Rektora kimlər müqavimət göstərir? – Açıqlama

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xarici dili bilməyən, müasir İKT və digər bacarıqları olmayanlar bu prosesdən kənarda qalır və rektorun müsbət fəaliyyətinə qarşı çıxır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin universitetdə aparılan dəyişikliklərin müqavimətlə qarşılanması ilə bağlı dediklərinə münasibət bildirərkən söyləyib. O, rektorun BDU-da gördüyü işlərdən söz açıb:

“Elçin Babayevin BDU-ya rektor təyin olunmasından 4 aya yaxın vaxt keçir. İllərlə yığılıb qalmış poblemlərin bu müddət ərzində həllini gözləmək sadəlövhlükdür. Son 20 il ərzində BDU-da çox ciddi problemlər qalaqlanıb qalmışdı.

Ən əsası universitetin tələbəsi üçün rektor əlçatmaz bir mifə çevrilmişdi. Yalnız Elçin Babayev rektor təyin olunandan sonra tələbələr rektoru gördülər.

Rektor ilk günlərdən yataqxanalarda oldu və orada yaşayan tələbələrlə görüşdən sonra yataqxanaya diqqət artırıldı. Vəziyyət qismən də olsa, normallaşdı və tələbələrin yeni yataqxana korpusuna köçürülməsi məsələsi artıq həllini tapmaqdadır. Bu, olduqca ciddi məsələdir.

E.Babayev rektor olandan sonra beynəlxalq rəqabət apara biləcək elmi nəticələrin alınması məqsədilə təbiət elmləri və humanitar-sosial sahələrdə 2 güclü elmi mərkəzin yaradılmasına başlanılıb. Bura dinamik, xarici dilləri bilən gənc alimlər cəlb olunub ki, ən çox müqavimət göstərilən səhələrdən biri budur. Xarici dili bilməyən, müasir İKT və digər bacarıqları olmayanlar bu prosesdən kənarda qalır və rektorun müsbət fəaliyyətinə qarşı çıxırlar”.

K.Əsədovun fikrincə, ən çox müqavimət göstərilən istiqamətlərdən biri də struktur islahatları ilə bağlıdır:

“Belə ki, illər ərzində vəzifə tutub heç bir iş görməyənlər rasionallaşmadan sonra işlərini itiriblər və narazı kütləyə çevriliblər. Belə ki, laboratoriyalar və şöbələrin birləşdirilməsi, yeni qurumların yaradılması məsələsi həyata keçirilib və bundan sonra bir çoxu uzun müddət tutduğu və heç bir faydalı iş əmsalı olmayan işini itirib”.

Ekspertin sözlərinə görə, ilk dəfə olaraq bir Azərbaycan universitetinin 100 illik yubileyinin UNESCO-da qeyd olunması çoxlarının qısqanclığına səbəb olub:

“Hazırda müşahidələrimə görə, BDU-nun 100 illiyinin qeyd edilməsi istiqamətində ciddi işlər görülür və bir çoxları haqlı olaraq bu prosesdən kənarda qalıb.

Hesab edirəm ki, Elçin Babayevin rəhbərliyi altında bu ali məktəb yaxın vaxtlarda dünyadakı universitetlər arasında öz sözünü deyəcək”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev açıqlamasında son aylar ərzində BDU-da aparılan dəyişikliklərin hamı tərəfindən birmənalı qarşılanmadığını deyib. Rektor hətta buna açıq şəkildə müqavimət göstərənlərin də olduğunu söyləyib.

Related Articles

050-295-94-79
top