Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verildi

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı  olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

2019-cu ilin birinci yarısı üzrə “Beynəlxalq media vəsiqəsi”  BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: “Xalq” qəzetinin əməkdaşı Anar Əliyevə (Anar Turan), QHT.az xəbər portalının əməkdaşı, araşdırmaçı jurnalist Raminə Ağayevaya (Raminə Eyvazqızı), Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurası İH üzvü Yadigar Məmmədliyə, “Birlik” jurnalının təsisçisi, Mətbuat Şurası İH üzvü  İlham İsmayılova (İlham İsmayıl),  müstəqil araşdırmaçı jurnalist Əlimərdan Sultanova, MŞ  katibliyinin rəhbəri Şəmsəddin Əliyevə, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti  Tofiq Yusifova   verilib.  

JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki, BJF  təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi”  jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş  jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir.  “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin  vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, deyə Müşfiq Ələsgərli bildirib.

JuHİ sədri qeyd edib ki, BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq  üçün göstərdiyi yardıma risq yaradan qruplarla  danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir”.

Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:

–          Jurnalistika sahəsində fasiləsiz  fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək,

–          BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə sayqılı yanaşmaq,

–          BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq, onunla  sıx  əməkdaşlıq etmək  

və sair kimi məqamlar daxildir. 

Related Articles

050-295-94-79
top