“Mən diz çökməmişəm, xalq özü məni seçib” — Deputat Tahir Kərimli

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Demokrat.az Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimlinin “AzPolitika.info”-ya müsahibəsini təqdim edir:

– Tahir bəy, Bakıda UEFA Avropa liqasının final oyunu yüksək təşkilatçılıqla və hər hansı insident qeydə alınmadan baş tutdu. Sizcə, bunun Azərbaycan üçün nə kimi əhəmiyyəti olacaq?

– Əvvəla, Avropa Liqasının final oyununun Bakıda keçirilməsinin özü böyük uğurdur. Nəzərə alın ki, bu final oyununa ev sahibliyi etmək üçün bir sıra dövlətlərin paytaxt və iri şəhərləri də ortaya iddia qoymuşdu, arzu edirdilər ki, final onların şəhərlərində keçirilsin. Amma Bakıda keçirildi. Bu o deməkdir ki, dünyanın ən populyar idman finalı sizin şəhərdə keçirilir. Mən hələ məsələnin biznes tərəfini demirəm. Təsəvvür edin ki, dünyada 100 milyonlarla insan Bakıda keçirilən final oyununa baxır, ölkəyə minlərlə turist axır, yerli xalqın özünün futbola həvəsinin artır və s. Elə bir parametr olmaz ki, burada Azərbaycanın adına qüsur tapasan. Xaricdə və daxildə oturan bəziləri yaxşının içində nəsə mənfi bir şeylər axtarır. Bir sözlə, bu final böyük hadisə idi, turistlərin təhlükəsizliyi də tam təmin edildi, hər cür şərait yaradıldı. Ancaq təəssüflər olsun ki, son 120-130 ildə Avropada yaşayan və lobbi qurmağı bacaran ermənilər güclü təbliğat maşını qura bilib. Düşmən o dərəcədə bunu bacarıb ki, “Arsenal” klubuna təsir edə, Bakının içərisində təbliğat maşınını işə sala bilir. Az qala Mxitaryanı böyük bir hadisəyə çevirdilər. Dünya belədir, dünya təkcə bir Mxitaryanı görür, amma bizim 1 milyon qaçqınımızı görmək istəmir, müsəlman ölkəsinin inkişafına mane olmaq istəyir, gözü götürmür. Azərbaycan dövlətinin inkişafını arzu etmirlər.

– İddia edirsiniz ki, Azərbaycanın inkişafına mane olurlar. Nədir bunun səbəbi, niyə mane olmaq istəyirlər?

– Azərbaycan əleyhinə güclü bir şəbəkə işləyir. Prezident də mayın 28-də çıxışı zamanı bildirdi ki, güclü təbliğat müharibəsi gedir. Prezidentin özündən də soruşurlar ki, doğrudanmı sizdə əmin-amanlıq, təhlükəsizlik, sabitlik, birlik var. Yəni bizi başqa cür təqdim edir, Azərbaycanı gözdən salır, bəzən hökumətlə dövləti qarışdırırlar. Xaricdə olan düşmənlərə özümüzdən züy tutanlar da var. O adamlar Azərbaycan əleyhinə böyük təbliğat aparırlar. Mənim aldığım məlumata görə, 6 min azərkeş ölkəmizə gəlməkdən imtina edib. Bu, həmin təbliğatın nəticəsidir. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat verir, başqa təşkilatlar da bəyanatlar yayırlar. Azərbaycan dövlətinin əleyhinə bəyanatlar elə Azərbaycanın inkişafına mane olmaqdır. Bunu başqa cür yozmaq mümkün deyil.

– Yeri gəlmişkən, Sizcə bizim milli futbol məktəbimizin, məsələn, elə Mxitaryan səviyyəli futbolçu yetişdirə bilməməsinin səbəbi nədir?

