“Həbsimi sifariş etmişdilər” – Təranə Səmədova ilk dəfə danışdı – Video

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Prodüser Təranə Səmədova… Son günlər mediada adı ən çox hallanan simalardan biridir. Həbs edilməsi qədər, azadlığa çıxması da səs-küy yaratdı. İlk vaxtlar heç kimə müsahibə verməyəcəyini desə də, “saqqızını” oğurlaya bildik. Kameramız qarşısına keçib 6 ay 6 gün həbsxanada yaşadıqlarını bölüşdü. Suallarımızı cavablandırarkən gah ağladı, gah güldü.

Təranə Səmədovanın Axşam.az-a müsahibəsini təqdim edirik:

– (Zəhra Əhmədova) Artıq 3 həftədir azadlıqdasınız. Həyatınızda nə dəyişiklik hiss edirsiniz?

– Mənə sual verirdilər ki, nə edəcəksən? Çıxan kimi işə davam edəcəksən? Deyirdim, bilmirəm. Düşünürdüm ki, cəmiyyətin qınağı, gerçəyi bilmədən insanın üstünə getməyi var. Şərhlər məni qorxudurdu. Çıxandan sonra hamının mənə arxa çevirəcəyini, daha soyuq münasibət bəsləyəcəyini düşünürdüm. Mənə qəribə və yuxarıdan aşağı baxacaqlar. Amma əksini gördüm, heç gözləmədiyim insanlar belə mənə bir addım yaxın gəldi. Hələ azadlığa tam alışa bilmirəm.

– Yəqin orada olanda planlar qururdunuz…

– Fikirləşirdim ki, buradan çıxıb, özümü anama və övladıma həsr edəcəm. Heç vaxt fikirləşmədim ki, gedib layihələr edəcəm, iş görəcəm… Əminlik var ki, nəsə etsəm, əvvəkindən uğurlu olacaq. Orada bizə nəzarət edən insanlar təsəlli verirdilər ki, dahi, görkəmli insanların belə buradan yolu keçib. Həyat sınağıdır, əzilmə, özünə qapanma.

“QINAQLARDAN QORXURDUM…”

– Həbsxanaya düşmək tənqid olunası bir durum deyil. Heç kim heç nədən sığortalanmayıb. Amma açıq etiraf edək ki, cəmiyyətimizdə belə bir düşüncə var: həbsxanada yatan insana başqa cür baxırlar. Hamı onları bir növ qınayır.

– Çox böyük qınaq gözləyirdim, qorxurdum da… Ən çox çəkindiyim də bu idi. Elə məqamlar var ki, susmalıyam. Elə bir şeydə ittiham olundum ki, ağırdır. Çəkisi çox ağırdır, onu daşımaq çətindir.

– Dəfələrlə məhkəmə olmuşdu, hamı aranın sakitləşdiyini düşünürdü. Amma qəfil Təranənin məhkəmə zalından həbs edildiyi xəbəri yayıldı.

– Qətiyyən gözləmirdim. Müəyyən vaxt cəza çəkib, azadlığa çıxandan sonra nələrsə danışmaq, onların mənim əleyhimə çevrilməsini istəmirəm. Susmağı seçirəm… Məhkəmədə bəraət alacağıma ümid edirdim. Üsyançı obrazı yaratmaq istəmirəm. Mən orada susmağı öyrəndim.

“HƏBSİMİ SİFARİŞ ETMİŞDİLƏR”

– Hətta ətrafda danışıldı ki, kimlərsə sənin həbsini istəyib, sifariş verilib.

– Bunu mən də eşitdim. Bir yox, bir neçə insan bunun kimin arzusu olduğunu dedi.  Həbsimi sifariş etdilər… Hər dəfə məhkəməyə gələndə düşünürdüm ki, buradan azadlığa buraxılacam. Amma məyus halda yenidən həbsxanaya qayıdırdım. İçəri girəcəyimi düşünmürdüm. Vəkillər əlindən gələni edirdi. Hətta mənə “Ən yüngül cəza veriləcək, amma övladının yanında olacaqsan” vədi verildi. Deyirdim, eybi yox, nahaqdan “məhkum” adı alaram, amma azadlıqda olaram. Nə azadlıq, mən hətta nahaqdan həbs də yatdım. Azərbaycanda yaxşı qanunlar var. Müəyyən vəzifədə oturanlar onlardan aşağıda əyləşənlərin hər əməlindən xəbərdar deyillər. Hər məhkəmədə, apellyasiyada ümid edirdim ki, gedəcəm evə. Son gün məhkəmə zalından çıxdım, arxamca gələnlərə dedim, olmadı (ağlayır). Həyatda kimisə qınamışamsa, bir balaca mənfi düşüncəm olubsa, hər şeyi yaşayıram. İnsan kimisə qınayırsa, onu yaşamadan bu dünyadan köçməyəcək. Mənə bu pislikləri edənlər dünyanı tutub durmayacaqlar ki…

“MƏHKƏMƏDƏ ÜZÜMƏ DURDULAR”

– (Pərviz Hüseyn) Hər dəfə ümidlə məhkəmə zalına gəlirdin. Ümidin boşa çıxırdı…

– Həyatda hər zaman qalib ola bilməzsən. Müəyyən məqamda məğlub olmalısan, dostu düşməndən ayıra bilmək üçün lazımdır. Bu pisliyi mənə edənlər… Şərhlərdə oxuyuram, məndən şikayət edən insanları qurban kimi qələmə verirlər: onların da anası var. O qınayan insanlar həmin şəxslərin həyatına kənardan baxsınlar. Görün, o şikayət edənlər əziyyət çəkən ananın övladlarına oxşayır? Cəmiyyətin çox yüngül həyat tərzi keçirən üzvləridir. Onlar üçün bu həyatda itirəcək heç nə yoxdur. Belə bir oyunun qurbanı olmaq dəhşətdir. Onlar vicdan əzabı çəkən deyildi. Günahı özümdə görürəm. O qədər ürəyi yumşaq olmuşam. Kimsənin qəlbinə dəyə bilmirdim. Yüngül həyat tərzi yaşayan, hansısa əxlaqsızlıq edənlərin mənfi tərəfin heç vaxt görmürdüm. Hər zaman deyirdim ki, hərənin öz həyatı var. Bu sınaq dövrü mənə öyrətdi ki, kimisə yazıq olduğu üçün yaxına buraxmaq olmaz. Özümü qınayıram ki, niyə mən onlara sirrimi dedim? Boşluqlarımdan istifadə edib, məhkəmədə üzümə durdular.

Related Articles

050-295-94-79
top