Həkimin ölümü ilə bağlı şok ittihamlar – Villa, 150 min dollar, alver…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Ortada “villası yarımçıq qalıb” söhbəti olub. Biz villa tikdirənik?!”

Bir müddət öncə Bakıda plastik əməliyyatdan sonra həyatını itirən Sona Gürgün Vəliyevanın vəkili hadisə ilə əlaqədar plastik-estetik cərrah Sirus Qoçqanini günahlandırır. O, həkimi mənəvi zərəri pul vasitəsilə ödəməməkdə ittiham edir. Sirus Qoçqani isə deyilənlərlə razılaşmır və ölüm hadisəsinə görə, təqsirinin olmadığını bildirir. Həkim qanun çərçivəsində məsələnin araşdırılmasını istəyir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birilərini ittiham edir.

Minval.info-ya müraciət edən vəkil Samir Zeynalov plastik-estetik cərrahın uğursuz əməliyyatlar həyata keçirdiyini iddia edir. Onun sözlərinə görə, iki uşağı anasız qoyan, respublikanı yeganə ixtisas baxımından həkimsiz qoyan Dr. Sirus Qoçqani hadisənin mənəvi zərərini pul vasitəsilə qarşılamaq məqsədilə mərhumə Sona Gürgün Vəliyevanın ailə üzvləri ilə görüşüb:

“Lakin səhlənkarlığa yol verdiyini bu addımı ilə təsdiq edən həkimin təklifi ağlabatan olmayıb. Sirus Qoçqani yol verdiyi həkim səhvi nəticəsində ailəyə dəymiş maddi ziyanı hər aya düşən sabit pul məbləği ilə kredit formatında fiksasiya etmək istəyib. Bu görüşlərdən sonra isə bir daha Sirus Qoçqanidən xəbər almaq mümkün olmayıb. Görünən odur ki, adı çəkilən həkim istər peşə, istərsə də digər xarakterli hərəkətlərinə birmənalı olaraq cavabdeh deyil”.

Vəkil iddia edir ki, plastik-estetik cərrahın həm köməkçisi, həm də həyat yoldaşı olan Könül xanım Sona Gürgünə əməliyyatdan bir müddət öncə liposaksiya əməliyyatı üçün nəzərdə tutulmuş yeni aparatın heç bir həyati risk yaratmadığını söyləyib: “Bu aparatla emboliyanın baş vermədiyini, əməliyyatın bu baxımdan tamamilə təhlükəsiz olacağını və hər şeyin uğurla nəticələnəcəyini bildirməklə sonuncuda əminlik hissi yaradıblar. Bu barədə əldə edilən səs yazıları belə deməyə əsasən bizə əsas verir. Həkim Sirus Qoçqanin barəsində analoji uğursuz əməliyyatlarının bir daha gerçəkləşməməsi üçün cinayət hüququ qaydasında Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək”.

Mövzuyla əlaqədar minval.info-ya açıqlama verən Siruz Qoçqani ittihamlarla razı olmadığını dilə gətirib:

“Nə əsasla bizi günahlandırırlar? Bununla bağlı dövlət orqanları – Səhiyyə Nazirliyi, prokurorluq var. Kimsə gəlib günahlandırırsa, bu, artıq olmaz. İkincisi, rəhmətə gedən tərəfə bildirdik ki, əgər bizi günahkar hesab edirsinizsə, meyiti morqa verin, ekspertiza təyin olunsun, araşdırılma aparılsın. Mən şəxsən özüm xahiş etdim ki, bunun səbəbin tapsınlar. Bizlik heç bir problem yoxdur. Söylədim ki, ərizə də yazın, qanun çərçivəsində hər işləri görsünlər. Burada məmin heç bir günahım olmayıb, əzizim. Nə ediblərsə, özləri ediblər”.

Plastik-estetik cərrah bildirir ki, onun yanına gələrək 150 min dollar pul istəyiblər: “Hansı əsasla? O zaman da dedim, nə narazılıqları varsa, şikayətlərini etsinlər. Qanuni olaraq, mənim barədə nə rəy yazsalar, bunu qəbul edirəm. Demişdim ki, insani cəhətdən kömək edə bilərəm. Mən xarici vətəndaşam, problem olarsa, dərhal deport edərlər. Bunu kimsə nə pulla, nə də ki, dost-tanışla yuya bilər. Dayağım da, “day-dayım” da yoxdur. Bir neçə ölüm hadisəsi ilə  bağlı adım hallandı, bu da müvafiq qurumlar tərəfindən araşdırıldı və hüquqi qiymət verildi. Mən işimi düzgün aparıram. Sözügedən aparata gəldikdə isə bununla bir çox əməliyyatlar həyata keçirilib və heç bir problem olmayıb”.

Məsələ ilə bağlı həkimin həyat yoldaşı və assistenti Könül xanım da minval.info-ya açıqlama verib:

“Qarşı tərəf şikayətçiydisə, nəyə görə ərizə yazmadılar?! Bizi davamlı zənglərlə görüşə dəvət edirdilər. Hansısa restoranın həyətinə çağırıb, qarşımıza pul tələb qoyublar. Bu nə deməkdir? Adam ölənə görə, susur, dinmir. Ortada “villası yarımçıq qalıb” söhbəti olub. Biz villa tikdirənik? “Mənimlə yazışması var” deyirlər, onu ortaya çıxarsınlar. Biz yaslara gedirdik. Əvvəlcə doktorun adını çəkdilər. Dedik ki, yazıları göstərsinlər. Əllərində heç bir sübut olmadı. Daha sonra anestezioloqun adını çəkdilər. Başqa sözlər danışdılar, etik olmadığı üçün söyləmək istəmirəm. İndi isə mənim adımı çəkirlər. Biz özümüz məhkəməyə müraciət edəcəyik. Telefonumda belə, o xanımın nömrəsi yoxdur. Amma onların göndərdiyi “pulu verin” səs yazıları telefondadır. Bizim onlara verəcəyimiz bir qəpik də yoxdur. Ən azından ölənə hörmət etsinlər, ayıbdır. Onlar etmirlərsə, biz də hər şeyi açıb ortalığa qoyacağıq”.

Xatırladaq ki, mərhumə Sona Gürgün Vəliyeva Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi olub.

Related Articles

050-295-94-79
top