– Bu yaxınlarda Salman Salmanovun nəvəsi Sədi Salmanovun müraciəti oldu. O, birbaşa Vahid Ələkbərov, Araz Ağalarov və digər oliqarxlara müraciət edərək deyirdi ki, baxın görün ermənilər ABŞ-da, Avropada, Rusiyada nələr edir, hansı lobbi fəaliyyəti qurur, millətini hansı formada müdafiə edirlər. Amma siz ayda 30-50 min xərcləyə bilmirsiniz? Belə bir məzmunda müraciət var. Qardaşım, bunun üçün milli istək, milli qeyrət, vətənpərvərlik lazımdır. Bizim xaricdə yaşayanlarımız, diasporamız, vətəndaşlarımız var. Bizim normal futbolçularımız olub və onlar gedib başqa komandalarda oynaya bilərdilər. Onları stimullaşdırmaq, kömək etmək lazımdır. Amma belə hallar olmayanda vətənpərvərlərimiz də az olur.

– Sosial şəbəkələrdə varsınızmı?

– Yox, mən özüm yoxam, amma müavinlərim, köməkçilərimin hamısı var. Yəni izləyə bilirəm.

– Yəni sosial şəbəkələrdə sizə münasibətin necə olduğunu araşdırır, bilirsiniz…

– Sözsüz ki, araşdırıram. Deyim ki, sosial şəbəkələrdəki istifadəçiləri bir neçə qrupa bölmək olar. Məsələn, müavinim Əbdülvahab Manafovun böyük dostluq şəbəkəsi var və orada ancaq intellektual müzakirələr aparılır. Başqasında tarix, ədəbiyyatla, elmlə bağlı auditoriya var. Amma siyasiləşmiş kütlə auditoriyasında söyüş daha çox olur. Mən bunu başa düşə bilmirəm. Kimsə fikri kontekstdən çıxarır və qoyur sosial şəbəkəyə, sonra başlayırlar söyməyə. Mən neyləyim? Ona görə özüm sosial şəbəkələrdə yoxam. Düzü, insan psixoloji vəziyyətini qorumalıdır. Durduğun yerdə dediyin sözlərin başına ip salıb başlayırlar söyüş və təhqirə. Bilmirəm, niyə belə oldu. Sosial şəbəkələrdə mənfi qüvvələrin çox olması da təəssüf yaradır.

– Ancaq siz parlamentin iclasında acıq dediniz ki, xalqa nə qədər can desək də, xalq bizə “azar” deyəcək. Əsas yoxdursa, insanlar, xalq niyə deputatı söyməli, onlara münasibəti mənfi olmalıdır?…

– Bildiyiniz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Ermənistan Xarici İşlər Nazirliyi arasında jurnalistlərin qarşılıqlı səfərləri və digər məsələlərlə bağlı müəyyən razılaşma əldə edilmişdi. Mən parlamentdə bu razılaşmanı kəskin tənqid etdim. Tənqid edən zaman adını çəkmək istəmədiyim parlament rəhbərlərindən biri söz alaraq dedi ki, bu sözlər xalqı çaşdırır. Mən o mənada dedim ki, biz xalqı çaşdırmırıq, onsuz da biz nə desək də, xalq bizə azar deyəcək. Amma biz xalqımızı sevirik, xidmət edirik. Çox təəssüflər olsun ki, bu fikirlərim də kontekstdən çıxarıldı və mənfi çalarla verildi. Mənim sözümü niyə kontekstdən çıxarırsınız, bunu araşdıran yoxdur, əvəzində məni xalq düşməni kimi təqdim edib söydürürlər. Açığını deyim ki, məni iqtidarda və müxalifətdə istəməyənlər var, düşmən münasibət bəsləyənlər var, əllərinə fürsət düşən kimi başlayırlar. Mən nə deyirəm ki? Deyirəm, gəlim milli mənsubiyyətimizə qayıdaq, övladlarımıza milli adlar qoyaq, hər şeyimizi milliləşdirək. Əlavə etmişəm ki, babalarımızın işlətdiyi milli ay adlarını işlədək. Bir ayın adını götürüb qoyurlar sosial şəbəkələrə və başlayırlar məni söyməyə. Mən bunu başa düşə bilmirəm. Dövlət himni haqqında danışarkən az qala məni vətən xaini elan edirdilər. Gördüyünüz kimi, himn aranjiman olundu və Formula yarışlarında oxunda da. Mən nə deyirdim ki? Deyirdim bunu sürətləndirək, təkmilləşdirək və qısaldaq. Elə də oldu. Nə qədər insan dedi ki, guya mən himni dəyişdirməyi təklif etmişəm, min cür sözlər və söyüşlər yazıldı. Belə hallara görə, inanın ki, artıq çıxış etmək belə istəmirəm. Çünki çıxışımın içindən bir cümlə tapıb qoyacaqlar ortaya. Sən özünü xalqdan, millətdən, dövlətdən ötrü yandır, onun üçün mərhumiyyətlərə hazır ol… İnsan nə qədər vicdansız olar? Mənim bəyəm villalarım var? Əməkhaqqımdan başqa nə gəlir yerim var ki? Amma var-dövlət, ailə-uşaq, sərvət haqqında nələr demirlər, yazmırlar? Qardaşlarım bu gün də işsizdi, birtəhər başlarını saxlayır. Qohum-əqrəba da işsizdir, ancaq bir övladım işləyir. İstəyən gedib araşdırsın, baxsın. Görsün qohumlarımın maddi vəziyyəti düzəlib, yaxşı iş tapıblar? Axı bu söyüş və təhqirlər nə üçündür?

