Bakıda bir gün əvvəl alınmış telefonu mağaza geri qaytarmadı – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

İstehlakçıların ən çox üzləşdiyi problemlərdən biri aldıqları malların mağazalar tərəfindən geri qaytarılmamasıdır. Bəzi hallarda isə mağazalarda malları geri qaytarmaq yox, dəyişdirmək mümkün olur. Problem ciddi olsa da, ticarət obyektinin sahibi və satıcılar özlərini haqlı sayırlar.
Oxu.Az-ın redaksiyasına aktual problemlə bağlı şikayət daxil olub. Şikayətçi Röyal Hüseynovun sözlərinə görə, elektronik mağazaların birindən aldığı mobil telefonu dəyişdirmək istəsə də, buna nail ola bilməyib:

“Mobil telefonu aldıqdan bir gün sonra texniki problemlə üzləşdim və dəyişdirmək üçün mağazaya üz tutdum. Mağazadan bildirdilər ki, servis rəy verdikdən sonra mobil telefonu dəyişəcəklər. Amma servisdən telefonun ekranında və arxa korpusunda cızıqların olduğunu bildirdilər. Bu səbəbdən 15 faiz dəyərində ödəniş etməyim istənildi.

Aldığım telefon heç üç saat işləməyib. Belə olan halda cızıqlar necə ola bilər? Problemlə bağlı olaraq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət etmişəm”.

R.Hüseynovun şikayəti ilk deyil. Mövzu ilə bağlı mütəmadi olaraq narazılıqlarla rastlaşırıq.

Malların qaytarılması və dəyişdirilməsi ilə bağlı istehlakçı hüquqları necə tənzimlənir?

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının aradan qaldırılmasını, malın həmin mala uyğun digər modelli malla əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər:

“Satıcı və ya istehsalçı öz növbəsində istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və yuxarıda göstərilən istehlakçının tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur.

İstehlakçının malın dəyişdirilməsi ilə bağlı tələbi ticarət obyektində lazımi keyfiyyətli, eyni modelli, markalı, tipli mal mövcuddursa, dərhal yerinə yetirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan etibarən iki ay müddətində ödənilməlidir.

Digər tərəfdən, qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəməməlidir. Həmçinin, qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli, markalı, tipli və s. mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri onun alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanmalıdır.

Malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərər satıcı və ya istehsalçı tərəfindən tam həcmdə ödənilməlidir. İri qabaritli və ağır çəkili malların istehlakçıdan satıcıya və ya istehsalçıya qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının və ya istehsalçının hesabına həyata keçirilir.

Lazımi keyfiyyətli qeyri-ərzaq malları da öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.

İstehlakçı tərəfindən əldə edilən lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda istehlakçı 14 gün ərzində həmin malı dəyişdirə bilər.

Əgər malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı uyğun malın satışa daxil olması barədə istehlakçıya məlumat verməyə borcludur”.

Qurumdan əlavə edilib ki, bir sıra malların dəyişdirilməsi qanunla qadağan edilir:

“Nazirlər Kabinetinin 114 saylı qərarı ilə Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilib. Həmin qərara əsasən, istehsal qüsurları istisna olmaqla qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanan məmulatlar, bütün növ parçalar və ölçü ilə satılan mallar, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, dəyəri ödənilən və mağazadan çıxarılan ərzaq malları və s. mallar dəyişdirilmir və geri qaytarılmır.

Göründüyü kimi, hər bir istehlakçı aldığı malda qüsur aşkarladıqda malı geri qaytarmaq, dəyişdirmək, yenidən sifariş vermək, qiymətləri aşağı salmaq və s. hüquqlarından istifadə edə bilir.

Malın (işin, xidmətin) keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermək sahibkarın əsas vəzifələrindən biri olduğundan hər bir sahibkar ilk növbədə malın istehsalı və ya xidmətlərin göstərilməsi zamanı onların keyfiyyətini və təhlükəsizliyini, habelə malların (işlərin, xidmətlərin) keyfiyyətində qüsur aşkar edilərkən istehlakçının qanunvericilikdə müəyyən edilmiş hüquqlarını təmin etməlidir”.

Related Articles

050-295-94-79
top