı olan iş təklif olunub. Lakin o öz izahatında həmin işlərdən imtina edib”.
Redaksiyadan: Yazı dərcə hazırlanarkən Aytəkin Bayramova bu cavabda yer alan iddialarla razılaşmadığını bildirdi: “Əvvəla mənə xəbərdarlıq olmayıb və dəfələrlə töhmət verilməyib, ikincisi də mənə heç bir iş təklif olunmur. Əksinə, mən iş üçün yalvarıram, məni Teymur müəllim qovur”.

P.S. Onu da əlavə edək ki, Aytəkin Bayramova Teymur Səmədovla olan dialoqlarının audio yazısını da redaksiyamıza təqdim edib. Hələlik onu ictimailəşdirməyi uyğun bilmirik.

Yenixeber.org:

Related Articles

050-295-94-79
top