– Deyirsiniz ki, sizi həm müxalifətdə, həm də hakimiyyətdə sevməyən şəxslər var və əslində sizi onlar söydürür. Müxalifətin sizi sevməməsi anlaşılandır, çünki o düşərgədən imtina etmişiniz, parlamentə getmisiniz və s. Bəs hakimiyyət daxilində sizə niyə düşmənçilik etsinlər?

– Əvvəla, mən fikir dəyişikliyi etməmişəm. Mən, o dövrdə belə müxalifəti tənqid edirdim. 2003-cü ildən sonra müxalifətin hakimiyyətə gəlmək şansını görmədim. Partiyamız qərar qəbul etdi ki, loyal mərkəz xətdə duraq. Yəni iqtidarın da, müxalifətin də yaxşı və pis tərəflərini görək. Açıq deyim, bəziləri razılaşmır, düşünür ki, bu haradan gəldi çıxdı, axı niyə Tahir Kərimli deputat olmalıdır və s.

– Hakimiyyətin içindən?

– İstəməyənlər var və bu təbiidir. Nə deyim. Çox təəssüf edirəm.

– Onların kim olduğunu bilirsiniz?

– Onu bilirəm ki, cənab Prezident səviyyəsində mənə pis münasibət yoxdur. Mən dövlətimi müdafiə edirəm. Mən cənab Prezident deyirəm, mən nə deyirəm ki? Ömrümdə yaltaqlıq etməmişəm. Mən dövlətimi, sabitliyi müdafiə edirəm. Elə iqtidarın da, müxalifətin də haqq işini müdafiə edirəm. Uşaq pulu, kreditlər, Ağsu-İsmayıllının problemləri, şəhid puluna qədər elə məsələ yoxdur ki, mən bu haqda çıxış etməyim. Yəni millətin elə dərdi olmayıb ki, mən o mövzuda susub danışmayım. İndi biri müxalifətə yozur, biri iqtidara.

– Hakimiyyətin daxilində mübarizə getdiyi deyilir. Ola bilərmi ki, siz bu qruplardan birinə yaxın olduğunuz üçün digər cinah sizi vurur?…

– Mən heç bir qruplaşmanı qəbul etməmişəm və heç birinə də yaxın ola bilmərəm. Bəzən müxalifət içində kimlərsə deyir ki, Tahir getdi iqtidarın qarşısında diz çökdü. Mən diz çökməmişəm. Xalq, seçici məni seçib. İqtidar da sağ olsun ki, xalqın seçimini təsdiq edib. Kiminsə səsini oğurlamamışam. İndi durum deyim ki, ay iqtidar, niyə məni parlamentə buraxmısan?

– İqtirdakıların da sizi sevməmələri maraqlıdır…

– Siz, məni əvvəldən tanıyırsınız və bilirsiniz ki, mən qrup adamı deyiləm. Hələ yüksək vəzifədə çalışarkən dövlətim naminə Prezident Elçibəylə münasibətlərim pis olub. Mən dövlətimdən və millətimdən başqa nə mənafe, nə də qrup tanımıram. Mən dövlətimə, millətimə və seçicilərimə xidmət edirəm.

Related Articles

050-295-94-79
top