Namiq Məna həmkarlarını topa tutdu

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Tanınmış meyxanaçı Namiq Məna BakuPost-a müsahibə verib. O, meyxananın tarixindən, ciddi sənətə çevrilməsində görüləcək işlərdən, elmi kitabının yazılmasından danışıb. – Namiq bəy, siz meyxanaçısınız, yoxsa bədiyyəçi? – Bildiyiniz kimi, bədiyyə janrı Şifahi Xalq Ədəbiyyatının bir qoludur. Mən araşdırmışam bu janrı, Folklor institutuna da müraciət etmişəm. Bu janrı Məşədi Baba da təsdiq edib ki, bədiyyədir. Mirzə Ələkbər Sabir də əruzda yazıb, çox vaxt bədahətən deyib. Seyid Əzimi də misal çəkə bilərik. Yəni bu insanlar bədiyyə yazıblar, deyiblər. Bütün bu faktlara, alimlərin fikirlərinə istinadən deyirəm ki, meyxana sözündən çox bu janra bədiyyə daha yaxındır. Zaman-zaman forma etibarı ilə dəyişilib, musiqi qatılıb. Əvvəl səridə deyilirdisə, indi daha çox bəhrlərdən istifadə olunur. Bu gün meyxana deyənlər çoxalıb. O vaxt bu janrın daşıyıcıları əsasən Ağasəlim Çıldaq və Nizami Rəmzi idi. Sonra biz gəldik, onlardan bəhrələndik. Nizami musiqi gətirdi. Onların hər ikisinin bu janrda xidmətləri olub. Mən hələ universitet oxuyandan bəri bu məsələ məni narahat edib. Həmişə düşünmüşəm ki, niyə bu janrı mey xanalara sürükləyirlər. 
– Sovet vaxtı niyə meyxana qadağan olunmuşdu?– Ona görə ki, camaatın problemlərin şairlər görən kimi, bədahətən deyirdilər. Bu da sovetə sərf etmirdi. Bəzən toyun sonunda meyxana deməyə icazə verilirdi. Ona görə sona salınırdı ki, hamı axıra qədər toyda otursun, dinləsin. Burada publika çox önəmlidir.
– Meyxana deyən insanlara baxanda görürük ki, onların əksəriyyətinin yüksək intellekti, məntiqi düşüncəsi var. Bəs, onlar indiyə qədər niyə meyxananı küçədən, tinlərdən yığıb sənətə gətirə bilməyiblər?– Mən universitetdə təhsil alanda da deyirdilər ki, meyxana küçə folklorudur. Amma qəti belə deyil. Çünki sovet dönəmində meyxana gözdən salınıb. O dövr üçün təhlükə mənbəyi idi. 1801-ci ildə Mirzə Bağır adlı meyxanaçı olub. Onun haqqında kitab var məndə. Yəni meyxananın böyük tarixi var.
– Necə edək ki, meyxananı sənətə tərəf gətirək?– Mən bir neçə il öncə də Həkim Qəni, Baba Pünhan kimi sənətkarlarla oturmuşam, bu barədə müzakirələr eləmişik. Onlar da söyləyirdilər ki, bu, bədiyyədir. O vaxt bu janrın daşıyıcılarına meyxanaçı yox, bədiyyəxan deyirdilər. Mən bunun üçün çox çalışmışam. Sənət yoldaşlarım tərəfindən qısqanclıqlar gördüm. Amma alimlər, filoloqlarla geniş söbətlərimiz olub. Onlar hamısı mənimlə razılaşıblar.
– Yəni siz meyxananı sənətə çevirməyə çalışırsınız, amma həmkarlarınız, yoldaşlarınız buna imkan vermirlər, qısqanırlar?– Bəli, bəzi sənət yoldaşlarım elə düşünürlər ki, mən meyxananın bədiyyə kimi tarixə düşməyində istəyirəm ki, özüm də tarixə düşüm. Mənim elə bir fikrim yoxdur, onlar cılız düşünürlər. Janrda olan qeyri-etik sözlər, neqativ halları aradan götürmək istəyirdim. İmkan vermədilər. Amma bu barədə mən gələcəkdə böyük işlər görmək istəyirəm, planlarım var. Meyxananın elmi kitabını yazmağı düşünürəm. Meyxananın kitabını yazsam, onun incəliklərini açıb geniş ictimaiyyətə göstərərəm. Burda nitq mədəniyyəti var. İntellektli, ali təhsilli meyxana deyən gənclər var ki, onlarla nəsə eləmək olar. Savadı olmayan insanlarla danışmaq isə çox çətindir.
– Meyxanaçılar arasında savadsızlar çoxdur?– Təbii ki, savadsız meyxana deyənlər var. Fikri əsaslandırmaq lazımdır. Mən deyirəm ki, bu bədiyyədir. Kim gəlib meyxananı mənə izah etsə, mən ona nə istəsə hədiyyə edərəm. 
– Namiq bəy, bəlkə meyxananın sənətə çevrilməsini istəməyən savadsız dediyiniz o insanlar elə düşünürlər ki, meyxana ciddi janr olsa, oradan pul gəlməyəcək və bu qorxu onların qarşısını alır?– Yenə də el şənliyində iştirak etsinlər də. Mən elə görürəm ki, çayxanalarda meyxana deyirlər. Onlara deyirəm ki, gedin mədəniyyət evlərində deyin. Məncə, burada zamana ehtiyac var. 
