“Bizi söyənlərə mənim qanımdan vurulsa, bəlkə şəfa taparlar” — YAP-çı deputatdan ŞOK AÇIQLAMALAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, politoloq Elman Nəsirov YAP funksionerlərinin, o cümlədən özünün qanvermə aksiyasında iştirakının sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən təhqir və tənqid edilməsindən danışıb.


E.Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, həmin radikal şəxslər bu cür ifadələri səsləndirməklə öz iç üzlərini nümayiş etdirirlər:


“Həmin günü mən yorğun olmağıma baxmayaraq, gedib qan vermişəm. Bilirsiniz ki, qan verəndən sonra insan əzgin olur. Bu cür əməlləri təqdir etmək əvəzinə, bəzi qaragüruhçu qüvvələr sosial şəbəkələrdə mənəviyyatsız hərəkətlər edirlər. Onların nə etməsindən asılı olmayaraq, əsas Allah həqiqəti görür. Mən gedib ona görə qan vermişəm ki, kiməsə faydası olsun. Bu cür işlərə qarayaxmaq istəyən adamların heç kəsə xeyrləri yoxdur, amma yenə də dağıdıcılıqla məşğul olurlar. Allah onları görür, ona görə də bu günə qalacaqlar”.


Deputat onu təhqir edən adamlara qan verməkdən imtina etmədiyini də söyləyib:


“Bu gün mənəviyyatsızlıq, ermənipərəst və satqınlıq yolunu tutanlarların qətiyyən milli hissləri yoxdur. Onlar ancaq 1 dəfə istifadə olunmaq üçün yarayırlar. İnanın ki, onlar 1 gün istifadə ediləndən sonra əlcək kimi bayıra atılırlar. Yəni, bu adamlara xaric də o gözlə baxır. Ümumiyyətlə, xəyanətkarı heç yerdə sevmirlər, heç zaman dəyəri, qiyməti olmur. Əgər mənim qanım bu cür xəstə adamlara verilən zaman onlar sağalarsa, o zaman bunu etməyə razıyam. Mən qətiyyən bu cür adamlara qanımın verilməsinin əleyhinə olmaram. Çox istərdim ki, onların hər hansı birinə mənim qanımdan vurulsun. Bu zaman bəlkə onların vətənpərvərlik hissi normal olar. Yəni, onlar mənim qanımdan şəfa tapa bilərlər. Mən bu adamların satqın və dönük xislətini görüb, qanımdan onlara vurulmasını istərdim. Bu zaman bəlkə onların qanı düzələr, Vətən, torpaq və dövlətçilik hisslərinin nə olduğunu anlayarlar”. 


E.Nəsirov indiki Azərbaycan iqtidarını müdafiə etməkdən heç zaman vaz keçməyəcəyini də söyləyib:


“Hesab edirəm ki, mən kifayət qədər vətənpərvərəm, dövlətimi sevirəm, ona bağlı insanam. Mən hakim Yeni Azərbaycan Partiyasında təmsil olunuram. Bu partiya Qafqazın ən böyük siyasi partiyasıdır, ümumxalq partiyasıdır. Bu partiyanın sədri isə dövlətimizin başçısı cənab İlham Əliyevdir. Mən də onun siyasətini təbliğ edib, dəstəkləyirəm. Əminəm ki, cənab Prezidentin yolu haqq yoludur. Bu gün Azərbaycanda olan sabitliyin və təhlükəsizliyin də qarantı məhz cənab İlham Əliyevdir”.

Related Articles

050-295-94-79
top