“Arvadının ağzını sən yuma bilmədin, mən elədim”- Məmmədov qardaşı arvadını niyə öldürüb?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qardaşı arvadını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. Mərhumun əri deyib ki, günah öləndə olub.

1960-cı il təvəllüdlü Məmmədov Rafiq Həsənoviçin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutub.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə iclasında şahidlər ifadə verib.

İttihamda yazılır ki, mərhum Əqidə Məmmədova ilə Rafiq Məmmədov arasındakı mübahisəyə səbəb ailə münaqişəsi olub. Rafiq Məmmədov kirayədə yaşadığı evdən çıxaraq qardaşıgilə gəlib. O, əşyalarını qardaşı evinə yığaraq bir müddət kirayəyə ev axtarmaq istəyib. Bu zaman Əqidə Məmmədova buna etiraz edib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Rafiq Məmmədov Əqidə Məmmədovanı qətlə yetirib.

Bu gün baş tutan məhkəmə iclasında şahid qismində Elçin Məmmədov ifadə verib. O, mərhumun həyat yoldaşı olduğunu deyib.

Sərbəst ifadə verən Elçin Məmmədov deyib ki, baş verən münaqişədə günahkar mərhum arvadı olub:

“Hadisə günü qardaşım bizə gəldi, dedi ki, kirayədə yaşamağa imkanı yoxdu. O, əşyalarını bizə yerləşdirmək istədiyini, daha ucuz kirayə ev tapdıqdan sonra əşyalarını aparacağını dedi. Mən də qardaşımdır, atası deyiləm ki. Buna görə də razılıq verdim. Çünki ora həm də bizim ata evimizdir. Bir az keçəndən sonra həyat yoldaşım Əqidə gəldi. Əqidə qardaşıma dedi ki, əşyaları niyə gətirmisən? Rafiq də dedi ki, mən qardaşından icazə almışam. Başladılar mübahisə etməyə. Yoldaşım qardaşıma qarşı nalayiq ifadələr işlətməyə başladı. Onun yoldaşı və qızı haqda xoşagəlməz ifadələr işlətdi. Qardaşım isə sakit dayanmışdı. Qardaşımın qızı və arvadı Türkiyəyə getmişdi. Buna görə də Əqidə qardaşıma ağır sözlər dedi. Mən onlara xəbərdarlıq elədim. Qardaşım mənə dedi ki, gör sən necə şərait yaratmısan ki, arvadın sənin yanında mənə nələr deyir. Qardaşım evdən çıxandan sonra geri qayıtdı. Papağını götürmək istədi. Qardaşıma dedim ki, Əqidəyə fikir vermə. Mən 15 yaşında oğlumu itirmişəm. Ona görə də Əqidə gərgin və əsəbi olurdu. Buna görə də qardaşımdan sakit olmasını istədim.

Yoldaşım qardaşıma tərəf getdi, onu söyüb, əşyalarını da götürüb evdən rədd olmasını istədi. Mübahisə eləməyə başlayanda bir də baxdım ki, orda dəmir ütü də var. Ütünün ora necə gəldiyini bilmədim”.

Elçin Məmmədov söyləyib ki, həyat yoldaşının evdə yerə yıxıldığını, daha sonra da ayağa qalxdığını görüb:

“Əqidə ayağa qalxandan sonra çölə qaçdı. Mən onları sakitləşdirə bilmirdim. Ödümdən əməliyyat olunduğum üçün tam hərəkət edə bilmirdim. Əqidə məni çağırıb dedi ki, təcili yardım çağır. Balamın qəbrinə and içib söylədi ki, qardaşından şikayətçi olmayacaq. Dedi ki, başından çoxlu qan gəlir. Mən də onun başından çox qan gəldiyini gördüm. Evə qaçıb telefonu götürdüm. Bir də gördüm ki, qardaşım yenidən Əqidəyə tərəf qaçdı. Mən çölə çıxanda gördüm ki, Əqidə yerdə uzanıb və başından qan axır. Rafiq də əlində dəmirlə orda durmuşdu. Mən yaxınlaşıb Rafiqə 5-6 yumruq vurdum. Dedim ki, sən nə etdin? Qardaşım da mənə dedi ki, arvadının ağzını sən yummadın, mən elədim. Amma Rafiq söylədi ki, Əqidəni özü vurmayıb.

Elçin Məmmədov ifadəsinin davamında qardaşının onun arvadını bilərəkdən vurmadığını izah etməyə çalışıb, söyləyib ki, yoldaşı yıxılan zaman xəsarət alıb.

Amma məlum olub ki, istintaqda qardaşı mərhumun başından zərbə vurduğunu deyib.

Bu ziddiyyəti izah etməyə çalışan Elçin Məmmədov bu dəfə də bir-biri ilə ardıcıllıq təşkil etməyən ifadələr işlədib. Gah qardaşının əlində dəmir görmədiyini, gah dəmiri yerə atdığını gördüyünü, gah da qardaşının mərhuma heç bir zərbə endirmədiyini deyib.

Prokurorun suallarına cavab olaraq Elçin Məmmədov hadisə ilə bağlı son cümləsini belə ifadə edib:“Mən gördüm ki, qardaşım qanlı dəmiri əlindən yerə atdı”.

Məhkəmə iclasında şahid qismində Ədalət Mövsümov da ifadə veeib.

O, təqsirləndirilən şəxsin yeznəsi olduğunu deyib. Məlum olub ki, hadisənin əsas şahidlərindən biri də odur. Ədalət Mövsümov da ziddiyyətli fikirləri ilə diqqət çəkib.

Sərbəst ifadə verən Ədalət Mövsümov deyib ki, hadisədən bir gün əvvəl Rafiq Məmmədov ona zəng edib: “Biz görüşəndə dedi ki, əşyalarını başqa evə yığacaq. Məndən də kömək istədi. Hara yığacağını soruşanda qardaşı Rafiqgilin evinə yığacağını dedi. Biz maşın tutub ora getdik. Mən əşyalara kömək edib həyətə çıxdım. Evdə səs-küy eşitdim. Amma kimin-kimi vurduğunu görmədim”.

Ədalət Mövsümov daha sonra Rafiq Məmmədovun yaxşı insan olduğunu məhkəməyə izah etməyə çalışıb. Hakim isə ona xəbərdarlıq edib və hadisə barədə gördüklərini danışmasını tələb edib.

Suallara cavab verən Ədalət Mövsümov bildirib ki, Rafiq Məmmədovun əlində dəmir parçası görüb.

Məhkəmə iclas zalında mərhumun bacısı hüquqi varisi kimi iştirak edib. Zalda bir neçə dəfə gərginlik yaşanıb. Mərhumun bacısı iddia edib ki, Rafiq Məmmədov qardaşı Elçin Məmmədovla birləşərək bu cinayəti törədib.

Məhkəmə araşdırması davam etdirilir.

Hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.

Qəsəbə sakini Əqidə Məmmədova qaynı tərəfindən qətlə yetirilib. Mərhum baş nahiyəsindən aldığı ağır xəsarətdən sonra dünyasını dəyişib.

Related Articles

050-295-94-79
top