– Sizcə, meyxananın bugünkü səviyyəsində xalqın istəyinin rolu varmı? – Hər bir janrın daşıyıcısı onu cəmiyyətə necə təqdim edirsə, elə qarşılanır. Elə adamlar olub ki, 20 nəfərlik məclisdə şeir deyib, mən onun şeirinin dalını bədahətən demişəm və mənə bildirib ki, bu janrı ona sevdirdim.
– Siz meyxanaçı Namiq Məna olaraq bu gün AYB üzvüsünüz, bölmə sədrisiniz, xeyli ciddi işlər görmüsünüz. Siz bunu bacarmısınızsa, deməli, Rəşad Dağlı, Pərviz Bülbülə kimi gənc bədiyyəçilər də bacarar.– Adlarını çəkdiyin gənclər potensiallı gənclərdir. Mən düşünürəm ki, gərək 20 il qabaq AYB üzvü olardım. AYB-nin Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan bölmələrinin sədriyəm. Mən ora sədr seçiləndə bəzi insanlar tərəfindən etirazlarla qarşılaşdım. Onlar sonradan məni tanıdılar və gördülər ki, ciddi işlər görürəm. 100-ə yaxın tədbir keçirmişəm. Sağ olsun Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik müəllim, bizə hər cürə şərait yaratdı. Zal ayrıldı, tədbirlərimizi keçiririk. Hər yerdən bizə müraciət edirlər, üzv olurlar. 
– Gördüyünüz işlər sizin gəlirinizə təsir elədimi? Yəni toylara gedib pul qazanırdınız, indi bu işlərlə məşğulsunuz.– Bunların hamısını öz gücümə eləmişəm. Toylardan götürdüyüm gəlirləri bu sahəyə xərcləyirəm. Arzularım çox böyükdür. Gənclərin kitablarını çıxardıram, sərhəddə, hərbi hissələrdə tədbirlər keçirirəm.
– Bayaq “fanat ordusu” sözlərini işlətdiniz. Ölkədə kifayət qədər istedadlı şairlər var. Məsələn, sizin fanat ordunuzun dəstəyi ilə Aqşin Yeniseyin kitabının satışına kömək etmək olmazmı?– Bizim bölməmiz fəaliyyət göstərdiyi müddətdə bir neçə kitabımız çap olunub. Azərbaycan elə bir diyardır ki, hər daşının altında bir istedad yatır. Mənə görə hər kəsin istedadı var, sadəcə onu axtarıb tapmaq lazımdır. Elə gənclər var ki, mən o gənclərin şeirlərini oxuyanda kövrəlirəm, amma tanınmırlar. Yaradıcı insanlara nə lazımdır ki? Diqqət, qayğı, kitabı çap olunsun. Biz əlimizdən gələni edirik.
– Bir toya neçəyə gedirsiniz?– Baxır el şənliyinə. Mən qazandığım hər uğura görə xalqıma borcluyam. Məni Namiq Məna edən xalqdır, dövlətimizin göstərdiyi etimaddır. Mən bu janrla Amerikaya qədər getmişəm. Toyuna çağıran adam məni nə qədər dəyərləndirirsə, ona qane oluram, kifayətlənirəm. Adam var, telefonda səninlə danışanda hiss edirsən ki, səni çox istəyir. Pul verməsə də, gedib iştirak edirsən. Elə məclis olur ki, iş adamı sənə yetərli hörmət edir. Mən madiyyatı düşünüb dalınca qaçmıram. Mənə yarışmada qalib olduğuma görə maşın verdilər, onu da uşaq evinə bağışladım. Mən hazırda sənət üçün çalışıram. 
– Nə vaxtsa demisiniz ki, atım bu meyxananı, gedib başqa bir işlə məşğul olum?!– Mənim ən yaxın dostlarımdan biri meyxanadır. Buna görə çox əziyyət çəkmişəm. Mənə bugünkü hörməti meyxana verib. Mən onu heç vaxt ata bilmərəm. Universitetdə bir tədbirdə bədahətən bədiyyə dedim. Fəlsəfə müəllimim mənə dedi ki, sən bu qədər mənalı sözlər deyirsən, gəl sənə “Məna” təxəllüsü verim. O vaxtdan “Məna” təxəllüsü qaldı məndə. Bəzən adam düşünür ki, bəlkə başqa sənətə yiyələnsəydim, bundan da çox uğur qazanardım. Amma hər şey qismət məsələsidir.
– Gələcək üçün konkret hədəfiniz nədir?– Bədiyyə janrında istədiyim işləri görə bilsəm, düşünərəm ki, hə, dərindən nəfəs alıb dincəlmək olar. O zaman rahat ölə bilərəm. Bu janr çox gözəl janrdır. Mən çalışıram ki, meyxananın elmi kitabını yazım. Bunun üçün alimlərimizə və sənət yoldaşlarıma ehtiyacım var.   

Related Articles

050-295-94-79
top