TƏRTƏRDƏ KƏNDLİLƏR DAD ÇƏKİRLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Verilən xəbərə görə, Seydimli kənd sakini deyir, üzərində idman kompleksi tikilən pay topağına görə ona kompensasiya ödənilməyib

“Pay torpaqlarımızı zəbt ediblər, üzərində idman kompleksi tikirlər. Ancaq nə torpaq sahibinin razılığı alınıb, nə kompensasiya ödənilib. Tək mən deyiləm, kənddən bir neçə nəfər də var ki, torpaqlarının bir hissəsi zəbt olunub. Mənim həm özümün, həm oğlumun, həm də qızımın ailəsinin torpaqlarından götürüblər. Oralar bizim əkin yerlərimiz idi”.

Tərtər rayonunun Seydimli kənd sakini Nail Hüseynovun dediyinə görə, kənddə vaxtilə ailəsinə pay torpağı kimi ayrılmış 1,30 hektar sahənin 63 sotu zəbt olunub. “TOP QRUP” MMC torpaqların yerləşdiyi ərazidə Tərtər Olimpiya İdman Kompleksi tikir. Nəticədə kəndlilərə məxsus torpaq sahələrinin bir hissəsi də tikilinin altında qalıb.
O torpaqlarda pambıq, taxıl əkirdik”

Nail Hüseynov əlindən çıxan torpaq sahəsində uzun illər pambıq, taxıl əkir, satır, dolanırmış:

“O torpaqlar bizə əkin məqsədilə pay torpaqları kimi verilmişdi. Mülkiyyətçi olduğumuzu təsdiqləyən sənədlərimiz də var. Ancaq kompensasiya tələb edəndə “dövlət tikir” deyirlər. Dövlət idman kompleksi tikir deyə, torpağım əlimdən alınmalıdır? Kənddə hamı əkinlə dolanır. Adamların dolanışıq yerini əlindən alıb idman zalı tikməzlər. Yəqin ki, tikinti başa çatandan sonra torpaqlarımızın qalan hissəsində – binaya yaxın olan ərazidə də əkin işləri aparılmasına icazə verilməyəcək. 50-60 sot da elə itirəcəyik…”

“ Ac kəndli neynir idmanı?”

Nail Hüseynov deyir, kəndlilərə məxsus torpaqların bir hissəsi kompleksin inşasına görə əllərindən alındıqdan sonra, əkin işiylə məşğul ola bilmirlər:

“Biz kəndlilər düz 6 ildir ki, əkin işləri görə bilmirik. Problem təkcə tikinti altına düşən torpaqlarla bağlı deyil. Həmin torpaqlara bitişik qalan hissəsindən də istifadə edə bilmirik. Betonqarışıq çirkab sular sahələrə axıdılır, torpaqlarımız yararsız vəziyyətə düşür. Bəlkə də bunu qəsdən edirlər ki, sabah taxıl bitməyəndə əlimizi torpaqdan yerli-dibli üzək, qalsın onlara… Ərazidə ağır texnikalar işləyəndə bizi torpaqlarımıza buraxmırlar ki, burda iş gedir. Əl-qolumuz bağlanıb, kompensasiya, kənddə baş qatmağa, çörək qazanmağa iş yox… Bir idman kompleksinə görə bütöv bir kəndə zülm eləyirlər. Ac kəndli neynir idmanı? Üstəlik də, sabah istifadəyə veriləndə pullu olacaq, heç qapısına yaxın düşə bilməyəcəyik. Torpaqlarımız əlimizdən alınır, öz istirahətləri üçün obyektlərə çevrilir”.
Nail Hüseynovun dediyinə görə, ona təklif olunan ərazi əkinə yararlı torpaq sahəsi deyil:

“Əvvəla, mənə məxsus olan və zəbt etdikləri torpaq sahəsi təklif olunan torpaqdan baha idi, ona görə də 63 sotun qarşılığında 1 hektar təklif etmişdilər. İcra hakimiyyəti evimin yaxınlığında, əkinə yararlı torpaq verilməsini tapşırmışdı, bələdiyyə isə mənə deyilən torpaqdan xeyli uzaqda yerləşən torpaq sahəsini göstərdi, dedi, istəyirsənsə, bunu sənin adına sənədləşdirək. Yəni, bunu vətəndaşa yaxşılıq kimi hesab etməyin. Mənim torpağım əkinə yararlı, rahat bir yerdəydi. Təklif olunan daş-çınqıllı yerə isə iti də bağlasan, dayanmaz. O yer əkin üçün tamamilə yararsızdır. Bir yerdə ki, əkin işləri apara bilməyəcəm, əkdiyim bitməyəcək, mən o yeri niyə qəbul etməliydim? İmtina etmək hüququm idi, imtina etdim. Tələb etdim ki, mənə əkinə yararlı yer verin. Öz istədikləri yerdən təklif edirlər. Deyirlər, budur, ya götür, ya da bizlik deyil. O torpaqlar ki, əkinə yararlıdır, o yerdən ki, torpaq istəyirəm, mənə verə bilmirlər, çünki başqa-başqa adamlara satıblar, ya icarəyə veriblər…”
“Məhkəməyə müraciət edə bilər”

Nail Hüseynov dövlət qurumlarına müraciət edib. Hətta Baş Prokurorluğa da yazıb. Ancaq bütün məktubları araşdırılması üçün yerli icra hakimiyyətinə göndərilib. Əmlak Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi isə vətəndaşa məsələsinin mülki mübahisə olduğunu bildirərək məhkəməyə müraciət etməsini tövsiyə edib.

Gənclər və İdman Nazirliyi də Tərtər Rayon İcra Hakimiyyətinə göndərdiyi məktubda məsələsinin qanunauyğun şəkildə həll olunmasını və nəticəsi barədə quruma rəsmi məlumat verilməsini xahiş edib.

Hüquqşünas Namizəd Səfərov deyir, əgər dövlət qurumu vətəndaşı razı salmayıbsa, o, məhkəməyə müraciət edə bilər: “Vətəndaş yerli icra hakimiyyətinə qarşı dövlət ehtiyatları üçün ayrılan torpaqlara görə kompensasiya iddiası ilə ərazi üzrə inzibati iqtisad məhkəməsinə müraciət etməlidir. Kompensasiyanın torpağın əvəzi olaraq başqa yerdə torpaq sahəsi, yaxud nağd pul şəklində ödənilməsi vətəndaşın istəyindən asılıdır”.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!

Teref.az

Related Articles

050-295-94-79
top