DİQQƏT! Sürücülərin nəzərinə – PARKLANMA QİYMƏTLƏRİ DƏYİŞƏCƏK

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda 35 qapalı parklanma yeri olsa da, sürücülər avtomobilləri küçələrdə qanunsuz park edirlər. Bu vəziyyət nəqliyyat sıxlığı yaratmağla yanaşı, bir sıra problemlərə də yol açır. Ortaya belə bir sual çıxır: Görəsən, hansı ərazilərdə parklanma yerləri ləğv olunmalıdır?

Avtosfer.az xəbər verir ki, bu barədə yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, bu gün parklanma ilə bağlı vəziyyət bir qədər qarışıqdır: “Paytaxtda tikinti və şəhərsalma ilə bağlı prosesin kor-koranə şəkildə aparılması parklanma yerlərinin yaradılmasına mane olur. Avtobus dayanacaqları, dönərxanalar və bir sıra məişət obyektləri çox yöndəmsiz təşkil olunub. Həmin yerləri sahibindən alıb, parklanma yerləri salmaq mümkün deyil. Çünki sahibkarlar Bakı şəhər İcra Hakimiyyətindən icazə aldıqlarını bildirirlər.

Amma bəzi yerlərdə parklanma yaxşı şəkildə təşkil olunub. Məsələn, Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı Dövlət Universitetinin yanında çox yaxşı şərait yaradılıb. Yolun sol tərəfində səkiyə perpendikulyar şəkildə parkinq yeri yaradılıb. Sağ tərəfdə isə ümumi parklanma qadağan olunub və kameralar çəkir. Belə olan təqdirdə avtobuslar dayanacağa rahat şəkildə daxil ola bilir. Lakin təəssüf ki, dayanacağa yaxın ərazidə avtomobilini saxlayan sürücülər var. Yəqin ki, həmin sürücülər barədə müvafiq tədbirlər görüləcək”.

Ekspert vurğulayıb ki, parklanma ilə bağlı problemin aradan qaldırılması üçün iri dövlət qurumları, universitetlər Bakı şəhərinin ərazisindən kənara çıxarılmalıdır: “Heydər Əliyev prospektində Vergilər Nazirliyi üçün ayrıca bina tikilib. O bina istifadəyə veriləndə nazirliyin yüzlərlə əməkdaşı kənara çıxacaq. Bu isə həmin ərazidə nəqliyyat sıxlığının azalmasına səbəb olacaq. Bu addımı gələcəkdə digər dövlət qurumlarına da tətbiq etmək lazımdır. Məsələn, Gənclik metro stansiyasının yaxınlığında Gənclər və İdman Nazirliyinin fəaliyyət göstərməsi heç kimə lazım deyil. Eyni zamanda Sənaye və Energetika Nazirliyini şəhərdən kənara çıxarmaq işin ziyanına olmaz. Əks halda, kosmetik işlərin effektiv təsiri olmayacaq”.

Parklanma qiymətləri məsələsinə də toxunan E.Muradlı qeyd edib ki, qanuna görə 15 dəqiqəlik parklanma pulsuzdur. Bəzi parkinq əməkdaşları bu qaydaya əməl etmir və sürücüdən qanunsuz pul tələb edirlər: “Ümumilikdə əvvəllər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qoyulmuş  qiymətlər bahadır. Məkandan asılı olaraq 1 saatlıq parklanma qiyməti 30-50 qəpik – 1 manat civarında dəyişir. Şəhərin mərkəzində, iri ticarət mərkəzlərinin ərazisind  isə 1 saatlıq parklanmanın qiyməti 2 manatdır. Parklanma ilə bağlı ödəniş elektron qaydada olmalıdır. Nəticədə sürücülər aldadılmayacaq.  Həmçinin parklanma qiymətləri aşağı salınmalıdır. Lakin Nazirlər Kabineti tərəfindən parklanma qiymətinin bahalaşacağı daha çox gözləniləndir. Bu bahalaşmanın sürücülərin etirazına səbəb olacağını nəzərə alaraq, Nazirlər Kabineti qərardan öncə ciddi düşünməlidir”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, Paytaxt Bakıda nəqliyyatın hərəkətinə maneə yaradan parklanma yerləri ləğv ediləcək. Bununla yanaşı, parklanma qiymətlərinə də yenidən baxılacaq.

Related Articles

050-295-94-79
top