Xalq artisti Laçının işğal günü erməni bayrağı ilə konsert verib?

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xalq artisti Eyyub Yaqubovun mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub.
E.Yaqubovun işğal günü konsert verməsi bir yana dursun, səhnədəki video-kadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Zəngimizə onun köməkçisi cavab verdi və mayın 30-da E.Yaqubovun Azərbaycana qayıdacağını, ondan sonra açıqlama verəcəklərini bildirdi.
E.Yaqubovun mahnı səsləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub. Dərnəyin rəhbəri Ayə Coşqun “Yeni Müsavat”a açıqlamasında bunun təxribat olduğunu söylədi: “Biz İsveçin Malmö şəhərində fəaliyyət göstəririk. Hər il Cümhuriyyət bayramına iki ay qalmış planımızı hazırlayırıq. İsveç hökumətinə bu barədə məlumat veririk. Bu tədbirin Azərbaycanla heç bir əlaqəsi yoxdur. İsveçdə keçirilən bütün tədbirlərin məsuliyyəti bu hökumətin üzərinə düşür. Hər il Cümhuriyyət gününü qeyd etdiyimiz üçün təqvimə əvvəlcədən baxırıq. İşğal və digər bizim üçün ağrılı günlərə tədbirlər salmırıq. Allaha şükür oxumuşuq, bilirik ki, 17 may Laçının işğal günüdür. Mən aidiyyəti şəxslərə dedim ki, bizə 17 maydan savayı hansı gün konsert zalı təşkil edə bilərsiniz. Onlar bizə dedilər ki, ya cümə, ya da şənbə günü ola bilər. 17-nə qəti etiraz bildirmişəm. İndi burada belə bir məsələ qaldırmaq ki, Eyyub bəy 17 may günü konsert verib, bu, ona qarşı çox böyük haqsızlıqdır. Çünki konsert 18-də baş tutub. İsveç hökuməti bizə 2 gündən birini təklif edib və biz də məcbur qalıb 18 mayı seçmişik. Bu, mənim Azərbaycan Dərnəyinin rəhbəri kimi fəaliyyətimə haqsızlıqdır. Feysbuqda Eyyub bəyin erməni bayrağı ilə fotosu verilir. Buna çox üzüldüm. Əvvəla, o çəkdiyimiz filmdən bir fraqmentdir. Əvvəldə, şəhidlərimizin, Böyük Məmməd Əmin Rəsulzadənin ruhu yad edilir. 1918-ci ildən bu yana qədər tarixi şəxsiyyətlərimizlə bağlı film göstərilib. İşğal edilən ərazilərimiz o filmdə göstərilib və orada Rusiya, İran, Türkiyə, Ermənistan bayraqları da keçib. Niyə məhz erməni bayrağı ilə Eyyub bəyin fotosu verilib? Bu Eyyub bəyə hörmətsizlikdir. Çünki Eyyub bəy heç zaman Azərbaycanda siyasətə qarışmayıb. Onun kimi insana bunları etmək ilk növbədə, mənə qarşı həqarətdir. Bu mənim və İsveç dövlətinin əməyinə də həqarətdir.
Sizlərdən xahiş edirəm ki, diaspora təşkilatımızın 10 illiyinə qarşı olan bu hörmətsizliyə imkan verməyin. Çünki tədbirdə Azərbaycanla bağlı tarixi film göstərilib. Film 15 dəqiqə sürüb. Tədbirin əvvəlində Rəsulzadədən, işğal altında olan torpaqlarımızdan və digər məsələlərdən söhbət açılıb. Bizə təbii ki, sərhəd olan ölkələr filmdə keçməli idi. Ermənilər torpaqlarımızı işğal ediblər və o hissədə onların bayrağı keçib. Mənim adıma yaraşmaz ki, səhnədə düşmənlərimin bayrağını göstərək. Mən xalq şairi İsgəndər Coşqunun qızıyam. Dövlətçiliyimiz bizim üçün əsasdır. İsveç parlamentində ”erməni soyqırımı”nı tanıdıqları üçün məsələ qaldırmışıq. Belə bir əmək verdiyim yerdə əməyimin bu cür yerə vurulmasına çox üzüldüm. Bunu kim edibsə, şəxsən onun gözlərinin içinə baxıb danışmaq istəyirəm. Bu filmi kim istəyirsə, bütövlükdə göndərə bilərəm. Heç kimə hesabat vermək zorunda deyiləm. Sadəcə, olanları deyirəm. Biz tarixi göstərmişik. Məntiqlə düşünün, səbəbsiz necə tədbirimdə erməni bayrağını nümayiş etdirə bilərəm? Məni tanıyan yaxşı tanıyır. Kim istəsə, buradakı fəaliyyətimlə maraqlanar. Burada Eyyub bəylik heç nə yoxdur. Eyyub bəy İsveç dövlətinin dəvəti ilə gəlib”.

İsveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təmsilçisi Kənan Hacıəkbəroğlu isə kifayət qədər sərt danışdı:“İstənilən iş görüləndə tarixə çox diqqət edilir. Burada tədbirin təşkilatçısı birbaşa məsuliyyət daşıyır. Eyyub Yaqubov da birbaşa günahkardır. Ortada bir razılıq var ki, filan vaxtı, filan saatda konsert olacaq. Bu da azından bir ay öncədən məlum olur. Təşkilatçının bunu bilərəkdən və ya bilməyərəkdən etdiyini deyə bilmərəm, sadəcə, günahkar olduğunu əminliklə söyləyirəm. Bu azərbaycanlıların tarixlərini unutmaq üçün təşkil edilmiş kampaniyanın tərkib hissələrindən biri də ola bilər. Necə 17 mayı unutmaq olar? Belə işlərə diaspora da diqqət etməlidir. Doğrudur, diaspora dərnəklərin işinə qarışa bilmir. Buradakı fürsətdən istifadə edib məlumat verirəm ki, iyulun 23-də Ağdamın işğal günündə BMT-nin Almaniyadakı ofisi qarşısında aksiya keçirəcəyik. Öz torpaqlarımıza getmək istədiyimizi bəyan edəcəyik. Vətənpərvər insanlar kimi bunu ardıcıl şəkildə etmək istəyirik. Kimsə pul qazanacaqsa, bunu tariximizə hörmətsizlik etməklə əldə etməməlidir. Konsertdə iştirak edən azərbaycanlılar olub, hətta rəqs də ediblər. Onların 90%-i feysbuq qəhrəmanlarıdır. Onların belə hərəkətləri yolverilməzdir. Onlara necə vətənpərvər demək olar? Onlar vətən üçün mübarizə aparmayıblar. Şəxsi maraqlarını öndə tutan insanlardır. O tədbirdə iştirak edənlər vətənpərvər deyillər. Orada erməni bayrağının ayaqqabı altında olması önəmli deyil, Laçının işğal günü konsert verməsi daha önəmlidir. Xalq artisti öz tarixini bilmir? Bilmirsə, demək problem özündədir. Xocalı soyqırımı günü toy etmək olar? 27 ildir 26 fevralın soyqırımı olduğunu təbliğ etmişik. Laçının işğal günü pul qazanmaq eşqi ilə konsert vermək bu təbliğata zərbə deyilmi?”


Related Articles

050-295-94-79
top